• şənbə, 20 Aprel, 13:16
  • Baku Bakı 23°C

Azərbaycanlılar “O Səs Türkiyə” yarışmasından qəsdən uzaqlaşdırılıblar?

10.01.17 09:30 1935
Azərbaycanlılar “O Səs Türkiyə” yarışmasından qəsdən uzaqlaşdırılıblar?
Son 2 gündə sosial şəbəkələrdə və mətbuatda bir məsələ - "O Səs Türkiyə” yarışmasından azərbaycanlı iştirakçıların kənarlaşdırılması geniş müzakirə olunur. Belə ki, seçim turlarında Nofəl Aslanov, Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadova müsabiqəni tərk etmək məcburiyyətində qalıblar. Müsabiqənin seçim turlarından ələnən iştirakçılar bunu müxtəlif versiyalarla əlaqələndirsələr də hələ ki, qarşı tərəf əsas məqamı açıqlamır.
Tanınmış sənətçi, Əməkdar artist Aybəniz Haşımova "facebook” sosial şəbəkəsində məsələ ilə bağlı status paylaşıb. A.Haşımova media əhlinə ismarış göndərdi: "Dəyərli jurnalistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi bilirsiniz. Kiçik bir iradımı qəbul edin. Son vaxtlar mətbuatımızda "O Səs Türkiyə”yarışması ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi xoş olmadı. Həmin müsabiqədən dəyərli səs sahibləri Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər istedadlı iştirakçılar uzaqlaşdırıldı. Halbuki, münsiflər yalvararaq onları komandalarında görmək istədiklərini bildirmişdilər. Düşünürəm ki, onlar siz yazdığınız haqlı iradların əvəzini istedadlı gənclərdən çıxdılar. Canları sağ olsun. Təki, Türkiyə yaşasın, başı bəla görməsin. Təki, dərd yarışma dərdi olsun. Türkiyə, nə olursa olsun,Azərbaycan sizinlədir”.
Bu, qərəz deyil nədir?
Aybəniz xanımın məlum statusundan sonra iştirakçılarımızın ələnməsi ilə bağlı fərziyyələr daha geniş şəkildə müzakirə olunur. Əməkdar artist Aybəniz Haşımova ilə əlaqə saxlayıb məsələnin əslini öyrənməyə cəhd etdik: "Sözügedən müsabiqədə münsiflər kürsüsündə əyləşən Gökhan və Hakan ikilisi bizim iştirakçılarımızın dördünü də eyni anda ələyib. 6 iştirakçının içərisində 4 azərbaycanlı olub ki, onların hamısı yarışmadan kənarlaşdırılıb. Necə oldu ki, bu dörd gözəl ifaçıdan birini seçmədilər? Qətiyyən ola bilməz. 40 ilə yaxındır peşəkar musiqi ilə məşğulam. Onlar musiqidən xəbəri olmayan insanları aldada bilərlər, ancaq məni əsla. Bu işin bir bilicisi kimi deyə bilərəm ki, sənətlərinə, istedadlarına bəlli olduğum ifaçıların hamısı Gökhan və Hakan tərəfindən qərəzlə üzləşiblər. Bu, qərəz deyil nədir? Necə olur ki, bu dörd nəfərin biri yaxşı oxumadı? Uşaqlar mənə deyəndə ki, kəsilmişik, dərhal düşündüm ki, burda bir qərəz var. Qərəz də nə üçündür? Çünki son zamanlar bizim mətbuatda "O səs Türkiyə” yarışması ilə bağlı çox tənqidi yazılar yer aldı. Bizim xalq mahnılarımızı "anonim” şəkildə qeyd edirdilər. Bu barədə mətbuat nümayəndələri haqlı olaraq öz etirazlarını bildirdilər. Çünki biz qardaşıq, bir millət, iki dövlətik. Bizə qarşı bunu başqası etsə, bizi yandırmaz. Niyə sən mənim müəlliflərimin adını anonim yazırsan? Bu, bizi narahat edirdi. Bizim müxbirlərimiz son vaxtlar kəskin şəkildə onları tənqid etdilər. Gökhan da acığını belə çıxdı. Vətənimin övladları özlərini sınamaq, təsdiq etmək üçün zəhmətləri ilə əziyyət çəkib, müsabiqələrə qatılırlar, öz yarıdıcılıqlarında bir işıq ucu tapmağa çalışırlar”.
Aybəniz Haşımova gənc istedadlara özlərini realizə etmələri üçün geniş meydanın olmamasından da giley etdi. Belə ki, televiziyalarda pulu olmayan gənc istedadlara efirlərə çıxmaq üçün şans yaradılmadığını deyərək, iradını bildirdi: "Bizim uşaqlar öz güclərinə gedib beynəlxalq arenada səhnəyə çıxırlarsa, niyə biz onlara dəstək olmayaq? Bu gün gözəl səslərin həsrətini çəkirik. Bütün günü giley edirsiniz ki, səsi olmayanlar efirləri zəbt edib. Bəs onda gözəl səsli ifaçılara niyə kömək etmirsiniz? Niyə onların özlərinin özlərinə açdığı kiçik cığırda maneə yaradırsınız? Mənim iradım bütün jurnalistlərə aid deyil. İşini bilən, istedadlı jurnalistlərimiz də kifayət qədərdir. Ancaq bir qrup jurnalistlər də var ki, pöhrəni kökündən kəsb atmağa cəhd göstərirlər. Gənc istedadların həvəsdən düşməsi üçün əllərindən gələni edirlər. Onların yazdıqları xəbərlər də gedib türk qardaşlarımızın qulağına çatır, onlar da inciyir və əvəzini belə çıxırlar. Adını da qoyurlar ki, sizdən gözləməzdim. Əgər qarşı tərəf qeyd etsə ki, azərbaycanlı iştirakçılar seçim turunda pis oxuyublar, təəccüblənmərəm. Qoy göstərsinlər, sübut etsinlər ki, bizimkilər pis oxuyublar. Hər halda yəqin ki, videosunu çəkiblər. Əgər görsəm ki, həqiqətən də iştirakçılarımız pis oxuyub və onlar haqlı olaraq kəsiliblər mən özüm şəxsən onlardan üzr istəyərəm”.

Əməkdar artist həyatını istedadlı gənclərin yetişməsinə həsr etdiyini və onlar üçün yaşadığını da dedi: "İstəmirəm ki, Azərbaycanın istedadlı gəncləri haqsızlığa məruz qalsınlar. Niyə bizim bəzi jurnalistlərimiz onları belə vəziyyətə salırlar? Gənclər belə şeylərlə üzləşəndə mənim əlim soyuyur. Bizim dövrümüzdə mənə belə haqsızlıqlar olsaydı, bu sənətdə qalmazdım. İstedadlı insanı batırmazlar, onun istedadının inkişafı üçün şərait yaradarlar. Mən elə insanam ki, tələbələrimin kefi olmayanda mənim də kefim olmur. Belə olan halda, bu şəraitdə Azərbaycanda istedad yetişər, yoxsa yox? Əslində həmin statusu yazmayacaqdım, özümü çox sıxdım. Sizin burda yazdıqlarınız gedib onların qulaqlarına çatır. Onlar düşünürlər ki, siz bizim qardaşımızsınız, lap yanlışım var, bunu niyə ağardırsan?”.
Aybəniz xanım gələn il tələlərinin həmin yarışmada iştirak etməsinə mane olacağını qeyd etdi. Bildirdi ki, tələbələrindən kimsə icazəsiz getsə, həmin tələbədən küsəcək. Hər dəfə belə hallarla rastlaşanda sanki ömrünün gödəldiyini deyən A.Həşimova əsəb keçirdiyini bildirdi: "Təzyiqim var, infarkt keçirə bilərəm. Məni niyə bu hala salırsınız axı? Bu məsələdə jurnalistlərdən çox inciyirəm. Çünki onlar bəzi məsələləri çox şişirdilər. Onlar Aygün Səmədzadənin mahnısı ilə bağlı məsələdə aləmi bir-birinə vurdular. Aygün xanımın mahnısı onsuz da heç vaxt anonim yazıla bilməz. Türk mediası yazdı ki, "Azərbaycandan türklərə hörmətsizlik”. Bunu düşmən də görür axı. Məsələni şişirdib aləmi bir-birinə qatmaq lazım deyil. Görünür onlar da bizdən küsüblər”.
Azərbaycanlıları Gökhan və Hakan kənarlaşdırıb
"O səs Türkiyə” mahnı müsabiqəsində ələnən azərbaycanlı iştirakçı Zülfü Əsədzadə də məsələ ilə bağlı fikirlərini bizimlə bölüşdü. Dedi ki, onlar özləri də nələrin baş verdiyini anlamadılar: "Mediada yazılıb ki, iştirakçılar yarışmadan uzaqlaşdırılıb. Uzaqlaşdırma qovulma kimi başa düşülür. Guya, biz oxumamışıq, sadəcə, müsabiqədən uzaqlaşdırılmışıq. Amma belə deyil. Dünya layihəsi olmasına baxmayaraq "Acun media” otaq turu təşkil edib. Həmin turlar efirdə yayımlanmır. Bu format yalnız Türkiyədə reallaşdırılır, digər "The voice”lərdə belə bir şey yoxdur. Türkiyədə isə həmin tur 3-4 ildir ki, həyata keçirilir. Təbii ki belə bir vəziyyətlə qarşılaşmağımız xoş olmadı, amma bu bir yarışmadır. Qrupda 85 nəfər var idi. Onları da qruplara bölürdülər. Bizi 6 nəfərlik bir qrupa saldılar. Onlardan 4-ü azərbaycanlı idi. İlk olaraq məsələni başa düşmədik, şübhələndik və oxumaq üçün səhnəyə çıxdıq. Otaq turu "duel” turundan əvvəl olur. Bu tur efirə getmir. Düzdür, efirdə göstərirlər, ancaq müəyyən bir hissəsini. Biz ifamızı göstərirdik, onlar isə seçim edirdilər. Bizim hamımızı bir qrupa salanda şübhələndik ki, niyə belə etsinlər. Səhnəyə çıxmamışdan əvvəl fikirləşirdik ki, burda nəsə var. Dedik ki, yəqin azərbaycanlılardan 2-sini çıxararlar. Biz özümüzə güvənirdik və bilirdik ki, bizdə o potensial var. İlk turdan iştirakımız böyük səs gətirmişdi. Ona görə də düşünmürdük ki, belə tez ələnərik”.

İfaçı deyir ki, müsabiqədən bütün azərbaycanlı iştirakçıların ələnməsi ilə bağlı yayılan məlumatlar yanlışdır: "Dünən oxudum ki, guya bütün azərbaycanlı iştirakçılar müsabiqədən kənarlaşdırılıb. Əslində bu məlumat düzgün deyil, orada digər münsiflər də var. Azərbaycanlıları sırf Gökhan və Hakan kənarlaşdırdı öz komandasından. İstəmirəm ki, digər iştirakçılara haqsızlıq olsun”.
"Yaşasın qaydalar, anlayış və gözəl musiqi”
Müsabiqədə ələnən digər iştirakçı İlham Nəzərov isə mətbuata açıqlamasında onlarla birgə Türkiyə vətəndaşlarının da yarışmadan kənarlaşdırıldığını söyləyib: "Heç bir problemlə üzləşməmişik. Biz "duel” turunda iştirak etdik. Bu tur tamaşaçısız keçirilir. Acun Ilıcalı hər dəfə yarışmaya fərqli format qatır. Duellərdə münsiflər bizi seçmədi. Təkcə azərbaycanlılar yox, türkiyəlilər də ələndi”.

Bəstəkar Murad Arif sözügedən müsabiqədə hansı proseslərin getdiyini yalnız müsabiqənin təşkilatçılarından öyrənməyin mümkün olduğunu və fərziyyələrin heç də özünü doğrultmadığını dedi: "Ötən il həmin müsabiqədə Elnurun qalib olmasını nəzərə alıb, azərbaycanlıların uzaqlaşdırılması versiyasına inanmıram. Həmin müsabiqədə milli məqamlar rol oynamır. Açığını deyim ki, bu il Elnur qədər güclü iştirakçı orada yox idi. Eləb ir iştirakçı olsaydı, o, yüz faiz finala qədər gedərdi. Bu yarışmadır, hər şey ola bilər”.

Türk dünyasının bizdən inciməyinə, yarışmada Azərbaycan mahnıları ilə bağlı müəllif məsələlərinə gəlincə isə bəstəkar qeyd etdi ki, istənilən xalq mahnısı ilə bağlı "anonim” yazması normal haldır: "Əgər mahnının müəllifinin adı bəlli deyilsə, orada yunan xalq mahnısı, yaxud da çeçen xalq mahnısı yazılmaz, anonim yazılar. Müsabiqələrdə oxunan bəstəkar mahnılarımıza gəlincə, hər bir sivil ölkənin öz müəllif agentliyi və ya bəstəkarlar ittifaqı kimi qurumları var ki, bu qurumlar dünya agentliklərində öz bəstəkar mahnılarını qeydiyyatdan keçirməlidir. Əgər Türkiyənin tele-yarışmasında kimsə Tofiq Quliyevin mahnısını oxuyursa, müəllif olaraq anonim yazılırsa, bu da bizim səhvimizdir ki, Türkiyədə keçərli olan hər hansı beynəlxalq müəllif agentliyində Tofiq Quliyevin mahnılarını qeydiyyatdan keçirməmişik. Digər tərəfdən, bizim dilimiz bu məsələdə ona görə qısadır ki, uzun illərdir ki, bizim televiziyalarda əcnəbi mahnılar da icazəsiz və müəllifi qeyd edilmədən oxunur. Yaşasın qaydalar, anlayış və gözəl musiqi”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər