• cümə axşamı, 25 aprel, 13:59
  • Baku Bakı 23°C

Bakı Kitab Mərkəzinin nağılla böyüyən uşaqları

17.12.19 12:30 1605
Bakı Kitab Mərkəzinin nağılla böyüyən uşaqları
"Oxu saatı” layihəsinin qonağı Nurəddin Mehdixanlı: Kitab bir insan üçün yaşayacağı həyat xəritəsidir, daxil olduğu dünyada gedəcəyi yolların, qarşılaşacağı hadisələrin bələdçisidir

Zaman-zaman uşaqların əllərindən düşməyən planşetlərin, telefonların onlara psixoloji olaraq təsir etdiyini və kitablara marağın azaldığını deyirik. Uşaqların şəxsiyyət kimi formalaşması bəzən onlara oxuduğumuz laylalardan, nağıllardan da asılı olur. Uşaqların cəmiyyəti anlama, təbiəti tanıma, özünü dərk etmə qabiliyyətini məhz kitablar təmin edir. Bu mənada, oxucuların müasir tipli uşaq kitabxanalarına gələrək mütaliə etməsi, asudə vaxtlarını orada keçirməklə, lazımi informasiya bazasına malik olması ən vacib, aktual məsələlərdəndir. Əlbəttə ki, burada rəngarənglik, müxtəlif mövzularda uşaq ədəbiyyatının olması, kitabxanada uşaqlar üçün hər bir şəraitin yaradılması əsas şərt olduğu kimi, kitabxanaçının da bu işləri necə məharətlə həyata keçirməyi əsas məsələlərdəndir.
Bu baxımdan Bakı Kitab Mərkəzinin (Baku Book Centre) "Oxu saatı” layihəsi təqdirəlayiq haldır. Belə ki, uşaqlar hər şənbə Mərkəzə böyük həvəslə gəlirlər.
Cəmiyyətimizdə böyük nüfuz qazanmış, tanınmış simalar tərəfindən oxunan nağıllar onların böyük marağına səbəb olur. "Oxu saatı”nın qonaqları uşaqlara nağıllara dair suallar verir və maraqlı diskussiya aparırlar. Adəti üzrə suallara düzgün cavab verən uşaqlara Bakı Kitab Mərkəzindən "face art” hədiyyə olunur. Bundan əlavə, uşaqlar Kitab Mərkəzində təşkil olunan dərnəklərə qoşulur, xarici dillər üzrə danışıq klublarında iştirak edirlər. Biz də layihənin uşaqlara qazandırdığı faydaları nəzərə alaraq, Mərkəzlə əlaqə saxladıq və layihənin yaranma səbəblərindən danışdıq.
Bakı Kitab Mərkəzindən verilən məlumata görə, "Oxu saatı” Mərkəzin ən maraqlı və lazımlı layihələrdən biridir: "Bildiyiniz kimi, uşaqlar Bakı Kitab Mərkəzinin daim diqqət mərkəzindədir və burada balacalar üçün xüsusi guşə yaradılan gündən müxtəlif tədbirlər keçirilir. Məhz uşaqlara yönəldilmiş "Oxu saatı” layihəsi də bu guşədə yer alır. "Oxu saatı” layihəsinin təşkil olunması uşaqlar üçün çox önəmlidir. Hər şənbə Mərkəzə gələn uşaqlar bir saata yaxın da olsa, ətraf aləmdən, planşet və smartfonlardan ayrılıb, nağıl qəhrəmanlarının dünyasına səyahət etmiş olurlar. Uşaqlar üçün belə tədbirlərin keçirilməsi onların kitaba marağını artırır, kitabı sevməyi öyrədir, zehnini inkişaf etdirir və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır. Kiçik yaşlarından mütaliə vərdişi əldə edən uşaqlar gələcəkdə öz imkanlarından daha yaxşı ifadə edə bilirlər. Bu uşaqlar təhsildə də uğurlu olurlar. Belə uşaqlar insanlara, ümumbəşəri dəyərlərə münasibəti, bir sözlə, intellektual səviyyəsi ilə fərqlənirlər”.
Layihəyə qonaq dəvət edərkən nələri əsas meyar götürdüklərini soruşduqda isə, diqqətə çatdırıldı ki, hər şənbə "Oxu saatı”nın qonaqları məşhur artistlər, TV və radio aparıcıları, ictimaiyyətdə tanınan simalar olur: "Əlbəttə, əsas prinsip – nitq, danışıq mədəniyyətidir. Bu günə qədər "Oxu saatı”nın qonaqları olmuş Ceyhun Əli, Nurəddin Mehdixanlı, Dilarə Səlim, Sənubər İsgəndərli, Zəhra Bədəlbəyli və başqaları hamı tərəfindən sevilən və həmçinin yüksək nitq mədəniyyətinə malik insanlardır. Axı orta məktəb uşaqlarının bədii zövqləri ilə yanaşı, dil və nitq mədəniyyəti də geriləyib. Uşaqların zehni insanlar tərəfindən oxunan kitabları dinləyərkən, ümumiyyətlə, kitablar arasında vaxt keçirərkən daha da inkişaf edir”.
Layihənin sonuncu qonaqlarından olan Xalq artisti Nurəddin Mehdixanlıdan təəssüratlarını xəbər aldıq. Tanınmış sənətkar "Oxu saatı”nın uşaqların inkişafı üçün gözəl bir təşəbbüs olduğunu vurğuladı: "İştirak etdiyim "Oxu saatı” Bakı Kitab Mərkəzinin uşaqlara yönəlik atdığı çox ciddi, faydalı bir layihədir. Belə ki, layihənin məqsədi uşaqlarda kitaba sevgi aşılamaqdır. Burada iştirak etdiyim üçün çox sevincliyəm, arzu edərdim ki, belə təşəbbüs digər kitabxanalarda da olsun. Bir millət nə qədər çox oxuyar, kitablara daha yaxın olarsa həmin millət o qədər çox özünü inkişaf etdirməyi bacarar. Bakı Kitab Mərkəzi də bu missiyanı üzərinə götürüb. Onlardan belə bir təklif aldıqda, böyük məmnuniyyətlə razılaşdım. Bakı Kitab Mərkəzində olsam da, heç zaman yuxarı mərtəbələri gəzməmişdim. Bu layihə çərçivəsində Mərkəzin hər bölümündə oldum. Məni sevindirən əsas məsələ isə istirahət günü - şənbə günündə Mərkəzi oxucularla dolu olduğunu görmək oldu. Belə ki, burada gənclər, uşaqlar həm istirahət edir, həm də kitablar oxuyurdular. Bunun özü də gözəl bir haldır. Bizim sabahımız belə məkanlarda yetişdirilməlidir. Hər zaman bu təşəbbüslərin yanındayam, məndən asılı olan nə varsa, onu etməyə hazıram. O uşaqlarla olmaq, onlarla söhbət etmək, müzakirələr aparmaq rahat və xoşdur. Biz onlarla 2 saata yaxın söhbət etdik. Hansı ki, bizim müzakirələrimiz 45 dəqiqə olmalı idi. Mərkəzdən gözəl əhvalla çıxdım, uşaqlardan ayrılmaq istəmirdim”.
Xalq artisti qeyd edir ki, Kitab Mərkəzində nəinki uşaqlara nağıl oxuyub, eyni zamanda uşaqlarla müzakirələr, yarışlar da keçirib: "Uşaqlara alman nağılı oxudum, oxuduqdan sonra onlara nağılda baş verən hadisələrə dair suallar verirdim. Hətta uşaqlar arasında yarış da keçirdik. Düzgün cavab verənlər mükafatlandırıldılar. Uşaqlar nağılı o qədər diqqətlə dinləyirdilər ki, müzakirələrdə maraqlı fikirlər səsləndirdilər. Uşaq dünyasında qonaq olmaq, onlarla zaman keçirmək həqiqətən gözəl duyğudur. Onların gözlərində saf, pak, təmiz dünyanı görmək insana zövq verir. Bəzən deyirlər ki, bu günün uşaqları kitab oxumur. Əksinə, hər şey onlara sizin nəyi və necə təqdim etməyinizdən asılıdır. Bu layihədə iştirak edən uşaqların gözlərində o istəyi, sevgini gördüm. Yaxşı olardı ki, belə layihələrin sayı çox olsun. Bu təşəbbüs gözəl, düşünülmüş və zamanında atılmış bir addımdır. Biri var ki, boş-boşuna, pafoslu şəkildə tədbirlərdə danışasan ki, kitabı təbliğ etmək üçün bunları etmişik, biri də var ki, onu sözdə deyil, əməldə göstərəsiniz. "Oxu saatı” belə layihələrdəndir. Nə yaxşı ki, Azərbaycanda belə gözəl Mərkəz var. Orda yüksək mədəni səviyyəsi ilə, Mərkəzə gələn insanların münasibəti ilə xoş aura yaradan kollektiv fəaliyyət göstərir. Mərkəzdə çalışanlar gülərüzlüdürlər. Bəzən hansısa kitab mağazasına daxil olanda, insanların qaşqabaqlı olduğunu görüb, onlardan nəyisə soruşmağa ehtiyat edirik. Bu Mərkəzdə isə insanlar o qədər pozitiv idilər ki, onların söhbətinə doymaq olmurdu”.
N.Mehdixanlı Bakı Kitab Mərkəzinin bu təşəbbüsü irəli sürməklə "kitaba maraq azalıb” deyənlərin yanıldığını və əslində hər şeyin məhz bizlərin təqdimatımızdan asılı olduğunu vurğuladı: "Bu gün informasiya texnologiyaları əsridir. Biz dünyanın ən son texnologiyalarından istifadə edirik və etməliyik. Ona bağlanmaq, onun vasitəsi ilə dünyaya açılmaq, nələrisə qazanmaq mümkündür, ancaq hər şeyi əndazəsində istifadə etmək lazımdır. Psixoloji olaraq ona bağlanırsansa, yaddaşını bütövlüklə ora ötürürsən və belə olduğu halda, sadəcə ona güvənirsən. Əgər asılı olduğun planşeti, telefonu itirdinsə, ordan bağlantın qopdusa, sən yaddaşsız, heç nədən xəbəri olmayan boş bir varlıqsan. İnternetdən, müasir avadanlıqlardan istifadə etmək lazımdır, ancaq faydalarından yararlanmaq şərti ilə. Biz uşaqları bu sayaq kitaba yönləndirməklə daha çox qazanmış oluruq. Biz dünyanın bir parçası olmaq istəyiriksə, uşaqlarımızı daha çox kitaba, ordakı biliklərə yönləndirməliyik. Kitab heç vaxt xəyanət etmir. Kitab əslində bir insan üçün yaşayacağı həyat xəritəsidir, daxil olduğu dünyada gedəcəyi yolların, qarşılaşacağı hadisələrin bələdçisidir. Kitab bir insanın yaşayışını təmin edəcək və ürəyi istədiyi, arzuladığı hədəfə yetişmək üçün doğru, faydalı bir yol yoldaşıdır. Uşaqlarımızı kitaba yönləndirmək üçün ilk növbədə valideynlərimiz məlumatlı olmalı və bunu öz övladlarına aşılamalıdırlar. Valideynlər uşaqlarına kitabı sevindirsinlər ki, uşaqlar da vətənini, dinini, dilini, valideynlərini, həyatını, dostlarını nə üçün sevmək lazım olduğunu öyrənsinlər. Kitab insanlara bunu öyrədir, onların beyinlərinin saf, gözəl, pak təmiz olduğu vaxtlarda bu şeyləri onlara aşılamaq lazımdır. Biz insan yetişdirməliyik. Faydalı insan yetişdirməyin yolu da kitabdan keçir. Təsadüfi deyil ki, yaradılmışlara Yaradan tərəfindən kitab göndərilib. Görün kitab nə qədər müqəddəs və böyük gücə malikdir. Bu yöndə Bakı Kitab Mərkəzi faydalı və dəyərli bir işlə məşğuldur. Millətimizin gələcəyinə ən böyük investisiya məhz elə budur”.
Layihədə iştirak edən tanınmış prodüser, şairə Zəhra Bədəlbəyli qeyd edir ki, belə layihələr uşaqların dünyagörüşünə müsbət təsir göstərməklə yanaşı, onların özlərini ifadə tərzinə də təsirsiz ötüşmür: "Bakı Kitab Mərkəzinin bu layihəsində uşaqlara nağılları oxumaqla, onlarda kitaba maraq yaratmağın mümkünlüyünün şahidi olduq. Gənc və orta nəslin nümayəndələri onlara nümunə olmalıdır. Uşaqlar görsələr ki böyüklər maraq və həvəslə kitab oxuyurlar, onlarda da belə bir istək yaranacaq. Biz özümüz uşaqlara ən bariz nümunəyik. "Oxu saatı” layihəsi isə uşaqlarla birbaşa təmasda olmaq, onlara nağıla oxumaq üçün bizə gözəl bir şərait yaradır. Bu çox dəyərli bir layihədir. Bu gün müasir dövrdür, ancaq kitab oxuyan uşaqlar da az deyil. İndi planşetdən istifadə edən insanlarımız çoxdur. Bizim uşaqlıq illərimizdə playstationlar var idi ki, biz də onlarla oynayırdıq. Bununla yanaşı, kitablara da marağımız var idi. Hesab edirəm ki, uşaqların kitablara olan sevgisi məhz onların valideynlərindən qaynaqlanır”.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər