Baba olmaq hələ tezdir - Keçmişdəki mən
Doqquz uşaqlı ailədə doğulub, səkkiz qardaş,
bir bacı olublar. Digər qardaşlarından fərqli olaraq, dəcəl deyil, sakit bir
uşaq olub. Hətta öz yaşıdları dava edəndə, hansısa mübahisəni həll etmək istəyəndə
onun yanına gəlirmişlər ki, yoluna qoysun... Bəlkə də, elə hüquqa meyillənməyi
xarakterindən dolayı olub. Müsahibimiz «Digesta»
firmasının direktoru, hüquqşünas Ərşad Hüseynovdur.
Uşaqlığı
Laçın rayonunda keçib, həyatının ən gözəl xatirələrinin də o illərlə bağlı
olduğunu deyir: "1968-ci il avqustun 7-də Laçın rayonunun Mayıs kəndində doğulmuşam.
Uşaqlığım da o kənddə keçib. Kəndimiz balacadır, o vaxt 30-40 ev ancaq olardı.
Həyatımın ən gözəl xatirələri kəndimizlə bağlıdır. Kəndimizin hər tərəfi meşəlikdir,
bulaqlar, balaca çaylar var. Həkəri çayının əsas qolu olan Hoçaz çayı bizim kəndin
yaxınlığından keçir. O çayın səsi indi də qulağımdadır. Kəndimizin əhalisi
heyvandarlıqla məşğul olardı, yaylaqlara gedərdik. Belə baxanda Laçının hər
yeri yaylaqdır, bizim kənddə yay temperaturu ortalama 25 dərəcə civarında
olardı. Camaat hələ ordan da yaylağa gedirdi. Getdikləri yerlər daha soyuq
olurdu, üşüməmək üçün alaçıqda odun sobası qalayırdılar”.
"Bu mənim üçün xüsusi bayram kimi olurdu”
Ailənin
8-ci övladı olub, buna görə də böyük qardaşları ilə arasında yaş fərqi də
çoxdur. Böyük qardaşları Bakıda ali təhsil alanda o, hələ balaca uşaq olur.
Onların kəndə gəlməsini isə xüsusi səbirsizliklə gözləyirmiş: "Mən orta məktəbdə
oxuyanda böyük qardaşlarımdan ikisinin ali təhsili varıydı. Ən xoş xatirələrim
Bakıda yaşayan böyük qardaşlarımın kəndə gəlməsi idi. Bu, mənim üçün xüsusi
bayram kimi olurdu. Bir, ya ikinci sinifdə oxuyanda eşitdim ki, Sahib gəlib, -
avtobus kəndin ayağına gəlirdi - yüyürə-yüyürə qarşılamağa getdim. Dedi ki, sənə
traktor almışam. Saat mexanizmi ilə işləyən oyuncaq traktor idi. O qədər
sevinmişdim ki...”
"Orta təhsil almaq üçün 3 məktəb dəyişmişəm”
Orta məktəbdə
qiymətləri əla olub, məktəbi medalla bitirib. Deyir ki, artıq o illərdən zəhmətə
alışıb: "Bizim kəndimizdə təxminən, 50-ci illərdə məktəb olub, sonra qonşu kəndlərdəki
kiçik məktəbləri birləşdiriblər, bizim kənddə məktəb bağlanıb. Ona görə qonşu kəndlərdə
oxumuşuq və orta təhsil almaq üçün 3 məktəb dəyişmişəm. Qiymətlərim əlaydı, məktəbi
medalla başa vurdum. İnsanın xarakteri də məktəb illərində formalaşır. Mən
gözümü açıb zəhmətkeş bir ailə görmüşdüm, halallıq, dürüstlük varıydı. Məktəbimiz
də bizə zəhmətkeş olmağı aşılamışdı. Ağlım kəsəndə gördüm ki, böyük qardaşlarım
ali təhsil alırlar. 4-5 yaşımda qardaşlarım mənə şahmat oynamağı da öyrətdilər”.
Bəs çoxuşaqlı
ailəni saxlamaq valideynləri üçün çətin olmayıb? Ə.Hüseynov deyir ki, bu suala
valideynləri sağ olsaydılar, daha yaxşı cavab verərdilər, amma o bildirdi ki, ciddi
ehtiyac içində böyüməyib: "Asan deyildi, həmişə ehtiyacımız olub. Kənddə təsərrüfatla
məşğul olurduq, öz bağımız, heyvanlarımız varıydı. Atam işləyib əməkhaqqı
alırdı, böyük qardaşlar kömək edirdilər. Ona görə ailənin dolanmasına ciddi
sıxıntılar olmurdu. Əslində o dövr hamıda elə idi. Təbii ki, elə zəngin də
deyildik”.
"Mühəndisliyi seçməkdə bir balaca düz etmədiyimi
düşündüm”
Tələbəlik
illərinin də maraqlı keçdiyini deyir. Onun ilk seçimi başqa ixtisas olur, sonra
fikrindən daşınır: "Orta məktəbi bitirəndə Qorki (indiki Nijni-Novqorod) şəhərində
Texniki Universitetə avtomobil fakültəsinə qəbul oldum. Sovet dövründə əyani ali təhsil alsalar da, hərbi xidmət yaşına çatanda
oğlanlara təhsili bitirənə qədər möhlət verilmirdi. Birinci kursu bitirən kimi
hərbi xidmətə getdim. Xidmət etdiyim o iki ildə fikirlərimdə dönüş əmələ gəldi.
Mühəndisliyi seçməkdə bir balaca düz etmədiyimi düşündüm. O əhval-ruhiyyə ilə hərbi
xidmətdən döndüm. İxtisasımı dəyişmək üçün bir balaca yuxarıdan getdim.
Moskvada Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmaq istədim. Orta məktəbdə
xarici dil keçmədiyim üçün sənədlərimi qəbul etmədilər. Bildirdilər ki, orda əsas
qəbul imtahanı xarici dildəndir. Hüquqşünas olmağı qərara aldım, sənədlərimi
Bakı Dövlət Universitetinə verdim və hüquq fakültəsinə qəbul oldum”.
"Birinci kursdan həm oxudum, həm işlədim”
Gəncliyin
ümumilikdə gözəl yaş dövrü olduğunu deyir, amma o dövrü elə də rəngarəng keçirməyib:
"Bu, tək mənə yox, o dövrün bütün gənclərinə aid idi. Bizim gəncliyimiz keçid
dövrünün kulminasiyasını yaşadı, SSRİ-i dağılır, müstəqil dövlət yaranır,
tez-tez dəyişiklik olur, cəbhədə müharibə, faciələr və s. Tələbəlik illərimiz
gözəl keçsə də, xüsusi cavanlıq etdiyimizi deyə bilmərəm. Gəncliyimin olmadığı
fikrini də bir az məcazi mənada deyirəm. Əyləncəli, qayğısız vaxtlarımız az
olub. Düzdür, kinoya da getmişik, müəyyən əyləncələr də var idi. Amma bunlar
mütəmadi deyildi, qayğılarımız çox olub. Çünki qarışıq dövrə düşüb. 24 yaşında
birinci kursda oxuyurdum, Laçın işğal edildi, ailəmiz məcburi köçkün oldu. Mənə
kömək etmək imkanları yox idi. Düzdür, təqaüd alırdıq, amma o vaxt inflyasiya
tez-tez baş verirdi. Bir gündə 100 faizlik inflyasiya gedirdi. Ona görə
aldığımız təqaüd heç nə idi. Birinci kursdan həm oxudum, həm işlədim. Gözətçi
işlədim. Bu, formal bir iş idi, oturub dərslərimi oxuyurdum. Bəzən tikintidə
işləyən qohumlara da kömək edib pul qazanırdım”.
"Birinci dəfə kompüterlə əsgərlikdə işləmişəm”
Hər bir
yaş dövründən danışanda müəyyən mənada bəxtinin gətirdiyini deyir. Eləcə də hərbi
xidmətdə olanda: "Hərbi xidmət illərim mənim üçün gözəl xatırlayacağım dövrdür.
Elə bir hərbi hissəyə düşmüşdüm ki, sovet ordusunun xidmət nizamnaməsinin bir hərfi
belə pozulmurdu, elit hissə idi. Orda zabit bir əsgəri sözlə təhqir etsəydi, bu
komandanlığa bilinsəydi, ən azı töhmət alacaqdı, rütbəsi aşağı salınacaqdı və
s. Əsgərlər də onun kimi. Orda əsgərlərin dava etməyinə zəmin yox idi. Bizim hərbi
hissədə zabit əsgərdən çox idi. 130-135 nəfər əsgər, 160-a yaxın zabit vardı.
Xidmətin mahiyyəti belə idi. Birinci dəfə kompüterlə əsgərlikdə işləmişəm.
İndiki interneti xatırladan bir şəbəkə vardı. Orda xidmət məxfi olduğuna görə
bizə hərbi hava qüvvələrinin geyim formasını vermişdilər. Fərqləndirici
nişanlarımız da onlarınkı idi. Amma təyyarə heç görməmişdim. Sovet dövründə hərbi
xidmətdə əsgərlər arasında yarışma var idi. 5-6 ay hərbi hissənin ən yaxşı əsgəri
olmuşam. Mən tərxis olunanda şəklim və adım şərəf lövhəsində qaldı. Hərbi xidmətə
tələbəlikdən getmişdim, orada da imkan olan kimi oxuyurdum, öyrənirdim. Gündəlik
qəzetləri oxuyurdum, zabitlərlə tarixi müzakirələr edirdik, şahmat oynayırdıq.
Amma döyüş hazırlığımız da öz yerindəydi. İndi bizdə saunalar var, Kamçatkada hərbi
hissəmizdə ondan vardı. 10 kilometrlik marş-yürüşdən sonra hərbi hissənin
komandiri deyirdi ki, cavan oğlanlarsınız, girin 80-90 dərəcəlik buxarın içinə,
ordan da buz kimi suyun içinə hoppanmalısınız. Onu da edirdik, ləzzət alırdıq”.
"6 ay döyüşdə oldum”
Tələbəlik
illəri müharibə dövrünə düşür. Hərbi xidmətini başa vursa da, bir qrup tələbə
ilə birlikdə 1992-ci ilin fevral ayında - Xocalı soyqırımından əvvəl könüllü
kimi orduya qatılmaq üçün müraciət edir: "O dövrdə müharibə idi, qulağımız
radioda qalmışdı ki, harada döyüş gedir. BDU-nun bir qrup tələbəsi ərizə yazıb
döyüşə getmişdi, onlardan biri də mən idim. Döyüşəndə üç qardaş bir yerdəydik.
Qardaşımın biri ağır yaralanmışdı, xoş bir təsadüf nəticəsində sağ qalmışdı.
Bizim qərargah rəisimiz Füzuli Rzaquliyev sentyabr ayında dedi ki, əyani təhsil
aldığın üçün biz səni ştata sala bilmirik. Ona görə ya qiyabiyə keçməlisən, ya
da akademik məzuniyyət götürməlisən. Sonra məsləhət gördü ki, sizin ailədən iki
nəfər burda döyüşür, sən get dərslərini oxu. Sentyabrın 15-dən hərbi formamı,
silahı təhvil verib dərsə gəldim. Təxminən, 6 ay döyüşdə oldum”.
"Əmək kitabçam əsgərlikdən yazılır”
Universiteti
bitirib diplomunun mürəkkəbi qurumamış artıq iş də tapır. Ümumiyyətlə, iş cəhətdən
də elə bir problem yaşamadığını deyir: "Əmək kitabçam əsgərlikdən yazılır. Amma
hüquqşünas kimi işləməyə elə diplomu alandan dərhal sonra başlamışam. 1996-cı
ildə diplomu aldım, iş axtarırdım, ilk dəfə Müdafiə Nazirliyinin bir idarəsində
hüquqşünas kimi işə düzəldim. Amma sonra paralel bir neçə yerdə işləməyə
başladım. Elə vaxtlar olub ki, bir də baxırdım ki, dörd yerdə işləyirəm. 10 ilə
yaxın pedaqoji fəaliyyətlə, 3 ildən bir az çox vəkilliklə məşğul olmuşam.
2000-ci ildən "Digesta” hüquq firmasında fəaliyyətimi davam etdirirəm”.
Bir az
gec – 33 yaşında evlənib, 2 qızı, 1 oğlu var, böyük övladının 15, kiçiyinin isə
8 yaşı var. Deyir ki, tanımayanlar bəzən uşaqlarını nəvələri bilirlər: "Fikirləşdim
ki, özümə bir az şərait qurum sonra evlənim. Doğrudan, şərait yox idi. Atamgil
qardaşımın evində yaşayrıdılar. Mən ya evlənib onların yanına getməliydim, ya
da kirayədə yaşamalıydım. Seçimim belə oldu ki, öz şəraitimi qurum, sonra evlənim.
Həqiqətən də evim oldu sonra ailə qurdum. Bir dəfə balaca uşağı həkimə
aparmışdım. Tibb bacısı məni göstərib deyir ki, babaya bax. Elə bilir ki,
babasıyam. Baba olmaq hələ tezdir. Düzdür, bir az saçım tez ağarıb, ona görə elə
bilirlər ki, qocalmışam”.
"Dürüst, səmimi olmaq lazımdır”
Gənclərə
məsləhəti isə bir çox istiqamətdə oldu: "Öz taleyimdən razıyam, çünki heç vaxt
həyat prinsiplərimi pozmağıma zəmin olmayıb. Gənclərə də həyat prinsiplərini
qorumağı arzulayıram. Gəncliklərini faydalı keçirməyə çalışsınlar. Dürüst, səmimi
olmaq lazımdır. Bəzi adamlar düşünürlər ki, indiki zəmanədə irəli getmək üçün
fırıldaqçı olmaq lazımdır. Bunun axırı ya həbsxanadır, ya da ailən dağılacaq,
dostlarla əlaqələrin kəsiləcək. Ona görə də gənclər seçim edərkən yaxşı fikirləşməli,
fəal olmalı, daim inkişafa çalışmalıdırlar. Diplom almaq hələ hər şey demək
deyil. Həmin ixtisas üzrə iş tapmaq üçün göstərməlisən ki, səndə başqalarında
olmayan nələrsə var, kimsə lazımsan. Bunu göstərməsən, inkişaf getməyəcək, olsa
da, yarımçıq olacaq. Bir də ailə dəyərlərini qorumaq lazımdır. Ailə bütün mənada
insanın təməlinin qoyulduğu yerdir. Ailəsində problem olanda adam heç vaxt tam
olmur. Hörmət və qayğını ailədən əskik etmək olmaz”.
Aygün
Asimqızı