Azərbaycanlıların birliyi dövlətimizin qüdrətindən xəbər verir
Müəyyən
səbəblər üzündən dünyanın bir çox yerlərinə səpələnmiş Azərbaycan xalqının
həmrəyliyi məsələsi tarixi proseslərin doğurduğu məntiqi nəticədiR. Dünyada 50
milyondan çox azərbaycanlı yaşamaqdadır. Bu böyük qüvvəni bir amal ətrafında
birləşdirmək yalnız müdrik bir liderə nəsib olan hadisə idi. Bu mənada tarixi
proseslərə düzgün qiymət verən və əsrin dili ilə danışmağı bacaran bu qüdrətli
şəxsiyyət ümummilli lider Heydər Əliyev idi. "XXI əsrin astanasında dünya
azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac vardır”, – deyən
ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmaq
təşəbbüsü ilə çıxış edərək özünü bir daha qüdrətli bir strateq kimi təsdiq
etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilən ulu öndər Heydər
Əliyev 1989-cu il dekabrın 31-də Naxçıvan əhalisinin Arazboyu ayırıcı
sərhədləri yıxıb birlik, həmrəylik nümayiş etdirmələri hadisəsini böyük bir
ideyanın başlanğıc günü olaraq qiymətləndirdi və 1991-ci il dekabrın 16-da
sərəncam imzalayaraq 31 dekabrı "Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik
Günü” kimi təsis etdi.
Ümumiyyətlə,
belə bir tarixi əhəmiyyətli günün qeyd edilməsi nə vəd edirdi? Ulu öndərimizin layiqli siyasi varisi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə deyirdi: "Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi
dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq,
azərbaycançılıq duyğuları və ideyaları təşkil edir. Bu yüksək ideyaların
birləşdirici dəyərlər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında
yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin
yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin müqəddəs
amalı idi”. Demək ki, bu ideya hər şeydən əvvəl harada yaşamasından
aslı olmayaraq azərbaycanlıların fəallaşması, bir vətən və ideya, məfkurə
ətrafında birləşməsinə xidmət edirdi. Bu ideya hər bir azərbaycanlını, 50
milyonluq nəhəng xalqı milli məfkurə ətrafında birləşdirmək üçün möhtəşəm addım
idi. Bu ideya XX əsrdə müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin ən böyük
zəfərlərindən biri idi.
Dünya
azərbaycanlılarının birlik və həmrəyliyinin ideya mərkəzində milli məfkurə,
azərbaycançılıq ideologiyası dayanır. Ümummilli lider Heydər Əliyev demişdir: "Vətəndən,
ana torpaqdan şirin şey yoxdur. Siz düşünməyin, Azərbaycan sizə nə etməlidir?
Düşünün ki, siz Azərbaycan üçün nə etməlisiniz. Şərt odur ki, insan milləti,
vətəni, torpağı üçün nə edib?”.
Bu
sahədə təşkilatçılıq işini gücləndirən ümummilli lider 2001-ci il mayın
23-də dünya azərbaycanlılarının I qurultayının keçirilməsi barədə
sərəncam imzalamış, müxtəlif ölkələrdən qatılan 600-dən çox nümayəndənin və
çoxsaylı qonaqların iştirakı ilə 9-10 noyabrda Bakıda ilk möhtəşəm qurultay
keçirilmişdi. Ümummilli liderimizin növbəti 2002-ci il 5 iyul tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, dövlət-diaspor
əlaqələrinin sıxlaşması üçün münbit ideya-nəzəri və təşkilati zəmin
hazırlanmışdı. Həmin il dekabr ayının 27-də "Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya
azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirmişdir.
Beləliklə, dövlət-diaspor əlaqələrinin sıxlaşması üçün münbit ideya-nəzəri və
təşkilati zəminin hazırlanması işi başa çatdı.
Bu
sahədə ulu öndərimizin atdığı addımları, zəngin siyasi kursu Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev böyük məharətlə davam etdirir.
Ölkə başçısı dünya azərbaycanlılarının həmrəyliyi sahəsində daha yüksək uğurlar
əldə edilməsi üçün bütün imkanları səfərbər etdi. Bu əhəmiyyətli işin davamı
olaraq dünya azərbaycanlılarının II, III və IV
qurultayları keçirildi. Dünya azərbaycanlılarının keçirilən qurultayları
ciddi siyasi həmlə və mütəşəkkil təşkilatlanmalarla yadda qaldı. Bu sahədə işin
düzgün təşkili isə Azərbaycanın dünya birliyində təbliği və tanınması işinə öz
töhfələrini verdi. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı
Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin
əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı, dekabrın 19-da Bakıda
Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının
Həmrəylik Xartiyası qəbul edildi. Bu dövrdən etibarən dövlətimizin diaspor
siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması
nəticəsində yeni mərhələyə qədəm qoymuş, onların doğma Vətənə olan
bağlılıqlarını artırmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl
xarakter almasının nəticəsidir ki, bu gün ölkəmizi xaricdə 400-dən çox diaspor
təşkilatı təmsil edir.
2012-ci ilin mart ayında yaradılmış Dünya Azərbaycanlı
Gənclər Birliyi də dünya azərbaycanlılarının həmrəyliyi işinə öz töhfələrini
verməkdədir. Rusiyanın Moskva, Amerika Birləşmiş Ştatlarının Hyuston, Fransanın
Paris və Türkiyənin Kocaeli şəhərlərində artıq fəaliyyətə başlamış Azərbaycan
Mədəniyyət mərkəzləri zəngin mədəni irsimizin təbliği ilə yanaşı, diasporumuzun
imkanlarını da xeyli genişləndirməkdədir. Bu sahədə qazanılan uğurlar
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və qazanılan etimadında özünü aydın
nümayiş etdirdi. Azərbaycanın Avroviziya beynəlxalq musiqi müsabiqəsində qələbə
qazanması, Birləşmiş Millətlər Təşkilatının qeyri-daimi üzvlüyünə qəbul
olunması, Avropa Şurası Parlament Assambleyasının iclaslarına sədrlik etməsi və
sair məhz böyük siyasətimizə uğurla başçılıq edən Heydər Əliyev məktəbinin
layiqli davamçısı cənab İlham Əliyevin möhtəşəm müvəffəqiyyətlərindəndir. Bu
böyük siyasət adamı təkcə dünya azərbaycanlılarının birliyi üçün təşkilatçılıq
xidmətləri göstərməmiş, həm də Heydər Əliyev yoluna uyğun olaraq müasir
inkişafın tələblərini nəzərə alaraq yeni vəzifələr, fəaliyyət prinsipləri
müəyyənləşdirmişdir. Böyük siyasətçi Prezident cənab İlham Əliyev dünya
azərbaycanlılarının III qurultayında həmrəylik məsələsinə, birlik ideyasının
ortaya qoyduğu vəzifələrə, azərbaycançılıq məfkurəsinə diqqət çəkərək demişdir:
"Bizim
xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma
Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki,
harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim
vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların
vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var –
Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!”.
Bu
gün dünyanın harasında, hansı ölkəsində olursa-olsun, milli məfkurə,
Azərbaycançılıq ideologiyası ətrafında birləşən
çoxmilyonluq Azərbaycan xalqı, azərbaycanlı ordusu var. Bu isə, əlbəttə,
böyük qələbədir, daha böyük zəfərlərə gedən yolun başlanğıcıdır. Bu qələbənin
səbəbkarı və bu ordunun komandanı, sərkərdəsi isə ümummilli liderimiz Heydər
Əliyevdir. Ümummilli liderimizin həyat yolu, fəaliyyət və fikirləri hər bir
azərbaycanlı üçün proqram-mexanizmdir. O proqram ki, bizi Vətən yolunda
birliyə, həmrəyliyə səsələyir: "Hal-hazırda qarşımızda duran ən vacib və
taleyüklü vəzifələrdən biri əl-ələ verərək dünya azərbaycanlılarının hər hansı
bir ölkədə və mühitdə yaşamaq, fəaliyyət göstərmək, özünün milli-mənəvi
dəyərlərini qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı,
qədim tarixə və demokratik dövlətə malik olan xalq kimi təmsil olunmaq hüququnu
təmin etməkdir”.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin böyük elmi
işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent