• cümə axşamı, 25 aprel, 13:06
  • Baku Bakı 23°C

Bacardığı qədər bütöv bir insan olmağa çalışan aktrisa

19.12.19 10:30 773
Bacardığı qədər bütöv bir insan olmağa çalışan aktrisa
Demet Evgar: "Bundan sonra heç nə əvvəlki kimi olmayacaq”

Türkiyənin tanınmış aktrisası Demet Evgarın rol aldığı və böyük maraq kəsb edən "Avlu” serialı artıq bitdi. Belə ki, bir neçə mövsümdür böyük tamaşaçı kütləsi toplamağı bacaran serial nəinki Türkiyədə, elə Azərbaycanda da kifayət qədər sevilir və izlənilirdi. Serialda baş rolu canlandıran aktrisa Demet Evgar eyni zamanda Pangar Teatrında biri-birindən maraqlı obrazlarla da çıxış edir. O, Türkiyə mətbuatına verdiyi sonuncu müsahibəsində fərqli bir qadın hekayəsi olan "Hedda Gabler” tamaşası ilə səhnəyə geri döndüyünü elan edib.
- Yeni teatr mövsümünün ən iddialı tamaşalarından biri olan "Hedda Gabler”lə teatrsevərlərlə görüşdünüz. Nə üçün məhz bu əsəri seçdiniz?
- Əsərin ssenarisi çox az müraciət edilən bir mövzudur. 1800-cü illərdə yazılmış bir ssenaridir. Bu mətn iki il bundan öncə "National Theatre”da oynanılıb. Tamaşadan bəzi yerləri çıxararaq mətni bir az sadələşdirmişdilər. Mən tamaşanın bizdə oynanılması üçün icazə hüquqlarını iki il bundan öncə almışam. Açığı, iki əsər üzərində düşünürdüm və onlardan biri də məhz bu idi. Mənim üçün əsərin bugünkü həyatla səsləşməsi önəmlidir. Baş rol aldığım "Avlu” serialı bitdikdən sonra biz bu tamaşanın məşqlərinə başladıq. Serialın xarici versiyasında baş rola çəkilən aktyorun "İnstaqram” səhifəsini izləyirdim. Gördüm ki, həmin aktrisa da Hedda Gableri oynamağa başladı və mən də bunu bir işarə kimi qəbul etdim və biz bu layihəyə başladıq.

- Bu tamaşanın premyerasından sonra hansı reaksiyalarla üzləşdiniz?
- İbsen ssenarilərində daha çox ironiyanı ön plana çıxarır. Əslində burda sıxıntının tragediyasını izləyirik. Amma İbsen
bunu çox ironik şəkildə yazıb və tamaşanın içində qəribə bir komediya hökm sürür. Tamaşaçıların onu bu qədər gözəl qəbul etməsi, bizi xoşbəxt etdi.
- Hedda Gabler tamaşada can sıxıntısının tragediyasını ifadə edir. "İnsan nə üçün doğulub?”, "məqsədi nədir?”- kimi mesajlar ötürülür. Bəs Demet Evgarın həyatının mənası nədən ibarətdir?
- Hedda məqsədsiz bir qadındır. Heç bir məqsədi olmadığı üçün mübarizə apara bilmir. Tamaşa da bunu izah edir. Hedda iki saat boyunca tamaşaçıya bunu deyir "Bir də burdan bax”. Heç kim Heddayı oxuya bilmir. İnsanların və cəmiyyətin içində öz yalnızlığında boğulur. Mənə gəlincə isə yaşadığı coğrafiyanın, insanın qisməti olduğunu düşünürəm. Mövcud olduğum məkanda koordinatlardan bir növ cavabdehsən və insana verilən istedadın mövcudluğu necə dəyərləndirə biləcəyi ilə hərəkət edirəm. Əsas məqsədimi soruşsanız, bacardığım qədər bütöv bir insan olmağa çalışıram.
- Getdikcə teatra maraq daha da artır. Teatra olan marağın artması ilə bağlı sizin təəssüratlarınız nədən ibarətdir?
- Həqiqətən, inanılmaz bir şəkildə insanların teatra ayağı alışıb. Möhtəşəm bir şeydir. Bu, teatr sektorunun inkişafından xəbər verir. Həm tamaşaçını, həm də aktyorları yüksəldən bir vəziyyətlə qarşı-qarşıyayıq. Teatr insan üçün saflaşan müqəddəs bir məkandır. Eyni zamanda ən qədim sənət növüdür. Teatr insanın mənəvi ehtiyacını ödəyir. Teatrın formalaşması üçün aktyorun, çıxış edəcək bir səhnə və tamaşaçıya ehtiyacı var. Hazırda İstanbulda ən böyük problem teatr səhnələrinin azlığıdır. Böyük tamaşaların hazırlanacağı 500-600 nəfərlik teatr salonlarımız yoxdur. Bunun üçün də hazırlanan tamaşaların səsi zəif olur. Tamaşaçının səsi zalda aktyora qədər gəlib çıxır. Sənin səsin isə tamaşaçıya gedib çatmır. Bu problemlərin həll olunması vacibdir. Buna görə, məhz teatr üçün hazırlanan səhnələrə böyük ehtiyac var.

- Bu günə qədər yer aldığınız layihələrdən sizə ən çox hansı təsir edib?
- "Beyzanın qadınları” mənim üçün çox önəmli layihə idi. "Bir qadın, bir kişi” layihəsi məni daha çox tanıtdı. Bu layihədə özümü fərqli şəkildə tanımaq imkanı əldə etdim və nəhayət "Avlu” serialındakı obrazımla insanlara qadınların başına gətirilən faciədən danışdım və hazırda sənətimin zirvəsi Hedda Gablerdir. Bu layihələrin hər birində rol aldıqdan sonra özümə "bundan sonra heç nə əvvəlki kimi olmayacaq” deyirəm.
- Hansı sizin ruhunuzu daha çox bəsləyir, teatr, yoxsa serial?
- 2 aydır ki, sərasər olaraq bu tamaşanın üzərində çalışırıq. Özünü ətraf aləmdən təcrid edib çalışmaq, insanın iradəsini daha da möhkəmləndirir. İnsan özünü başqa bir yerə kökləyir. Təbii ki, bu qədər böyük bir komandanın birlikdə çalışmasının bir faydası var. Misal üçün "Avlu” serialından çox şey öyrəndim. Özlüyümdə bağlı qapıları açdığım bir layihə oldu. Mən teatrı serialdan ayırmıram. Bütün bu işlərdə əsas olan, çalışdığım komandadır. Rol aldığım bütün layihələrdə eyni əziyyəti çəkirəm. Çünki bu, komanda işidir. Özümü çəkib bir kənara qoymuram. Sadəcə mənim olmağım kifayət etmir, bu, bir-birimizin dəstəyi ilə ərsəyə gəlir. Film, teatr, serial üçün yalnız bunları deyə bilərəm ki, bu iş hamısı bir-birini bəsləyir.
- Bu yaxınlarda "Topal Şükranın macəraları” filmində rol aldınız. Filmin rejissoru Onur Ünlü ilə bundan əvvəl 3 filmdə çalışıbsınız. Sizi bir araya gətirən yalnız filmdirmi?
- Onur mənim köhnə dostumdur. Onunla ilk olaraq "Sən gecəni aydınladırsan” filmində çalışmışdıq. Bu, türk filminin çox önəmlilərindəndir. Sözügedən film heç kinoteatrlarda nümayiş olunmadı, sadəcə universitetlərdə göstərildi və festivallarda iştirak etdi. Mənə görə, bu film türk film sənayesinin 20 ən yaxşı filmindən biridir. Daha sonra "Eşqin görən gözlərə ehtiyacı yoxdur” filmi gəldi. Bu film təklifi isə qəribə oldu. Belə ki, Onur mənə dedi ki, bir ssenari yazmışam, orda bir qadın var. O
ki, sən söhbət edəndə hərdən qəribə bir baxışla yerə baxırsan və biz sənin hara baxdığını anlamırıq. Özlüyümüzdə "Bu qız kordurmu, görən hara baxır” deyə fikirləşirik. O baxışı istifadə edəcək bir qadın yazmışam. O qadını sən oynaya bilərsənmi? Yəni bu rol məhz mənə yazılmışdı. Həmin film də elə həyatıma daxil oldu.

- Filmdə heç bir dialoqunuzun olmamasına baxmayaraq mesajları tamaşaçıya tək və qısa şəkildə ötürən aktrisa üçün bu filmdə rol almaq necə bir hissdir?
- Filmin çəkilişləri ərəfəsində telefonum suya düşdü. 6-7 ay telefonsuz qaldım. Açığı telefonum olmadan böyük bir rahatlıqla yaşadım. Film çəkilişlərinə başlayarkən belə bir hadisənin yaşanmasını özümə bir işarət hesab etdim. Filmdə də heç bir dialoqum olmayınca, bir müddət danışmamaq qərarına gəldim. O səssizlikdə başqa şeylər danışmağa başladım. Əslində, səssiz bir film deyil, sadəcə dialoqsuz bir filmdir. Burada dialoqa ehtiyac da olmadı. Hazırda bu film "Qızıl portağal” kino müsabiqəsində yarışacaq və mən buna görə çox həyəcanlıyam.
- Rol aldığınız hər layihənin mərkəzində qadınlar və onların başına gələn hekayələr dayanır. Bu təsadüfdür, yoxsa sizin bilərək seçiminizdir?
- Həyatda hər insanın problemi olduğu kimi, bu problemlərin həlli yolları da var. Bu ölkədə torpaq altında qalmış çox qadın hekayəsi var. 1800-cü illərdə Hedda Norveçdə yazılmış bir hekayə ola bilər. O dönəmdə qadınlar da çox problemlər yaşayıblar. Mən isə XXI əsrdə yaşayan Demet olaraq belə bir şansım varsa və o dönəmin qadınlarının belə bir şansı yox idisə, bunu özümə bir məsuliyyət hissi kimi qəbul edirəm və bu da mənə çox yaxşı təsir edir. Bu obrazları əvvəlcə özüm, daha sonra daxilimi təmizləmək üçün canlandırıram.
- "Pangar” Teatrı ilə birlikdə davam etdirdiyiniz "Səhvlərin istehsal olunduğu atelye”, "İzləmə, anlama və oynama atelyesi”ndən başqa layihələriniz gözlənilirmi?
- Hazırda P”angar”ın repertuarına qoymaq istədiyi bir uşaq tamaşası var. Burada müasir rəqs, musiqilər hamısı yer alıb. Qarşıda isə daha böyük layihələrimiz var.
- "Səhvlərin istehsal olunduğu atelye” xüsusəngənclərə bu mesajı verir: "Öyrənmək üçün özünüzə səhv etmə azadlığı verin”. Bu günə qədər siz harda səhvlər edibsiniz?
- Səhvin böyüyü və kiçiyi olmaz. Səhv yavaş-yavaş böyüyən bir şeydir. Kiçik bir səhv etsəniz, onu görməzsiniz və bu səhviniz böyüyər, fəlakətə səbəb ola bilər. Bu atelyeni yaratmaq səbəbim bir səhvin nəticəsi idi. "Pangar”ı açdığımızda ilk tamaşamız "Maqbet” oldu. İlk tamaşamız üçün kifayət qədər tamaşaçı gəlmişdi. Dekorla bağlı böyük problemlərimiz yaşandı. Layihəyə davam etmək üçün bütün problemlərə göz yumduq. Nəticədə ortaya gözəl bir tamaşa çıxdı. Amma bu tamaşanı 4 dəfə nümayiş etdikdən sonra ləğv etmək məcburiyyətində qaldıq. Çox uğurlu bir tamaşa olsa da, tamaşaçıları ilə görüşə bilmədiyi üçün uğursuz oldu. Bu uğursuzluqdan sonra mənim uğursuzluq qorxularım başladı. Bu səhvdən nə qədər çox şey öyrəndiyimi gördüm və nəticədə belə bir atelye qurmağa qərar verdim. Öyrənməyin başqa bir yolu yoxdur. Jak Lekok dediyi kimi, səhv yoxdursa, hərəkət yoxdur, hərəkət yoxdursa, ölüm var.
- Gərgin iş rejiminiz var, bu qədər işdən sonra asudə vaxtda nələr edirsiniz?
- İstanbulun köhnə hamamlarına getməyi çox sevirəm. Uzun müddət qayıq sürmüşəm. Ancaq uzun müddətdir ki, buna ara vermişəm. Təbiətlə iç-içə olanda sanki enerji yığıram. Dəniz kənarında gəzməyi sevirəm.
- Məşhur biri olaraq İstanbulda yaşamaq necə bir duyğudur?
- İstanbulun dadını çıxarıram. Məni yolda görənlər şəkil çəkdirirlər və o insanlardan pozitiv enerji alıram. İnsan istəsə, özünü gizlədə bilər. Əgər kimsə tərəfindən fərqinə varılmağımı istəmirəmsə, Belqrad meşəsinə gedirəm.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər