• şənbə, 20 Aprel, 04:36
  • Baku Bakı 15°C

"Bakı-2017": Xəzərdən başlayan səyahət Şəmkirə çatıb

22.04.17 14:15 1030
"Bakı-2017": Xəzərdən başlayan səyahət Şəmkirə çatıb
Xəzər dənizindən start götürən "Bakı-2017" ümumxalq səyahət turu dünən Şəmkirə çatıb.
APA-nın xəbərinə görə, Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.
Bu əlamətdar günlə əlaqədar ötən gün səhər ilk olaraq Şəmkir su anbarı ətrafında tədbir keçirilib. Şəmkirçay Kürün qollarından biridir. Çay üzərindəki yeni su anbarı bu bölgəni içməli su və suvarma suyu ilə təmin etmək üçün 2014-cü ildə istismara verilib. Su mərasimi, şahmat və güləş həvəskarı Murad Namazov, boks üzrə Azərbaycanın əməkdar məşqçisi Ramiz Yusifov və sərbəst güləş üzrə Avropa və Olimpiya turnirlərinin mükafatçısı Elçin Həsənov tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirilib. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.
Daha sonra günorta saatlarında "Domestic Grassroots" proqramı çərçivəsində Şəmkir Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, "Sport joys - Regional idman tədbiri" həyata keçirilib. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.
Mərasim axşam saatlarında Bayraq Meydanında keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri "Mirvari" rəqs qrupu, Vüqar Vəliyev, Xəyal Qasımovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.
Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan prezidenti İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Şəmkir sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olunub.
Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən boks üzrə Azərbaycanın əməkdar məşqçisi Ramiz Yusifov deyib: "Uğurların, qələbələrin yaşatdığı sevinc, məğlubiyyətin gətirdiyi kədər hissini insanların bölüşməsi, onların bir-birinə dəstək olmaları çox böyük bir mədəniyyət olmaqla bərabər, eyni zamanda əvəzsiz bir dəyərdir".
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 23 aprel tarixində Mingəçevir şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.
Xəzərdən Başlayan Səyahət haqqında daha ətraflı məlumatla https://www.baku2017.com/en/p/journey-from-the-caspian veb-saytında tanış ola bilərsiniz.
banner

Oxşar Xəbərlər