• cümə, 29 Mart, 11:34
  • Baku Bakı 5°C

“Baillie Gifford 2016”-nın qalibi açıqlandı

21.11.16 10:48 1512
“Baillie Gifford 2016”-nın qalibi açıqlandı
1999-cu ildən ənənəvi olaraq verilən "Samuel Jhonson”, indiki adı ilə "Baillie Gifford” ədəbi mükafatının builki qalibi elan edilib. Qalibin kimliyi ilə bağlı xəbərə keçməzdən əvvəl bildirək ki, XVIII əsrdə yaşamış ingilis ədib Samuel Consonun şərəfinə təyin edilmiş bu mükafatın adı 2009-cu ildə dəyişdirilərək, "Qeyri-bədii ədəbi nümunələr üzrə Samuel Conson mükafatı” kimi təsdiqlənmişdi. Görünür, "Samuel Jhonson” ədəbi mükafat fondunun idarə heyəti mükafatın adından yenə razı qalmayıb. Belə ki, mükafatın adı bu il də dəyişdirilərək, "Qeyri-bədii ədəbi nümunələr üzrə Baillie Gifford” mükafatı kimi təsdiqlənib.
İndi isə yeni adlı mükafatın ilk qalibi haqqında: Mükafatın builki qalibi, yəni ənənəvi olaraq verilən 30000 funt sterlinqin (64000 manat – red.) sahibi "Şərq Qərb Küçəsi” ("East West Street”) əsəri ilə fransız-ingilis əsilli hüquqşünas Filip Sands olub. Sandsın bəşəriyyəti məhvə sürükləyən beynəlxalq suiqəsd və cinayətlər, soyqırımı tarixi haqqında yazdığı əsər mükafat uğrunda mübarizənin sonunda ötən ilin Nobel Ədəbiyyat mükafatının qalibi Svetlana Alekseyeviçin romanını kölgədə qoyub.
Londonda keçirilən mükafatlandırma mərasimindən sonra yazarla görüş təşkil edilib. Görüşdə media nümayəndələri ilə səmimi söhbət edən hüquqşünas-yazar bu pulun hamısının dostu, yazıçı Hişam Matarın da köməyi ilə qaçqın və didərgin düşmüş, dərin ehtiyaclar içində yaşayan bir neçə ailənin sosial vəziyyətinin müvəqqəti də olsa, yaxşılaşdırılması üçün xərclənəcəyini açıqlayıb: "Hişama bir şüşə konyak alacam bu pula, özümə də bir-iki banka turşu. Qalanını isə bu mükafat uğrunda mübarizəyə girişəndə qarşıya qoyduğum məqsəd üçün xərcləyəcəyəm”.
"Guardian”da yer alan xəbərə görə, mükafatlandırma mərasimində əsər haqqında danışan münsiflər heyətinin sədri Conatan Derbişayer müəllifin ədəbi qabiliyyətlərini yüksək dəyərləndirib: "Müəllifin Avropa tarixi ilə fərdi və ictimai faciələri uyğunlaşdırma üsulları insanı heyran edir. Mən çox tez-tez ədəbi mükafatların münsiflər heyətində təmsil olunuram. Çox istərdim ki, Sands ədəbi aləmdə qalmağa qərar versin. Bu əsər bir şəhərin, onun öz ailə keçmişindəki sirlərin və boşluqların, böyük bir sürgünün və inanılmaz güclü təsvir üsulları ilə təqdim edilmiş yenilikçi ideyaların, soyqırımı və bəşəriyyətin məhvinə yönəlmiş kütləvi cinayətlərin bioqrafiyasıdır. Bu, bizim beynəlxalq ədəbiyyat və hüquq aləminin birgə uğuru ilə tanış olmaq fürsətidir”.
Məlumat üçün onu da qeyd edək ki, London Universitetinin professoru olan Sands Konqo, Yuqoslaviya, İraq, Yəmən, Quantanamo və s. kimi ölkələrdə konflikt situasiyaların həlli prosesinə başçılıq etmiş nüfuzlu diplomatdır.
banner

Oxşar Xəbərlər