• cümə axşamı, 28 mart, 15:05
  • Baku Bakı 16°C

Azərbaycanlıları Gürcüstana çəkən səbəblər

12.12.17 11:30 2311
Azərbaycanlıları Gürcüstana çəkən səbəblər
2017-ci ilin yanvar-noyabr ayları ərzində 1 milyon 556 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Bu barədə Trend Gürcüstanın Milli Turizm Administrasiyasına istinadən xəbər verir. Qeyd olunur ki, bu, ən yüksək göstəricidir. Rusiyaya gəlincə, həmin dövrdə 1 milyon 309 min 900 rusiyalı Gürcüstana səfər edib. Bu, keçənilki göstərici ilə müqayisədə daha çoxdur. Bundan əlavə, bütün postsovet dövrü ərzində il ərzində ilk dəfə olaraq respublikaya bu qədər rusiyalı gəlib. Türkiyəyə gəlincə isə Gürcüstana səfər edənlərin sayı 1 milyon 136 mindir. Maraqlıdır, azərbaycanlı turistləri Gürcüstana çəkən səbəblər hansılardır? Bu sualın cavabını ekspertlərimiz verdilər.
Bazar araşdırmaçısı (marketoloq), həvəskar səyahətçi video-blogger Vaqif Hüseynov bildirir ki, bunun səbəbi ilk olaraq Azərbaycan hava yolları şirkətinin təklif etdiyi qiymətlərdədir: "Biletlər çox fantastik qiymətə satılır. Bu qiymətlərdən dolayı insanlar lou-kost şirkətlərdən istifadə edirlər. Hansı ki, bu şirkətlər aşağı büdcəlidir və uçuşları bizə yaxın ölkələr arasında əsasən Gürcüstandan olur. Çox sadə bir nümunə deyim, misal üçün - mən və dostlarım bu dəfə yeni ili Avropada qeyd etməyi düşünürük. Biz Gürcüstana gedib, oradan uçacağıq. Yəni orta büdcəli insan olaraq öz büdcəmə qənaət edirəm. İkinci faktor isə Azərbaycanda gecə həyatı anlayışının olmamağıdır. Buna görə də, gecə həyatı yaşamaq istəyən gənclər həftə sonu üçün Gürcüstana üz tuturlar. Digər məsələ isə xaric ab-havasının olmasıdır. Yəni sırf "istirahətə getdim” demək üçün ən yaxın ölkə kimi Gürcüstanı seçirlər”.

Bakı şəhəri strateji olaraq çox gözəl tranzit mövqedə yerləşir, amma təəssüf ki, sadaladığım faktorlar bu əlverişli şərait imkanını Bakıdan alır” deyən səyahətçi qeyd etdi ki, normalda lou-kost şirkətlər beynəlxalq qanunvericiliyə görə, əsas aeroportdan uça bilməz: "Yəni rəqabət prinsiplərinə zidd olduğuna görə, ikinci dərəcəli hava limanından istifadə olunmalıdır. Buna görə də, Gürcüstanda Tbilisidən yox, Kutaisidəki hava limanından istifadə edirlər. Bizdə isə Bakıdan yox, Gəncədən, Qəbələdən, Lənkərandan aşağı büdcəli uçuşları həyata keçirmək olar. Bundan başqa, hansı ölkələrə uçuş tələbatı var, onu da nəzərə almaq lazımdır. "Buta Airways” açıldı, bu, yaxşı haldır. Amma uçuşların sayı hazırda çox məhduddur. Bunu genişləndirsələr, daha yaxşı olar. Ayda 3 dəfə yox, hər gün uçuşların olmasını təmin etmək lazımdır”.

Müsahibimiz Gürcüstana gedənlərinin sayının çox olmasına təsir edən başqa bir səbəbi də qeyd etdi: "Digər bir səbəb budur ki, ölkədaxili bəzi onlayn ödənişlərə, misal üçün onlayn alış-veriş saytlarına əlavə dəyər vergisi tətbiq edilir. Bu işlə intensiv məşğul olan şəxslərin büdcəsində ciddi fərq yarandığından, Gürcüstana gedib orada özlərinə hesab açırlar və ödənişləri bu yolla edirlər. Sözsüz ki, bu da Gürcüstana gedən insanların sayına təsirsiz ötüşmür”.

"Çox gəzən bilər” verilişinin aparıcısı Mirsəməd Cəfərlideyir ki, statistik hesablamalarda Azərbaycandan Gürcüstana müxtəlif məqsədlər üçün gedən hər kəsi turist kimi qeydə alırlar, ona görə də belə böyük rəqəm alınır: "Yəni 1 milyon 556 min insanın 10 ay ərzində ora turist kimi getməsi real deyil. Sərhədi keçən hər kəsi turist sayırlar. Onu da deyim ki, hazırda Gürcüstanda istirahət elə də ucuz başa gəlmir. Çox məhdud imkanları, balaca otaqları olan rahatlıqdan kənar otellərdə 10-15 manata qalmaq mümkündür. Bəzi insanlar uzaq xarici ölkələrə gedə bilmirlər və Gürcüstan onlar üçün ən yaxın xarici ölkə kimi daha səmərəlidir. Təbii ki, qiymətlər Azərbaycanın bölgələrindəki qiymətlərdən nisbətən ucuzdur”.
Müsahibimiz deyir ki, yeni turizm obyektləri tikilməlidir: "Bizim daxili turizm obyektlərimiz həddən artıq azdır. Yəni ölkəmizə gələn turist axınını təmin edə biləcək sayda deyil. Ona görə də, bayram ərəfəsində və ya hansısa bir tədbir olanda, otellər 10-15 gün öncədən tutulur. Gərək regionlarda 3-4 ulduzlu turizm obyektləri tikilsin”.

Turizm üzrə ekspert Rüfət Məmmədovbildirir ki, əsas səbəb ölkələr arasındakı qiymət fərqidir: "Azərbaycanla Gürcüstan arasında turizm sahəsindəki qiymət fərqi 30-40 faizdir. Azərbaycanda istirahət etmək, Gürcüstandakından baha başa gəlir. Gürcüstan həm qış, həm da yay mövsümü üçün turizm imkanlarına malik olan ölkələrdəndir. Digər bir səbəb isə Gürcüstanda kazinoların olmasıdır. Hər otelin öz kazinosu var. Bu baxımdan, bəzi insanlar sırf buna görə həftənin 5-ci günü sərhədi keçib ora gedir və bazar günü qayıdırlar”.
Günel Azadə

banner

Oxşar Xəbərlər