AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bahar Muradova: “Bu, İctimai Palatanın səhv qərarı olacaq”

Bahar Muradova: “Bu, İctimai Palatanın səhv qərarı olacaq”

12 Oktyabr 2012, 09:22 896
“Əgər həqiqətən müxalifət demokratik aksiya istəyirsə, o zaman bunu qanunun müəyyən etdiyi çərçivədə və müvafiq icra hakimiyyətinin onlar üçün icazə verdiyi, ayırdığı istənilən yerdə keçirə bilər”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse - spikeri, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü Bahar Muradova bildirib.

O qeyd edib ki, əgər həmin qüvvələr onlar üçün ayrılan yerdən imtina edəcəklərsə bu, onların səhv qərarı olacaq: “O ki qaldı onların şüarlarına, hesab edirəm ki, şüarları da onlar özləri seçirlər, mən o barədə bir şey deyə bilmərəm. Eyni zamanda, əgər onlar bu şüarları və tələbləri irəli sürməklə, səsləndirməklə nəyəsə nail olacaqlarını da düşünürlərsə, çox yanlış mövqedədirlər. Birmənalı olaraq deyirəm ki, 4-cü çağırış parlamentin vaxtından əvvəl buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qətiyyən mümkün deyil. Qanuni yollarla, xalqın iradəsi əsasında formalaşmış parlament uğurla fəaliyyət göstərir və növbəti seçkilər də zamanında -2015-ci ilin payızında keçiriləcək”.

Qeyd edək ki, müxalifətin bir qisminin bir araya gəldiyi İctimai Palata məlum “videoqalmaqal”dan sonra parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə ayın 13-də keçmiş “Əzizbəyov heykəli”ndən parlament binasının qarşısınadək yürüş etmək qərarı verib.