• cümə axşamı, 25 aprel, 07:54
  • Baku Bakı 14°C

Bakı Beynəlxalq Turizm Filmləri Festivalına 43 ölkədən 84 film təqdim olunub

15.11.17 18:13 3106
Bakı Beynəlxalq Turizm Filmləri Festivalına 43 ölkədən 84 film təqdim olunub
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına həsr olunan mətbuat konfransı keçirilib.

APA-nın informasiya dəstəkçisi olduğu festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 18-dək keçiriləcək.

Mətbuat konfransında çıxış edən festivalın icraçı direktoru Nazim Hüseynov bildirib ki, seçim komissiyasına 43 ölkədən 84 film qəbul olunub. Münsiflər heyətinə Azərbaycandan Rafiq Quliyev, Ülkər Mütəllimova, Polşadan Eva Kotus, Gürcüstandan Zurab Dvali daxildir. Münsiflər heyətinə Can Saracoğlu rəhbərlik edir.
Jurnalistlərin suallarını cavablandıran münsiflər heyətinin sədri bildirib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya - ölkə, region və şəhər, mədəniyyət və ənənə, reklam filmləri, ekoturizm və digər turizm növləri, TV məhsulları (filmlər, videoçarxlar) kateqoriyaları üzrə yarışacaqlar. Yarışmaya təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə (Qızıl mükafat ) diplom və mükafat, II yerə (Gümüş mükafat) diplom və mükafat, III yerə (Bürünc mükafat) diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə "QRAN PRİ” diplom və mükafat veriləcək. Yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 20-yə yaxın qonağın dəvət olunması nəzərdə tutulur. Müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşıseminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr keçiriləcək. Dünyanın onlarla ölkəsinin qatıldığı bu festival ölkəmizin turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın təşkilati işlərini "Salnaməfilm” studiyası həyata keçirir. Festivalla bağlı daha ətraflı məlumatıwww.bitff.azveb-saytından əldə etmək olar.
banner

Oxşar Xəbərlər