• cümə, 29 Mart, 09:43
  • Baku Bakı 5°C

“Azğın”: roman, yoxsa cızma-qara gündəlik?

24.02.20 12:15 2833
“Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
Dil
Bir müəllif danışdığı, mənsub olduğu ədəbiyyatın dilinə yalnız bu qədər yad ola bilərdi. Cəlil Cavanşirin şeirlərində də bu cür naqolay dil pintiliklərinə rast gəlirik, amma poeziya hardasa bunu bağışlayır. Mövzu romandırsa, bir qədər geniş masştabda danışmalıyıq və dil faktını önəmli hesab etməliyik.
Məşhur romançı Henri Ceyms mövzu və dil münasibətləri haqqında yazanda öz "Portret” romanından misallar çəkir və etiraf edir ki, bu cür romanı ənənəvi mətbəxin dilində yaza bilməzdi, çünki təsvirlərdə çətinlik çəkərdi. Ceyms romanın məğzini dəyişmədən başqa forma tapır və formanı sadə dillə danışa biləcəyi detallarla doldurur. "Portret” ədəbiyyat tarixində müəyyən yeri olan, yada salınan bir roman olsa da, nə zamanı üçün, nə də gələcək illər üçün önəmli bir şey ifadə etmədi. Buna baxmayaraq müəllif öz romanının çatışmazlıqlarını görürdü, mətnini bu yarımçıqlıqdan xilas edə bilmişdi.
"Azğın”ı isə müəllif nəinki dilin çirkabından xilas edə bilməyib, özü yeni palçıq topaları düzəldib üstünə-başına yaxıb. Bəzi səhifələrdə romanın redaktə olunması şübhə altında qalır. Müəllifin bildirdiyinə görə, roman dörd ilə yazılıb. Bu həqiqətdirmi, yalandırmı bir o bilir, bir də roman. Ancaq mənə elə gəldi ki, yazıçı üç-dörd ay içində başına gələnləri, xatırladıqlarını tez-bazar "vördə” köçürüb nəşriyyata qaçıb. Dilimizin ən dayaz prinsiplərini, ən fundamental qaydalarını şumlaya-şumlaya ora öz səriştəsiz hadisə tapıntılarını səpən yazıçımız sonda "Azğın” kimi bir məhsul götürdü.
Günümüzün romanında dil nə qədər vacibdir, hansı səviyyədə təhlil olunur? Bu haqda yüzlərlə yazı, məqalə var (görünür, müəllifin qarşısına çıxmayıb). Məşhur ədəbiyyatşünas, dil və tərcümə problemləri haqqında dünya səviyyəli məqalələr yazan Devid Damroş "Dünya ədəbiyyatı nədir?” adlı məşhur kitabında dil faktının yenilənən dünyada, son əlli ildə isə Amerika ədəbiyyatının təsiri ilə hansı forma aldığını yazır. Devid Damroş bədii dilin ümumiləşmiş forması ilə məişət dilinin eyni olmadığını yazır. Yəni, sadə dildə roman yazacağam deyib bir dənə də olsun bədii təsvirdən istifadə etmirsən və ya hadisəyə dil qatında müdaxilədən çəkinirsənsə (bunun səbəbi ya bədii dili bilməməkdi, ya da bədii dilin nə olduğunu bilməməkdi), yazacağın mətnin ədəbiyyata yaxından-uzaqdan əlaqəsi yoxdu. "Azğın” ilk olaraq dil müstəvisində yarımçıq, izah olunmayacaq dərəcədə bədiilikdən uzaq mətndir.

Hadisə
"Azğın” realist, bir qədər avtobioqrafik və bu bioqrafiyanı maraqlı etmək üçün uydurulmuş yarı naturalist, yarı nihilist bir romandır. Cəlil Cavanşir nihilist bir ədəbiyyatçının güzgüdə uşaqlığı ilə qarşılaşmasını, kənddə baş verən bir ailə hadisəsini yazır. Nə qədər də şablon! Amma bu yazıla-yazıla sapı sökülmüş mövzuda yaxşı bir nüansı da yazım. Uşaqlığında gördüyü mühafizəkar cəmiyyət və bu günün bir qədər demokratik şərtləri qarşı-qarşıya gətirilir. Şərq və Qərbin müqayisəsi deyərdim, amma mətn o qədər lokal xarakterlər daşıyır ki, nə bütöv anlamda Şərqi, nə də bütöv anlamda Qərbi təsəvvür edə bilirik. Eyni mövzunu işləmiş sələflərindən fərqli olaraq Cəlil həyatından fraqmentlər ataraq bütöv ictimai rəyi deyil, yalnız öz pəncərəsindən gördüklərini yazır (buna görə bioqrafıq roman deyirəm). Yazıçının həyata münasibəti subyektivləşir. Və seçdiyi gerçək əhvalatlar bir-biri ilə "yola getmir”. Gi de Mopassan mövzu haqqında yazanda seçdiyimiz həqiqətlərə diqqət etməli olduğumuzu bir neçə abzasda təkrarlayır. Məsələ, əsərin sosial xarakter daşıması ilə bağlı deyil, nə qədər vacib olacağı ilə bağlıdır. Əgər yazıçını tanımasam, bu romanın on yeddi-on səkkiz yaşında bir gəncin yazdığını düşünərdim. Romanın müəllifi şair təhkiyəsindən uzaqlaşıb hər axşam cızma-qara elədiyi gündəliyi kimi bir mətnlə oxucunu təəccübləndirmək istəyir. Yersiz intim səhnələr, bukovskivari dayaz düşüncə pridmenti, bədii təsvirlərə ac mətn və müasir romanın önəmli hesab etdiyi forma-məzmun harmoniyasının olmaması "Azğın”ın nə qədər ciddi mətn olmasını məchul saxlayır.
Obrazlar və ya tək bir obraz romanı hadisə kasadlığından qurtara bilər. Müəllif obrazların şəxsi həyatında olan "tapıntılar” və pis vərdişlər xaricində heç bir xarakteristika aparmır. Bəzən kafkaist manevrlər etmək istəsə də, mətnin intellektual qatı, psixologiya ilə səsləşə bilməməsi yazıçını yarı yolda qoyur. Şair obrazı Cəlil Cavanşirin özüdür. Bu da kifayət edir ki, həmin obrazı oxucuya daha yaxın etsin. Görünür, şairimiz tənbəllik edib və Kafka olmaq yerinə Bukovski olmağı seçib.
Kənddə baş verən hadisələri ayrıca bir roman kimi yazsa maraqlı fraqmentlər alına bilərdi. Kənd həyatındakı sirlər həmişə ədəbiyyata maraqlı olub. Cəlil nə edir bəs? Tapdığı (bəlkə də, yaşadığı) hadisələri modern roman adına calaq edir şəhərdəki şairin bohem həyatına. Bu hadisələri bir-birinə bağlayan tək sap isə şairin uşaqlığıdır. Roman üçün xüsusi və bəlkə də, kulminasiya nöqtəsində partlamalı olan Dəli Cəmo obrazınn fitili çəkilsə də, romanın sonuna qədər tüstü püskürür – müəllif bombanı partlatmır. Əvəzində finaldakı şair obrazının intihara cəhd, Ponun təsvirlərini xatırladan baş kəsilməsi səhnəsini oxuyuruq. Bu səhnələr təsirlənmə deyil, imitasiya deyil, bilmirəm nədi, ancaq alınmadığını dəqiq deyə bilərəm.

Üslub
"Azğın” romanı nə yeni dil hadisəsidir, nə yeni mövzudur, nə də yeni üslub gətirib. Roman janrı hər yeni nümunədə özünə "update” "verir”. Ümumiyyətlə, bədii əsər yeni nəsə vəd etməlidir. Ənənəvi olsa belə, içində mütləq hansısa detal, təsvir oxucuda təəccüb doğurmalıdır. Əgər romançı bunu edə bilmirsə, yazdığından bir şey ummasın.
Sənət özünü bütün hallarda Xeyir tərəfdən görür. Bunun üçün çalışır. Mən hansısa bədii əsərin mütləq cəmiyyətə nələrsə öyrətməsinin, hansısa problemlərin həll yolunu axtarmasının tərəfdarı deyiləm. Onsuz da, Azərbaycan ədəbiyyatında bu yolun nə qədər uğursuz olduğunu ötən əsrin əvvəllərində gördük. İctimai mövqeyi nə qədər tərənnüm etsə də, bunu fərdi şəkildə yox, əsərin çıxdığı toplumun adından çıxış edir. "Azğın” heç bir müsbət sosial mesaj vermir, buna gərək də yoxdur. Ancaq bu roman nə üçün yazılıb, yəni məğzi nədir, bu da sual altında qalır.
Romanın strukturu, dili qərb təfəkküründə olmaq istəyir, ancaq bacarmır. Həyatın içindəndir, ancaq hansı həyatın onu göstərə bilmir. Müəyyən bir çoxluğun ikili yaşam tərzini ifadə edir, ancaq hansı çoxluğun adını çəkməyə utanır. Oxucular bu romanı Bukovski səviyyəsində dəyərləndirib, bəlkə də, zövq aldılar, ancaq Cəlil özünü aldada bilməyəcək.
Şeirlərindəki sərgərdanlıq nəsr əsərində də var, başda qeyd etdiyim kimi. Amma roman poeziya deyil axı. Poeziya bağışlayır, nəsr yox. Bəlkə də, içindəki lirik dillə yazsaydı romanı bu qədər kobud, səliqəsiz mətn alınmazdı.
Belə... "Azğın”, məncə, nəinki çağdaş ədəbiyyatımızda, həm də Cəlil Cavanşirin yaradıcılığında da şeirlərinin kölgəsində qaldı. Şairin ifadə etmək istədiyi fikirləri, həyat tərzini başa düşmək olur. Amma, elə "istəmək” felində də ilişib qalır. Düşünmək asan, yazmaq çətin, necə deyərlər. Bu roman haqqında ikinci tərəfi "amma”larla dolu cümlələrin azğınlaşan daha bir neçə səhifə yazmaq olar. Məncə, oxucu özü oxuyub qiymət versə daha gözəldir.

Rəvan Cavid
banner

Oxşar Xəbərlər