AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Bakı” Lənkərandan xalla qayıtdı

“Bakı” Lənkərandan xalla qayıtdı

İdman
06 Dekabr 2012, 17:32 1569
Dekabrın 7-də Topaz Premyer Liqasında I dövrədən təxirə salınan 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” VI turun qarşılaşmasında “Bakı”nı qəbul edib.

Bu matç komandaların son 19 gündə 2-ci dueli olub. Paytaxtda rəqibinə uduzan cənublular 0:2 hesablı yenilginin əvəzini çıxa bilməyiblər. Düzdür, bu dəfə də matçda 2 qol vurulub. Lakin bu dəfə rəqiblər hərəyə 1 dəfə fərqlənməklə 1 xal qazanıblar.

Matçda ilk qolu bakılılar vurub. Aleksandar Şoliçin fərqlənməsindən sonra “Bakı”nın sevinci çox çəkməyib. Cəmi 5 dəqiqə sonra “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev komandasını məğlubiyyətdən xilas edib.

“Çox maraqlı qarşılaşma alındı. Komandamız da yaxşı oyun göstərdi. Futbolçularımdan razı qaldım”. Bu sözləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.

Bandoviç VI turdan təxirə salınan matçdakı 1:1 hesablı bərabərlikdən razı qalıb: “Xəzər Lənkəran”ın cinah hücumlarına üstünlük verdiyini bilirdik. Belə oyun üslubuna qarşı mübarizə aparmağa hazırlaşmışdıq. Meydanda əsl taktika mübarizəsi getdi. Rəqibimiz daha çox qol imkanı yaratsa da, bizim də imkanlarımız oldu. Düzdür, hesab açılandan sonra qələbəni qoruyub saxlaya da bilərdik. Təəssüf ki, bunu bacarmadıq. Amma ümumilikdə komandamdan razı qaldım”.

“Bakı” əks-hücumlarda oynamaq üzrə Azərbaycanın ən yaxşı komandasıdır. Bunu bilsək də, təəssüf ki, rəqibin belə həmlələrini buraxdıq”. Bu sözləri isə “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes deyib. O bildirib ki, ani hücumdan sonra qapılarında qol görüblər: “Hər oyunda 10-a yaxın qol imkanı yaradıb, bunlardan istifadə edə bilmirik. Rəqiblərimiz isə heç 100 faizlik qol vəziyyəti yaratmadan qapımıza yol tapırlar. Bunun üzərində çalışmalıyıq. Bu gün oyunumuzu cinah hücumları üzərində qurmuşduq. Təəssüf ki, qolu çox gec vurduq. İndi qarşıda “Simurq”la çətin görüş var. Artıq bu qarşılaşmanı düşünməliyik”.

Qeyd edək ki, qarşılaşma "Xəzər Lənkəran"ın stadionunda 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar təxirə salınmışdı.