• cümə, 19 Aprel, 08:21
  • Baku Bakı 13°C

Bakı – “Formula 1”-in yeni ünvanı - Reportaj, Fotolar

18.06.16 10:49 1977
Bakı – “Formula 1”-in yeni ünvanı - Reportaj, Fotolar
"Avroviziya-2012” və I Avropa Oyunları: Bakı-2015 - musiqi və idman yarışlarından sonra Azərbaycanın paytaxtı Bakı şəhəri növbəti beynəlxalq miqyaslı tədbirə ev sahibliyi edir. Bu dəfə Odlar Yurdunda "Formula-1” üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi keçirilir.

İyun ayının 17-19 tarixlərini əhatə edən yarışın ilk günü səhər saat 10:00-dan Bakı Şəhər Halqasının girişləri, əyləncə zonaları beynəlxalq əhəmiyyətli tədbir izləyicilərinin üzünə açıldı. Biz də tədbirin keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olmaq üçün yarış məkanında olduq. Əvvəlcə onu qeyd edək ki, yarışı izləmək və əyləncə zonalarına daxil olmaq üçün mütləq bilet əldə etmək gərəkdir. Biletləri şəhərin mərkəzində fəaliyyət göstərən kassalardan, həmçinin elektron qaydada https://www.bakucitycircuit.com saytından əldə etmək olar. Biletlərin qiyməti yerinə və məkanına görə dəyişir. Biz də kassadan aldığımız bileti "Azneft” istiqamətindəki girişdə təqdim edib yoxlamadan keçdik və əraziyə daxil olduq. Burada tamaşaçılara, o cümlədən paytaxt sakinləri və şəhərimizin qonaqlarına müxtəlif cür xidmət göstərən iaşə obyektləri fəaliyyət göstərir. Həmin iaşə obyektlərinin xidmətindən yararlanmaq üçün yaxınlıqdakı köşklərdən xüsusi yemək və içki kuponları əldə etmək gərəkir.

Ərazidə konsert proqramı da təşkil olunmuşdu. Yerli müğənninin ifasında müasir mahnılar ifa olunur, boyu 3-4 metrə çatan "ağacayaqlar” insanları rəqsə dəvət edərək onlarla rəqs edir, xatirə şəkli çəkdirirdilər. Bir qədər aralıda isə Azərbaycan mədəniyyəti guşəsi yaradılmışdı. Burada yarışı izləyəcək paytaxt sakinləri və qonaqlar ölkəmizin tarixi sənətkarlıq və ticarət ənənələrinin sirləri ilə, o cümlədən xalça toxuma, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinin düzəldilməsi, araxçın və çarıq hazırlanması, naxış tikmə və kəlağayı boyama ilə tanış ola bilirdilər. Həmçinin bu güşələrdə müxtəlif növ şirniyyat nümunələrini və məşhur Azərbaycan çayını da pulsuz dadmaq mümkün idi. Müşahidələrimiz əsasında onu deyə bilərik ki, əcnəbi turistlər bu guşələrlə daha yaxından maraqlanır, suvenir hədiyyələr alır, xatirə şəkli çəkdirir, könüllülərin tərcüməçiliyi ilə sənətkarları danışdırır, onlardan sənətin incəlikləri barədə məlumat öyrənirdilər.
Ərazidə istirahət, həmçinin müxtəlif əyləncə zonaları da var. Misal üçün, valideynlərinin müşayiəti altında uşaqlar, həmçinin böyüklər özü də çoxsaylı əyləncə növlərindən istifadə edirdilər. Bəzisi 3D Formula-1 simulyatorunda və elektromobillərdə əylənir, bəzisi 8 metr hündürlüyündəki dırmanma divarının ən yüksək nöqtəsinə qədər çıxmağa çalışırdı. Bu əyləncə növündən yararlanmaq da tam pulsuzdur. Bileti olan hər kəs istədiyi zaman istədiyi qədər bu xidmətlərdən yararlana bilər. Bununla yanaşı, əyləncə zonasında əvvəlcədən quraşdırılmış müxtəlif maili eniş və yoxuşlarda skeyt və velosiped sürənlər öz məharətlərini nümayiş etdirirdilər. Təcrübəli akrobatlar batut şousu, motosikletçilər isə böyük dəmir kürənin içərisində mürəkkəb nömrələr göstərirdilər. Yarış təşkilatçıları Ramazan ayının olmasını, bu müqəddəs ayda oruc tutan azarkeşləri, tamaşaçıları da yaddan çıxarmamışdılar. Belə ki, ərazidə bir neçə yerdə Ramazan çadırı quraşdırılmışdı və burada iftar zamanı oruc tutanlara pulsuz çay və xurma təklif edilirdi. Ərazidə müəyyən məsafədən bir tibb məntəqələri, məlumat mərkəzləri də gözə çarpmaqda idi. Piyada gəzməkdən yorulan tamaşaçılar elektromobil xidmətindən pulsuz yararlanmaqla, bulvar ərazisində istədikləri ünvana gedə bildirdilər.

Bütün bunlardan başqa, ərazidə müxtəlif yerlərdə alış-veriş mərkəzləri də yaradılmışdı. Burada Formula-1-in rəmzi geyimləri, o cümlədən papaqlar, köynəklər, şortlar, idman geyimləri, müxtəlif aksesuarlar, açarlıqlar, fincanlar və sair satışa çıxarılmışdı. Diqqət çəkən məqam bu idi ki, satışa çıxarılan mallar baha qiymətə təklif olunurdu. Misal üçün, üzərində Formula-1 yazısı olan 1 ədəd köynək 100-150, papaq 100, fincan 40, açarlıq 50 manata təklif olunurdu. Bu cür idman geyim dəsti isə daha baha idi. Hətta elə üst geyimləri var idi ki, onların bir ədədinin qiyməti 350-500 manat təşkil edirdi. Satıcıdan bunun səbəbini soruşanda, o, qiymətin baha olmasını malların orijinallığı ilə əlaqələndirdi. Qeyd etdi ki, satışa çıxarılan mallarla daha çox əcnəbi turistlər maraqlanır və alırlar. Onun sözlərinə görə, yerli sakinlər çox nadir hallarda bu geyimlərdən və aksesuarlardan alırlar. Elə biz də ərazini gəzərkən İngiltərə, Ukrayna, İran, Gürcüstan, Moldova, Yamayka, Şotlandiya, Rusiya, Belçika və sair ölkələrdən olan əcnəbi turistlərlə rastlaşdıq, alış-veriş etdiklərini izlədik, həmçinin paytaxt şəhərimiz və ümumilikdə ölkəmiz barədə xoş təəssüratlarını dinlədik.
Ərazi ilə tanış olduqdan sonra saat 13:00-da "Azneft” tribunasında yerimizi tutduq. Çünki "Formula-1” üzrə dünya çempionatının 8-ci Avropa Qran Prisi çərçivəsində birinci sərbəst yürüş sessiyası öz işinə başladı. 11 komandadan 22 pilotun iştirak etdiyi yürüşdə "Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton ən yaxşı nəticəni göstərdi. Sonrakı yerləri müvafiq olaraq, "Mercedes” komandasının digər pilotu Niko Rosberq və "Williams” komandasından Valtteri Bottas tutdular. Bakı şəhər trasında I sərbəst yürüşlərdə maksimum sürət isə 351 km/saat təşkil etdi. Bu nəticəni "Williams”ın finlandiyalı pilotu Valtteri Bottas göstərərək "Formula 1”in şəhər traslarında maksimum sürət üzrə rekordunu müəyyənləşdirdi. Onu da qeyd edək ki, "Formula-1”in birinci test yürüşündə qəza hadisəsi də baş verdi. "Red Bull” komandasının pilotu Daniel Rikkardo idarəetməni itirərək, bolidi divara çırpdı. Bundan əlavə, 3 pilot - "Haas” komandasının pilotu Esteban Qutyerres, "Renault”un pilotu Kevin Maqnussen və "Red Bull”un pilotu Daniil Kvyat döngələrdən birində istiqaməti səhv saldılar. 16-cı döngədə sola dönməli olan pilotlar düz istiqamətdə hərəkət etsələr də, yolun bağlı olduğunu görərək, sonradan istiqaməti düzəltdilər.
"Formula-1” pilotlarının sərbəst yürüşlərinin ikinci sessiyası da tamaşaçılar tərəfindən böyük maraq və həyəcanla izləndi. Bu dəfə "Mercedes” pilotu Niko Rosberq "Formula-1” Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında II sərbəst yürüşlərdə dövrə üzrə ən yaxşı nəticəsini göstərdi. Sonrakı nəticələri müvafiq olaraq, "Mercedes” komandasının digər pilotu Luis Hamilton və "Williams” komandasından Valtteri Bottas göstərdilər. "Mercedes” pilotu Luis Hamilton II sərbəst yürüşlərdə komanda yoldaşı Niko Rosberqin rekordunu təzələdi. Sonrakı nəticələri müvafiq olaraq, "Mercedes” komandasının digər pilotu Niko Rosberq və
"Williams” komandasından Valtteri Bottas göstərdilər.
Ötən gün yürüş sessiyaları başa çatdıqdan sonar, təxminən saat 19:30-da bütün əyləncə zonaları bağlandı. Beləliklə də "Formula-1" tamaşaçıları dənizkənarı parkda quraşdırılan əsas konsert sahəsinə toplaşdılar. Bakı vaxtı ilə 20:00-da burada məşhur əcnəbi müğənni Kris Braunun konserti başladı. O, özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verdi. Amerikalı müğənni, bəstəkar və rəqqas minlərlə
"Formula-1” azarkeşinin qarşısında özünün "Yeah3x”, "Look At Me Now”, "Beautiful People” və sair məşhur hitlərini ifa etdi.

Sonda onu da əlavə edək ki, "Formula-1” yarışlarının ikinci günündə, yəni iyunun 18-də GP2 pilotları birinci yürüşlərinə çıxacaqlar. Ardınca "Formula-1” üzrə seçmə mərhələ baş tutacaq. Bu dəfə gün Enrike İqlesiasın konserti ilə bitəcək. Turnirin son günü - iyunun 19-da GP2 pilotları ikinci yürüşü keçirəcəklər. Əsas yarış - "Formula-1” Avropa Qran-prisi saat 17:00-da başlayacaq. Ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Farel Vilyamsın konserti olacaq.








Alpər TURAN

banner

Oxşar Xəbərlər