“AzQidaSert” sahibkarların xarici bazarlara çıxışını sürətləndirmək üçün əlavə imkanlar əldə edib
Azərbaycanda ilk dəfə olaraq
yerli sertifikatlaşdırma orqanı olan "AzQidaSert” beynəlxalq akkreditasiyadan
keçərək, sahibkarların xarici bazarlara çıxışını sürətləndirmək üçün əlavə
imkanlar əldə edib.
Azərbaycanda qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması və verilən sertifikatların beynəlxalq səviyyədə tanınması məqsədi
ilə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq "AzQidaSert”
sertifikatlaşdırma orqanı beynəlxalq akkreditasiyadan keçib. Beləliklə,
"AzQidaSert” sertifikatlaşdırma orqanları sırasında beynəlxalq akkreditasiyadan
keçmiş ilk orqan olaraq yerli məhsullara təqdim etdiyi sertifikatların Avropada
tanınmasına nail olub.
Sentyabrın 7-də akkreditasiya attestatının təqdimetmə
mərasimi keçirilib. Latviya Akkreditasiya Təşkilatının (LATAK) rəhbəri Olqa
Veylande sənədi "AzQidaSert” sertifikatlaşdırma orqanının direktoru Mahmud
Yusubova təqdim edib.
Tədbirdə çıxış edən "AzQidaSert”in direktoru Mahmud Yusubov sertifikatlaşdırma orqanının fəaliyyəti
haqqında məlumat verib. Bildirib ki,
orqan kənd təsərrüfatı və ərzaq məhsullarının
sertifikatlaşdırması üzrə ixtisaslaşıb və Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən
akkreditasiya olunub.
M.Yusubov bildirib ki, Azərbaycanda qeyri-neft məhsullarının
ixrac potensialını gücləndirmək məqsədilə aqrar sektorun inkişafına mühüm önəm
verilir. Bu istiqamətdə pambıqçılıq, baramaçılıq, şərabçılıq, tütünçülük,
üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində
stimullaşdırma tədbirləri həyata keçirilir. Azərbaycanda qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması və verilən sertifikatların beynəlxalq səviyyədə
tanınması üçün xarici dövlətlərlə bu sahədə münasibətlərin inkişaf etdirilməsinin
əhəmiyyətini qeyd edən orqan rəhbəri əlavə edib ki, bu məqsədlə "AzQidaSert” sertifikatlaşdırma orqanı bu ilin
yanvar ayında İSO/İEC 17065:2012 "Uyğunluğun qiymətləndirilməsi. Məhsulların və
xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara dair tələblər” standartına
uyğun olaraq beynəlxalq akkreditasiyadan keçmək üçün Latviyanın Akkreditasiya Təşkilatına
(LATAK) müraciət edib. İyun ayında LATAK əməkdaşları sertifikatlaşdırma
orqanında qiymətləndirmə aparıb, qiymətləndirmənin nəticələrinə əsasən
sertifikatlaşdırma orqanının İSO/İEC 17065:2012 standartının tələblərinə cavab
verdiyini müəyyən edərək akkreditasiya olunması barədə müvafiq qərar qəbul
ediblər.
M.Yusubov həmçinin qeyd edib ki, "AzQidaSert” sertifikatlaşdırma orqanı hazırda qida məhsullarının
təhlükəsizliyinin idarəetmə sistemlərinin sertifikatlaşdırıması sahəsində də
beynəlxalq akkreditasiyadan keçmək niyyətindədir.
Tədbirdə çıxış edən Azərbaycan Akkreditasiya Mərkəzinin
direktoru v.i.e. Sabiq Abdullayev son
illər ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində
akkreditasiyanın rolu haqqında danışıb. S.Abdullayev bildirib ki, bazarın
liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin
dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi
sahəsi üzrə akkreditasiyanın rolu danılmazdır.
Azad İstehlakçılar
Birliyinin sədri Eyyub Hüseynov da çıxış edərək istehlakçı hüquqlarının müdafiəsi
sahəsində sertifikatlaşmanın rolunun mühüm olduğunu diqqətə çatdırıb.
Latviyanın milli akkreditasiya qurumunun rəhbəri
Olqa Veylande Azərbaycanla Latviya arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar
çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O,
keyfiyyət infrastrukturu sahəsində, xüsusən uyğunluğun qiymətləndirilməsi,
akkreditasiya sahələrində əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini
bildirib.
Tədbirdə İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Respublika
Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq İdarəsi, "Ərzaq Tədarükü və Təhlükəsizliyi” ASC və digər dövlət,
qeyri-hökümət təşkilatı nümayəndələri, həmçinin sahibkarlar iştirak edib.
Məlumat üçün bildirək ki, "AzQidaSert”
sertifikatlaşdırma orqanının
Latviyanın milli akkreditasiya qurumu tərəfindən akkreditasiya olunması
Azərbaycanda yerli məhsullara verilən uyğunluq sertifikatlarının Avropa Birliyi
ölkələrində tanınmasını təmin edəcək. Bu, yerli sahibkarların xarici bazarlara
çıxarkən əlavə vaxt və maliyyə xərclərinin azaldılması, maneəsiz ixrac
imkanlarının genişlənməsinə imkan yaradır.