AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bahar Muradova: “Ermənilərin yol verdiyi hüquq pozuntuları barədə beynəlxalq məhkəmələrə müraciətlər edilməlidir”

Bahar Muradova: “Ermənilərin yol verdiyi hüquq pozuntuları barədə beynəlxalq məhkəmələrə müraciətlər edilməlidir”

Cəmiyyət
01 Mart 2017, 14:30 723
"Son günlər cəbhədə çox ciddi gərginliklər oldu və hələ gərginlik səngiməyib”. 
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovadeyib. O bildirib ki, erməni silahlıları ilə Azərbaycan ordusu arasında təmas xəttində gərginlik hələ də hiss olunmaqdadır: "Hər ilin əvvəlində, Xocalı soyqırımının qeyd olunması ərəfəsində, Ermənistan tərəfi növbəti təxribatlarını edir. Təəssüf ki, bu da əsgərlərimizin itirilməsi ilə nəticələnir. Hesab edirəm ki, bu təxribatlar həm də təmas xəttində yaşayan insanların dinc həyatını, təhlükəsiz yaşamaq hüququnu pozur. Bu da bizim diqqət mərkəzində olan bir məsələdir. Hesab edirəm ki, Ombudsman institutu da  məruzə edərkən bu məsələyə geniş yer ayırmalıdır, xüsusi vurğulamalıdır. O cümlədən, beynəlxalq təşkilatlara bu barədə həm özü müraciətlər etməlidir, həm də bu cür müraciətləri təşkil etməlidir. Biz də öz növbəmizdə bu insanların hüquqlarının pozulması ilə bağlı beynəlxalq qurumlara, Avropa İnsan Hüquqları Məhkəməsinə ayrı-ayrı vətəndaşların müraciətlərini təşkil etməliyik. Həyatını itirən hərbçilərin ailələrinin, təmas xəttində yaşayan insanların müraciətlərini təşkil etməli və daha çox maarifləndirmə işi aparmalıyıq, bu məsələni beynəlxalq ictimaiyyətin gündəmində saxlamalıyıq”.
 
B. Muradova Cocuq Mərcanlı kəndinə səfərindən də danışıb: "Mən Cocuq Mərcanlıya səfər etdim, deputatı olduğum Füzuli rayonunun təmas xəttindəki kəndlərində oldum, orada yaşayan insanlarla görüşdüm. Həmin insanların öz yerində əsgər, zabit kimi dayandığını gördüm. Onlar təhlükə, risk altında yaşasalar belə, ordu ilə bir yerdədirlər və mövqelərini də açıq şəkildə vurğuladılar ki, prezidentin yürütdüyü siyasəti dəstəkləyir, Ali Baş Komandan kimi onun atdığı addımları, tədbirləri məqbul hesab edirlər”.