AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakı Media Mərkəzinin və “Buta Film”in birgə istehsalı olan filmin ilk təqdimat videosu yayılıb

Bakı Media Mərkəzinin və “Buta Film”in birgə istehsalı olan filmin ilk təqdimat videosu yayılıb

Mədəniyyət
19 May 2020, 19:23 625
Bakı Media Mərkəzi və "Buta Film” şirkətlərinin birgə istehsalı olan "Suğra və oğulları” filminin ilk təqdimat videosu tamaşaçıların ixtiyarına verilib.
Bakı Media Mərkəzindən AZƏRTAC-a bildirilib ki, çəkilişlərində Almaniyanın "Salar Film” və Fransanın "Arizona Production” şirkətləri ilə yaxından əməkdaşlıq edilən filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs olunur.
Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Maraqlı süjet xətti olan filmdə Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir. Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.
Ssenari müəlliflərindən biri və rejissoru İlqar Nəcəf olan "Suğra və oğulları” filminin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb. Filmin quruluşcu operatoru Avropa Kino Akademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Michael Menzke (Almaniya), filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboadır (Niderland).
Ekran əsərində tanınmış aktyorlar Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, sənətdə debüt edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar. Bu gənclər Daşkəsən rayonunun sakinləridir.
Çəkilişlər zamanı bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak ediblər. İkinci Dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmin yaxın vaxtlarda geniş auditoriyaya təqdim olunması ilə yanaşı, beynəlxalq festivallarda da Azərbaycanı təmsil etməsi gözlənilir.