• cümə, 19 Aprel, 21:23
  • Baku Bakı 24°C

Bahalaşan neft - iqtisadi, yoxsa siyasi səbəb?

27.09.17 10:00 2076
Bahalaşan neft - iqtisadi, yoxsa siyasi səbəb?
"Brent” markalı xam neftin bir barrelinin qiyməti son 2 il 3 ayın maksimumuna çatıb. Fins.azxəbər verir ki, "Brent” neftinin qiyməti ötən gün 4 faiz artıb. "Brent”in qiyməti 59,25 dollar/barrelədək bahalaşaraq, 2015-ci il iyulun 13-dən indiyədək ən yüksək səviyyəyə qalxıb. Hazırda "Brent” nefti Londonun ICE birjasında 59,22 dollar/barrelə, "Layt” nefti isə Nyu-Yorkun NYMEX birjasında 52,29 dollar/barrelə alıcı axtarır.

Bəs görəsən qiymət artımının səbəbi nədir? Bu artım yüksələn xətlə davam edəcəkmi, yoxsa müvəqqəti xarakter daşıyır?

İqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, neftin qiymətinin bahalaşmasının həm iqtisadi, həm də siyasi səbəbləri var: "Ümumiyyətlə, bu tendensiya sentyabrın əvvəlindən müşahidə edilir. Mən qeyd etmişdim ki, neftin bahalaşması üçün heç bir ciddi əsas yoxdur. Eyni zamanda, ucuzlaşma üçün də bunu demək olar. Məlum olduğu kimi, artıq, xeyli müddətdir vəziyyət onsuz da stabil xarakter daşıyırdı. Ümumiyyətlə, kiçik bir analiz aparsaq, belə demək mümkündür ki, neftin qiymətinin 50-55 dollar arasında dəyişməsi bütün hasilatçı ölkələr üçün məqsədəuyğun xarakter daşıyır. Əlbəttə ki, bir çox ölkələr istəyərlər ki, qiymətlər 70 ABŞ dollarının üstündə olsun. Ancaq bu, yaxın perspektivdə gözlənilmirdi və heç orta perspektivdə üçün də güman edilmirdi. Ancaq məsələ ondadır ki, neft elə bir məhsul növüdür ki, təkcə iqtisadi deyil, siyasi səbəblər üzündən də qiymət dəyişikliyinə uğraya bilir. 60 dollar rəqəminə yaxınlaşma meyllərinin ABŞ dollarının kursu ilə bağlı amillərə söykəndiyini qeyd etmişdim. Bəlli olduğu kimi, ABŞ valyutası möhkəmləndikdə, neft ucuzlaşır, dəyərdən düşdükdə isə bahalaşır. Məsələ isə bundan ibarətdir ki, Amerika valyutası bu il möhkəmlənməyi dayandırdı. Baxmayaraq ki, ABŞ mərkəzi bankı tərəfindən cari il ərzində üst-üstə 2 dəfə faiz artımına gedildi, dollar möhkəmlənmədi. Əksinə, Amerika milli valyutası bu gün də dəyərsizləşməkdədir. Neft də ona görə bahalaşmağa meyl göstərir. İndi isə buna siyasi səbəblər də əlavə olunub. Belə ki, neftin qiymətinin daha da yüksəlməsini şərtləndirən əsas məsələlərdən biri də Kürdüstan məsələsi və orada keçirilən referendumdur. Həmçinin, Şimali Koreya ətrafında cərəyan edən hadisələri də kənara atmaq lazım deyil. Ona görə də hesab edirəm ki, bu siyasi səbəblər aradan qalxsa, qiymət 60 dolları keçən deyil. Yox, əgər tendensiya dərinləşsə, indiki bahalaşma oktyabrda da davam edəcək”.
Məsələ ilə bağlı Neft Araşdırmalar Mərkəzinin rəhbəri İİlham Şaban da fikir bildirib. O qeyd edib ki, neft aləmi "kolbalıq günəşini" qarşılamağa hazırlaşır: "Bir neçə gündür ki, Brent nefti rekord vurur. Gün ərzində 4% artım olub və 2015-ci ilin 13 iyulundan sonra ilk dəfə 59 dollar həddini aşıb. Qeyd edim ki, neftin qiymətinin belə artımına 3 amil səbəb olub. İlk növbədə, İraq hökuməti referendum başlayan kimi bəyan etdi ki, Kərkük üzərində tam nəzarəti öz üzərinə götürəcək. Ərdoğan isə referendumun nəticələrinə dair jurnalistlərin suallarını cavablandırarkən deyib ki, İraq Kürdüstanın ümumiyyətlə indiyə kimi həyatda qalması sırf neft amili ilə bağlı idi. Onların dünyaya çıxışları, əldə etdikləri qazanc da neftin hesabınadır. O neftin kranı da mənim əlimdədir. Sonacan bağlayacağam. Bu çıxışdan sonra bazar iştirakçıları şokdan ayılmayıb və bu da qiymətlərə birbaşa təsir edir. 1974-cü ildə tikilən Kərkük-Ceyhan boru kəməri İraq neftinin Avropa istiqamətində inşa edilmiş ən uğurlu bir infrastruktur layihəsi hesab olunur. Özü də Kərkük nefti keyfiyyət baxımından yaxşı bir xammal hesab olunur. Avropada bu neftə maraq böyükdür”.

Ekspert digər məqamları da qeyd edib: "Bundan başqa son günlərdə ABŞ-da şist neft quyularının sayı azalmağa başlayıb ki, bu da öz növbəsində qiymətlərə təsir edən vacib amillərdəndir. Üçüncü bir səbəb isə, Beynəlxalq Enerji Agentliyinin açıqlaması ilə bağlıdır. Verilən açıqlamadan belə məlum olub ki, dünyada neft ehtiyatları azalır. Belə informasiyalar bazara pozitiv siqnallar ötürür və qiymətləri artırır. Azərbaycana gəldikdə isə deyə bilərəm ki, səkkiz ayda neft hasilatımızın 2 milyon ton azalmasına baxmayaraq, gəlirimiz ötən illə müqayisədə artıb. Bu minvalla getsə, hesablamalarıma görə, ötən il Neft Fondunun 5,8 milyard dollar gəliri olmuşdusa, bu il gəlir bundan 1 milyard dollar artıq olacaq”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər