AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azercell jurnalistlər üçün növbəti ingilis dili kursu elan etdi

Azercell jurnalistlər üçün növbəti ingilis dili kursu elan etdi

Cəmiyyət
11 Oktyabr 2013, 16:48 2524
«Jurnalistlər üçün ingilis dil kurslarının məqsədi azərbaycanlı jurnalistlərin dil biliklərini inkişaf etdirmək, onların ingilis dilli mənbələrdən maneəsiz istifadəsinə yardımçı olmaqdır. Medianın inkişafı sahəsində bu layihə böyük bir addımdır». Bu fikirlər “Azercell” Telekom MMC şirkətinin «Kaspi» Tədris Mərkəzi ilə birgə təşkil etdiyi «Jurnalistlər üçün ingilis dili kursları»nın növbəti mərhələsinin başa çatması münasibətilə sertifikatların təqdimetmə mərasimində səslənib.

«Kaspi» Tədris Mərkəzinin təsisçisi Sona Vəliyeva qeyd edib ki, Azercell-in jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları 6 ay ərzində davam edib. Belə ki, mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. S.Vəliyeva Azercell şirkətinin bu layihə üçün məhz Kaspi TM-i seçməsinə aydınlıq gətirib: «Azercell şirkəti media işçiləri üçün bu layihəyə start verəndə biz üzərimizə böyük bir öhdəlik götürdük. Bu məsuliyyətli işi respublikada fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə həyata keçirdik. Biz bu işə Poliqlot şöbəsi ilə başladıq. Dünyanın ən məşhur universitetləri ilə partnyorluq əlaqəmizin olması, xaricə göndərdiyimiz 300-ə yaxın tələbənin nüfuzlu universitetlərdə təhsil alması, ölkədə fəaliyyət göstərən ən yaxşı universitetlərdə abituriyent şöbəsinin 500-ə yaxın məzununun təhsil alması, beynəlxalq TOEFL imtahanlarının burada keçirilməsi və s. Azercell şirkətinin bizə inamı demək idi. Sevinirik ki, biz bu işi uğurla həyata keçirdik». Layihənin əhəmiyyətindən danışan S.Vəliyeva işin məzmununun artıq ortada olduğunu diqqətə çatdırıb: “Azercell layihənin icrasına vəsait ayırır, həm də öz vəsaiti hesabına ingilis dilini təkmilləşdirmək üçün hər il iki jurnalisti Londona göndərir. Bu, həm bizim layihənin uğuru, həm də Azercell tərəfindən ortaya qoyulan ideyanın reallaşması deməkdir. Hesab edirəm ki, bu gün kursa yazılan hər bir jurnalist çox iddialı şəkildə qarşısına məqsəd qoymalıdır. Jurnalistlər bu iddiada olarlarsa, həm bu layihənin güclənməsinə, həm də kursa jurnalist axınına səbəb olarlar».

Azercell-lə əməkdaşlığın daha da genişlənəcəyini qeyd edən təsisçi şirkətin gələcək fəaliyyətində media ilə bağlı çoxlu layihələrin olduğunu qeyd edib. Belə ki, TM-də jurnalistlər üçün rus dili kurslarının açılmasına start verilib «Elə gənc jurnalistlər var ki, onlar orta məktəbdə rus dilini keçməyiblər. Həm keçmiş MDB ölkələrində, həm də Şərqi Avropa ölkələrində bu dildə danışmanı və bu dildə informasiya təbliğatının geniş olmasını nəzərə alaraq şirkətin rəhbərliyi rus dilində qrupların açılmasını qərara alıb. Bu layihələr sizin inkişafınıza dəstək olmaqla, dünya mediasına inteqrasiyanıza, beynəlxalq mətbuatla informasiya mübadilənizə kömək edəcək».

«Sizinlə bu layihə ətrafında görüşümüz artıq ənənəyə çevrilib» deyən Azercell şirkətinin prezidenti Kiril Qaburiç qeyd edib ki, artıq 3 ildir ki, Azercell jurnalistlər üçün dil kursları təşkil edir: “Bugünə kimi 100-dən çox KİV nümayəndəsi ixtisaslaşmış ingilis dili kurslarında iştirak ediblər. Bu il isə həmin kursdan 48 jurnalist keçib. Azərbaycanda formalaşmış media və yaxşı jurnalistlər var. Biz onların inkişafına təkan vermək üçün bu layihəni həyata keçiririk. Düşünürəm ki, bu, sizə daha çox ünsiyyət qurmağa, çevik informasiya əldə etməyə kömək edəcək». K.Qaburiç qeyd edib ki, jurnalistlərin istəyinə əsasən, bu ildən etibarən rus dili kursları da təşkil ediləcək. O, maraqlı olanları bu kurslara yazılmağa dəvət edib: « Bu prosesdə bizim əsas partnyorumuz “Kaspi”dir. Kurslarla yanaşı, bizim jurnalistlərlə bağlı başqa layihələrimiz də olacaq”.

Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev qeyd edib ki, elan olunacaq növbəti layihəyə yalnız jurnalistlər qatıla bilər. Belə ki, Azercell şirkətinin marağı peşəkar jurnalistlərin ingilis dili bacarığının artırılmasıdır: «Kursa qatılanların minimum dil bazası olmalıdır. Kurslara qoşulmaqla iş bitmir, tələblərdən biri iştirakçıların davamiyyəti, nizam-intizam və dərslərdən fayda götürülməsidir. Kursun normalarını yerinə yetirməyənlər dərslərdən kənarlaşdırılacaq». E.Əliyev qeyd edib ki, bu il 29 jurnalistə sertifikat təqdim olunur: «Baxmayaraq ki, 48 nəfər dərslərə başladı. Amma dərslərdə davamlı iştirak edə bilməyənlər imtahanlardan kəsilərək kənarlaşdırılıb».

Tədbirin sonunda ingilis dili kursunu uğurla başa vuran jurnalistlərə sertifikatlar təqdim olunub. Eyni zamanda, imtahanlarda yüksək nəticələr qazanan iki jurnalistin adı açıqlanaraq, onların Böyük Britaniya ingilis dilinin təkmilləşdirilməsi kursuna göndərilməsi barədə məlumat verilib. Həmçinin, ingilis və rus dili kurslarına yeni qrupun toplanması elan olunub.

Təranə Məhərrəmova