Bağça işləmir, nənə də yaxasını ələ vermirsə...
Və ya işləyən xanımlar üçün
"uşağa kim baxsın” sualının kabusa dönməsi
3 aydan yuxarıdır ki, koronovirus pandemiyası ilə əlaqədar bağçalar bağlıdır.
Təbii, bağçaların bağlanması zəruri tələbdir və uşaqların virusa yoluxmasının
qarşısını almağa hesablanıb. Bu, məsələnin görünən tərəfidir. Ancaq işin görünməyən
tərəfi də var. Bəs valideynlər işləyirlərsə, uşaqları kimə həvalə etsinlər?
Mövzu ilə bağlı mediada çalışan xanım həmkarlarımızın fikirlərini öyrəndik. Və
məlum oldu ki, bu, həmkarlarımızın da həll edə bilmədikləri əsas problemidir.
"Kulis.az” saytının
əməkdaşı Günel Musa deyir ki, əgər uşaq sahibi olmağa qərar verirsinizsə,
üstəlik, işləyən bir anasınızsa, zehninizdəki ən böyük suallardan biri, hətta
ən əsası iş həyatına qayıtdıqdan sonra uşağınızı kimə əmanət etmək olmalıdır: "Uşağın
kimə əmanət edilməsi məsələsi doğurdan da işləyən anaların kabusudur. Çünki
həyatımızın ən dəyərli varlığını əmanət edə biləcəyimiz adamlar çox etibarlı
olmalıdır ki, ağlımız evdə qalmasın və rahat işləyə bilək. Bu dövrdə elə
etibarlı insanlar, təəssüf ki, çox azdır, hətta yox kimidir. Bundan əvvəl
nənələr bu işdə ən etibarlı adamlar idi. İndi təəssüf ki, müasir nənələr özünü
bu yükün altına verməkdə bir qədər tərəddüd edir. Mənim anam ekstremal
vəziyyətlər yaranmadıqca, yaxasını ələ vermir. Uşaqlarım olduqca hiperaktivdirlər
və ram olunmaları bir az çətindir. Onları bütün gün dayəyə etibar edə bilmərəm.
Ona görə də, yoldaşım hazırda işini evdən idarə edir və uşaqlara baxır. Uşaq
üçün atadan-anadan güvənli heç kim ola bilməz”.
"Yeni Müsavat” qəzetinin
müxbiri Xalidə Gəray bağçaların bağlanılmasının, rayonlara
gediş-gəlişin dayandırılmasının, ümumiyyətlə, işləyən valideynləri çətin
vəziyyətdə qoyduğunu qeyd edir: "Əlbəttə ki, karantin rejiminə riayət etmək hər
birimizin borcudur və bu, bizim sağlamlığımız üçündür. Lakin xüsusən də övladı
bağça yaşında olan valideynlər çox çətinlik çəkir. Bu vəziyyətdə ümid qalır
yalnız dayələrə. Məlum olduğu kimi, dayələr aylıq ən azı 350 manat tələb edir
ki, buna da hər valideynin imkanı çatmır. Bu o deməkdir ki, yay aylarında,
xüsusən də fərdi əmək fəaliyyəti ilə məşğul olan valideynlər çətinliklə
üzləşəcək. Adətən məktəblər bağlandıqdan sonra valideynlər uşaqlarını rayonda yaşayan
qohumlarının yanına göndərir, çox az qisim isə yay məktəblərinə müraciət
edirdi. Lakin artıq bütün bunlar da yoxdur. Düşünürəm ki, hökumət, işləyən
analar üçün güzəştlər tətbiq etməlidir. Bu güzəştlər mümkün qədər anaların
evdən onlayn rejimdə işləməsi üçün şərait yaratmaq və yaxud iş yerindən, ya da
dövlət tərəfindən dayənin əməkhaqqının qarşılanmasından ibarət ola bilər”.
"Modern.az” saytının
əməkdaşı Namidə Bingöl deyir ki, uşaq
bağçalarının bağlanması işləyən analar üçün ikiqat çətinlik yaradıb: " COVID-19
ölkəmizə ayaq açmağa başlayandan ali, orta, eləcə də məktəbəqədər təhsil
müəssisələri mövcud durum səbəbindən fəaliyyətini dayandırdı. Çətinliklə üzləşən
valideynlərdən biri olaraq bir neçə variant üzərində düşünmək məcburiyyətində
qaldım. Qızım 5 yaşında olduğu üçün vaxtının səmərəli və maraqlı keçməsini
təmin etməyə çalışdım. Hazırda işə çıxdığım üçün qızımı bağça müəlliməsinin
yanına qoydum. Təbii ki, müəyyən çətinliklər olsa da, hər gün marşrut
vasitəsilə uşağı müəlliməsinin yanına qoymağa məcburam”.
Axar.az saytının əməkdaşı
Nigar İxtiyarqızıqeyd edir
ki, uşaqla işləmək həm çətindir, həm də məsuliyyətli: "Pandemiyaya görə,
demək olar ki, martın sonundan evdən işləyirik. Mənim üçün əslində evdən
işləmək qətiyyən çətin deyil. Ancaq 4 yaşlı qızım var və onunla birgə evdən
işləmək çox çətindir. Pandemiyanın ilk günlərində yoldaşım da ("Yeni
Müsavat"ın əməkdaşı Emil Salamoğlu) evdən işləyirdi. Biz yazı yazanda,
uşaq demək olar, avara qalırdı. Səhər 9-da işim başladığı halda, 7-dən durub
yazı yazırdım ki, uşaq oyananda onunla
məşğul olum, yemək yedizdirim, bir az oynayım. Növbə ilə uşağa baxırdıq. Ancaq
maydan etibarən yoldaşım ofisdən işləyir. İndi gün ərzində həm yazı yazmaq, həm
yemək bişirmək, həm uşağa yemək yedizdirmək, onu yatızdırmaq, paralel olaraq
açıqlama almaq, onu diktofondan köçürmək məcburiyyətindəyəm. Uşaq qucağımda
yata-yata da yazı yazıram, yemək yedirə-yedirə də açıqlama alıram. İş bitəndən
sonra da uşaqla birgə həyətə düşürəm. Elə gün olur, yemək yeməyə belə vaxtım
olmur. Bina evində yaşadığımız üçün işləyəndə uşağı tək həyətə də buraxa
bilmirəm. Həyət evində bəlkə də uşaqla işləmək o qədər də çətin olmazdı. Ancaq
bina evində çox çətindir. Anam və bacım işlədiyi üçün uşağı qoymağa yerim yoxdur.
Bu səbəbdən, özümlə qalır. Çətin olsa da, bəzən maraqlı hadisələr də yaşanır.
Müsahibə alan zaman qızımın əlindən kuklası yerə düşdü və kuklanın əmziyi ağzından çıxdı. Kukla da, əmzik çıxanda
dayanmadan ağlayanlardandır. Telefon qulağımda, müsahiblə danışa-danışa
kuklanın əmziyini axtarırdım. Müsahibim səsi eşidib deyir ki, qızım, deyəsən
uşağın ağlayır, get sakitləşdir. Dedim, yox, kukladır. Belə maraqlı hadisələr də olur. Ancaq
ümumilikdə, körpə uşaqla evdən işləmək çox çətindir. Karantin günlərində, bəlkə
də, ən çox əziyyəti valideynləri işləyən azyaşlı uşaqla çəkir".
"Olaylar” informasiya
agentliyinin əməkdaşı Nigar Adildeyir ki, karantin qaydaları onun da iş
strukturuna təsir edib: "3 aydan artıqdır ki, ölkədə pandemiya şəraiti hökm
sürür. Bununla əlaqədar olaraq bağçalar bağlanıb, məktəblər isə onlayn rejimdə
fəaliyyətini davam etdirirdi. Etiraf edək ki, bu durum çalışan valideynlər üçün
daha çətin idi. Körpə övladlarını bağçalara etibar edib işə qaçan valideynlər,
xüsusilə analar, ilkin mərhələdə həm evdən çalışmalı, həm də övladları ilə məşğul
olmalı idilər. Onlayn iş rejimi aradan qalxandan sonra isə uşaqları kimə etibar
edəcəkləri problemi bir çox həmkarlarımızla yanaşı, digər peşə sahələrində çalışan
valideynləri də narahat etməyə başladı. Bu baxımdan, mən, körpə övladı olan
analardan bir az şanslıyam. Həm övladlarım körpəlik mərhələsini çoxdan
keçiblər, həm də valideynlərimlə birgə yaşadığım üçün bu cür çətin vəziyyətlə
qarşılaşmadım. Bizim çətinliyimiz ən çox, dərslərin və işin onlayn rejimdə
olduğu zaman yaşandı. Uşaqlarla kompüter, mobil telefonumuzu bölüşdürə
bilmirdik. Bu zaman da valideynlərim bizi çətin vəziyyətdən xilas edərək, öz
mobil cihazlarını təqdim etdilər”.
Xəyalə Rəis