• cümə, 26 Aprel, 15:14
  • Baku Bakı 23°C

Bakı metrosunun qrunt sularından necə istifadə oluna bilər?

28.07.20 19:47 830
Bakı metrosunun qrunt sularından necə istifadə oluna bilər?
Mütəxəssislər bunu faydalı hesab etsələr də, böyük perspektiv də gözləmirlər

Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq. Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda deyilir. Tədbirlər Planında Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının tullantı suları şəbəkəsinə axıdılmadan xaric edilməsi və həmin sulardan istifadə imkanlarının araşdırılması, müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.
Bundan başqa, Tədbirlər Planında alternativ mənbələrdən, o cümlədən qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin və subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydasının layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi öz əksini tapıb. Bəs görəsən Bakı Metropolitenində toplaşan qrunt sularından istifadə nə dərəcədə realdır? Bu sudan istifadə səmərəliliyi artıracaqmı?

Ekoloq Fəqan Əliyev deyir ki, Bakı Metropolitenində toplanan qrunt sularından istifadə edilə bilər. Amma bu, elmi yanaşma tələbə edən bir məsələdir: "Həqiqətən də ölkəmizdə böyük su itkilərinə yol verilir. Bu itkinin təqribi həcmi 40 faizə qədərdir. Bu çox böyük bir israfçılıq deməkdir. Dünyanın heç bir ölkəsində bu qədər su itkisinə yol verilmir. Bunun nəticəsidir ki, hazırda biz şirin su qıtlığı təhlükəsi ilə üzbəüz dayanmışıq. Ona görə də hesab edirəm ki, ilk növbədə bu itkilərin həcmi azaldılmalıdır. Kommunal təsərrüfatda, sənayedə, meliorasiya işlərində böyük israfçılığa yol verilir. Bu itkilərin qarşısının alınması üçün dövlət proqramı tərtib olunmalıdır. Bu isə asan məsələ deyil və elmi-tədqiqat işi tələb edir. Şirin su qıtlığı hazırda bütün Azərbaycanı narahat edən məsələdir. Ona görə də bu məsələ prioritet istiqamət kimi diqqətdə saxlanılmalıdır. Dövlət başçısı da ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda bu məsələyə toxundu. Sudan səmərəli istifadə etmək hazırda ən böyük problemdir. Su çatışmazlığının aradan qaldırılması üçün müxtəlif üsullar həll yolu kimi təqdim edilir. Bunlardan biri də qrunt sularının səmərəli istifadəsi məsələsidir. Bu çox düzgün addımdır. Qrunt sularının səmərəliliyi artırılarsa, təsərrüfatda istifadə etmək olar. Yağış sularından, yeraltı qrunt sularından istifadə etmək vacibdir. Metropolitenin qrunt suyundan da istifadə etmək lazımdır. Metroda kondisioner-ventilyator sistemi, müxtəlif soyuducu sistemlər var. Bütün bu məsələlər kompleks yanaşma tələb edir”.
Aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı deyir ki, metrodakı qrunt sularından istifadə etmək olar. Amma bu çox da səmərəli deyil: "Hazırda şirin su qıtlığı ilə bağlı təhlükə qarşısındayıq. Bunun əsas səbəbi də sudan səmərəsiz istifadə etməyimizlə bağlıdır. Ona görə sudan istifadənin səmərəliliyini mümkün qədər artırmalıyıq. Azərbaycanın əsas su ehtiyatları Kür-Araz çaylarında formalaşır. Digər su ehtiyatlarımız lokal miqyasdadır. Su ehtiyatlarımızın bir hissəsini də yeraltı qrunt suları təşkil edir. Düzdür, bütün bölgələrdəki qrunt sularından istifadə etmək mümkün deyil. Çünki bəzi regionlarda duzluluq səviyyəsi çox yüksəkdir. Amma dağlıq və dağətəyi bölgələrdə imkanlar genişdir. Amma bəzi ərazilərdə bu suların yer səthinə yaxın hissəsində çirklənmə müşahidə edilir. Bakı Metropolitenindəki yeraltı qrunt sularından səmərəli istifadəyə gəlincə isə, bu, faydalı bir addım olardı. Amma açığı, çox ciddi perspektiv gözləmək olmaz. Çünki Bakı Metropoliteni təkcə Bakı şəhərindədir. Bu ərazidəkı yeraltı sular şor sudur. Yalnız istisna olaraq bəzi ərazilərdə əvvəllər də quyular olub. Bu quyuların suyundan içməli su kimi istifadə edilib. Amma bu suyun miqdarı çox azdır. Yeraltı qrunt sularını təmizləmək imkanları bir daha nəzərdən keçirilməlidir. Bu təcrübədən dünyada geniş istifadə olunur. Bütövlükdə götürdükdə isə, su ehtiyatlarına yanaşma tərzi dəyişməlidir. Ölkəmizdə su itkilərinin həcmi böyük miqdardadır. Biz bu kimi əsas məsələləri nəzərdən keçirməliyik. Bölgələr üzrə şirin su ilə bağlı ətraflı araşdırmalar aparılmalı, elmi tədqiqat işləri görülməlidir”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər