Bakı Bələdiyyə Teatrının yaratdığı Nəsimi - Fotolar
14.11.19 19:09
5041
Bakı
Bələdiyyə Teatrı cari mövsümdə ilk premyerasını təqdim etdi. Teatr yenə öz
binasında deyil, fərqli teatrın səhnəsində tamaşaçıların görüşünə gəldi. Bu
dəfə fərqli olan təkcə teatr binası deyildi, kollektivin Bələdiyyə teatrının
qurucusu olan Amaliya Pənahovasız ilk premyerası idi. Bakı Bələdiyyə Teatrı
deyiləndə ilk ağla gələn insanın - mərhum sənətkarımız Amaliya Pənahovanın yeri
görünürdü.
Noyabrın 7-də
27 yaşı tamam olan Bələdiyyə Teatrının
aktyorlarını teatr səhnəsində çox az görürük. Səbəb isə bəllidir, teatr
binasının əlverişli olmaması. Teatrın
yaradıcı heyəti hər dəfə yeni tamaşa hazırladıqda onu müxtəlif teatrlarda, əsasən
də, Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirirlər. Qonşu teatrda
çıxış hər nə qədər ürəkaçan olmasa da, bu,
Bələdiyyə Teatrının taleyidir və görünən odur ki, onlar öz taleyi ilə
barışıblar. Bu səbəbdən teatrın aktyor heyətini daha çox filmlərdən, seriallardan
tanıyırıq. Bələdiyyə Teatrının aktyorlarının potensialına hər kəs bələddir.
Çünki onlar Amaliya Pənahova məktəbi keçiblər. Mərhum sənətkarın dəst-xətti bu
aktyorların oyununda özünü büruzə verməkdədir.
Keçək əsas
məsələyə. Noyabrın 12-də teatrın hazırladığı İmadəddin Nəsiminin 650 illiyinə həsr
olunan "Nəsimi” adlı yeni tamaşanı izlədik. Uzun müddətdir ki, teatrda belə bir
tamaşanın hazırlandığından xəbərdar idik. Amaliya Pənahovadan sonra teatrın tamaşaya qoyduğu ilk səhnə əsərini
görmək, yeni Nəsimini tanımaq üçün biz də seyrçilər arasında idik.
Tamaşa başlamazdan
əvvəl İsa Hüseynovun "Məşhər” romanı əsasında yeni səhnə redaksiyasının
müəllifi dramaturq Çingiz Ələsgərli, quruluşçu rejissor Mərahim Fərzəlibəyov səhnəyə
çıxaraq tamaşaçıları salamladılar. Nəsimi yaradıcılığından bəhs edib, bu dəfə
başqa bir Nəsimiyə şahidlik edəcəyimizi bildirdilər. Nə yalan deyək, İ.Hüseynovun
"Məşhər” romanı əsasında çəkilən "Nəsimi” filmindəki bir çox fraqmentləri
gözləsək də, qarşımıza başqa bir "Nəsimi” çıxdı. Yəni, onların dediklərində,
haradasa, həqiqət vardı. Amma və lakin necə, hansı formada?
Əvvəla, ondan başlayım ki, tamaşadan öncə bizə
gözəl dizaynda hazırlanmış, üzərində Nəsiminin öz rəsmi və şairin obrazını
canlandıran Tural Əhmədin Nəsimi qiyafəsində fotosu, içərisində aktyorların
şəkilləri və adları qeyd olunan broşürlər təqdim edildi. Broşürdən da görünürdü
ki, bu tamaşaya ciddi hazırlıq görülüb.
"Nəsimi”
filmindən, eləcə də il ərzində Nəsimi haqqında yazılan kitablardan, keçirilən
tədbirlərdən şairin həyat və yaradıcılığı ilə bağlı məlumatları hər kəs əzbər
bildiyindən əsərin xırdalıqlarına varmaq istəmirik. Yeni tamaşada Nəsimi
hürufiliyin təbliğatçısı kimi deyil, daha çox insani keyfiyyətləri özündə ehtiva
edən bir şəxsiyyət kimi təqdim edilir. Eyni ədəbi əsas üzərində hazırlansa da,
tamaşanın "Nəsimi” filmi ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Tamaşada tarixi
faktlara çox az yer verilib. Əsərin konfliktini gücləndirmək üçün müxtəlif
üsullardan istifadə edilib. Misal üçün, tamaşada Əmir Teymurla Nəsiminin görüş
səhnəsində aydın şəkildə görünür ki, Teymur özü də Nəsimiyə inanır. O,
Nəsiminin fikirlərini sual şəklində təkrarlayır. Bu isə o deməkdir ki, Teymur,
haradasa, Nəsiminin fikirlərini, insanın Tanrıya yaxınlığını qəbul edir. Əmir
Teymur kimi bir xaqanda müəyyən cücərtilər baş qaldırır.
Nəsimi böyük
ədib olmaqla yanaşı, eyni zamanda bir şəxsiyyət olaraq cəmiyyət tərəfindən
sevilib. Tarixi mənbələrdə isə qəzəllərinə görə daha çox xanımlar tərəfindən
sevildiyi yazılır. Tamaşada təqdim olunan Nəsimi bizim gözümüzün alışdığı Rasim
Balayev deyildi. Hərçənd ki, döyüşkən, qəhrəman aşiq obrazı bu rolu canlandıran
Tural Əhmədin əyninə biçilib desəm, yəqin ki, yanılmaram. Tamaşada Nəsiminin
səhnəyə ilk gəlişi çox adi təqdim olunur, onun ağırlığı, özünəməxsus sanbalı o
qədər də diqqəti cəlb etmir.
Tamaşa
başlanğıcı və sonluğu ilə daha çox diqqət çəkər deyiblər. Bu tamaşanın timsalında
isə bunun əksini gördük. Tamaşanın əvvəlindəki uzun-uzadı dialoqlar çox soyuq
və yorucu təsir bağışlayırdı. Daha sonra eyni templə davam edən tamaşada biz
qəzəllər, maraqlı xoreoqrafik həll gözləyirdik. Təəssüf ki, gözləntilərimiz
elə gözlənti olaraq da qaldı. Ancaq tamaşada yeniliklər də kifayət qədər idi. Tamaşaçıların
sevərək qəbul etdiyi Fatma obrazını Əməkdar artist Hüsniyyə Mürvətovanın
ifasında izlədik. Əvvəla, onu qeyd edim ki, bu teatrın bütün aktyorları istedadlıdır.
Hüsniyyənin isə öz dəst-xətti, oyun tərzi, səhnə plastikası var. Hər obrazı
asanlıqla canlandırmağı bacaran Hüsniyyə xanımın Fatma obrazı yeni bir ab-hava bəxş etdi.
Tamaşada kütləvi səhnələr azlıq təşkil edir.
Səhnə, sözün əsil mənasında, boşluğun içərisində qalır, monoloqlara isə daha
çox yer verilmişdi.
Mənim üçün
tamaşanın kuliminasiya nöqtəsi Əmir Teymurla Nəsiminin dialoqu oldu. Nə yalan
deyim, Əmir Teymur obrazının müəllifi İlqar Musayev bizi çox təəccübləndirdi.
Sanki bu obraz məhz onunçün yaradılmışdı. Aktyorun potensialı, qəzəb hissi,
gözlərindəki nifrət tamaşaya ayrıca bir rəng qatırdı. Yəni hiss edirdin ki, bu, həqiqətən, Əmir Teymurdur,
özüdür ki, var. Aktyordan o enerjini almaq mümkün idi. Bu tamaşada İlqar Musayevi özüm üçün yenidən kəşf etdim. Aktyorun daxili potensialı, obrazını
mənimsəməsi, mimikaları, jestləri, xüsusilə Nəsimi ilə dialoq səhnəsi zərgər dəqiqliyi
ilə işlənmişdi.
Əvvəldə də
vurğuladığımız kimi, bu, bir başqa Nəsimidir. Müəllif əsərə fərqli,
tanımadığımız qəhrəmanlar da əlavə etmişdi. Onların rolları epizodik olsa da,
yaddaqalan idi. Buraya Nəsimini sevən, bunu dilinə gətirməkdən qorxmayan, onun
qəzəllərini sevərək oxuyan Zəhra obrazı da daxildir. Zülfiyyə Qurbanovanın
canlandırdığı Zəhra obrazı rejissorla müəllifin tapıntısı idi. Onlar tamaşaçıya
Nəsimi yaradıcılığının vurğunu olan qızlardan sadəcə birini göstərməyə
çalışmışdı.
Bələdiyyə
Teatrının aktrisaları, ümumiyyətlə, səhnə plastikası ilə bərabər, gözəl
fakturaya və gözəl görkəmə malikdirlər. Onlardan biri də tamaşada Nəsimiyə
hədiyyə olunan kəniz Əzra obrazıdır. Bu rolu canlandıran Ülviyyə Rza səhnədə
qısa müddət olmasına baxmayaraq, maraqlı plastikası və dolğun ifası ilə tamaşaçıların
ürəyinə yol tapa bilir.
Tamaşada İbrahim
şahı Əməkdar artist Rafiq İbrahimov, Gövhər şahı Toğrul Rza, Şeyx Əzəmi İsmayıl
Atakişiyev, Həmzəni Əməkdar artist Əhməd Salahov, Yusif obrazını isə Mehman
Abdullayev canlandırırdı.
Səhnə sadə dekorlarla bəzədilmişdi, arxa hissədə
asılmış dəmir halqalar yeri gələndə keçid, yeri gələndə dekor və zirzəmi kimi
istifadə olunurdu. Səhnənin hər iki tərəfində Nəsiminin yazdığı qəzəllər əks
olunmuşdu. Hazırlanan səhnə isə saray, küçə,
zindan rolunu oynayırdı.
Tamaşada
Nəsimini fərqli şəkildə görmək mümkün olur. Belə ki, rejissor insanın Tanrıya
yaxınlığını, Nəsiminin bu fikirlərinin bütün insanların, hətta dünyada ən amansız
xaqanların belə fikirlərini dəyişməyə qadir olmasını göstərməyə çalışılıb. Bu tamaşada
Nəsimi həm insan, həm şair, həm də bir aşiq kimi tamaşaçılara təqdim olunur.
"Nəsimi”
tamaşası Nəsimiyə fərqli bir baxış bucağıdır. Belə ki, dahi Azərbaycan şairinin
zəngin yaradıcılığı ilə tanış olduqdan sonra insanların təxəyyülündə bir Nəsimi
formalaşıb. Bu tamaşada isə Nəsiminin daha çox insani keyfiyyətləri və
yaradıcılığı önə çəkilib. Filmdəkindən fərqli olaraq, tamaşanın sonunda Nəsiminin
dərisi soyulmur. Hər kəsin gözlədiyi o sonluq baş tutmur. Sonda Nəsimi öz
davamçılarını ardınca aparır.