Azərbaycanlı olduğumu heç vaxt unutmuram - Fotolar
Gözünü açıb evdə musiqi alətləri görüb, qulaqları musiqi sədaları eşidib. Elə
bu faktorlar onun musiqiyə meyl etməsinə səbəb olub. Heç 5 yaşı olmamış, artıq
pianino ifa etməyə başlayıb, zaman keçdikcə isə daha peşəkar musiqiçiyə
çevrilib, özü tələbələr yetişdirib. Bu günsə ölkənin hüdudlarından kənarda
musiqini tədris edir. Özü də hələ musiqinin yeni inkişaf tapdığı ölkədə... Müsahibimiz
Oman Sultanlığının Sultan Qabus Universitetində (Sultan Qaboos University)
pianino müəlliməsi kimi çalışan həmyerlimiz Vüsalə Yusifdir.Qeyd edək ki, Vüsalə
Yusif 1978-ci ildə Sumqaytıda anadan olub. Əvvəlcə Musiqi Texnikumunda oxuyub,
sonra isə Bakı Musiqi Akademiyasında həm bakalavr, həm də magistr təhsili alıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
-
Azərbaycanda musiqiçi kimi fəaliyyət göstərmisiniz. Bəs necə oldu ki, Omana
getməyə, orda çalışmağa qərar verdiniz?
- Bəli, mən burada
musiqiçi kimi çalışırdım. Sumqayıt Musiqi Texnikumu, Xırdalan Musiqi Məktəbi,
Azərbaycan Milli Konservatoriyasında müəllim işləyirdim. Lakin sonra Omanda
Sultan Qabus Universitetində müəllim işləmək şansı olduğu haqda eşitdim. Dedilər
ki, imtahan əsasında seçim ediləcək. Alman-Azərbaycan Mədəniyyət Birliyi Kapellhaus-da
imtahan oldu. Həm solo ifa etdim, həm də ingilis dili qabiliyyətim yoxlanıldı.
Namizədlər çoxuydu, amma bir neçə nəfər seçildi. Onlardan biri də mən oldum. Məni
universitetə fortepiano müəllimi seçdilər. Yeni musiqi departamenti
yaradılmışdı, müəllimlərə çox ehtiyac varıydı. 2011-ci il oktyabrın 26-dan
artıq orada çalışıram.
-
Artıq 6 ilə yaxındır ki, ordasınız. Bundan
sonra da orada çalışacaqsınız?
- Bəli. Ora mənim üçün çox
maraqlıdır, müsəlman ölkəsidir. Tələbələrimin hamısı omanlılardır. Orada çalışmaq istəyimin
bir səbəbi də omanlı tələbələrin mənə daha çox ehtiyacı olması ilə bağlıdır.
Çünki Azərbaycanda musiqi məktəbləri, müəllimlər çoxdur. Təkcə elə
konservatoriyamızın bir əsrə yaxın yaşı var. Amma orada musiqi departamentinin
yaradıldığı heç 5 il deyil. Musiqi məktəbi isə ümumiyyətlə, yoxdur. Uşaqlar 18
yaşında musiqi təhsili almaq üçün universitetə gəlirlər. Biz onları
hazırlayırıq. Düzdür, onların içərisində pianinonu artıq ikiəlli çalaraq gələnlər
də var. Kimlərinki orta məktəbdə musiqi müəllimi yaxşı olub, həvəslənib nələrisə
öyrənib, öz üzərlərində işləyib. Amma bu faiz çox azdır. Əsasən, heç bir
qabiliyyət olmadan gəlirlər.
-
Bu cür gec inkişafın səbəbi nədir?
- Çünki 1970-ci ilə qədər
Omanda çox mövhumatçı vəziyyət olub. Səhiyyə, elm
inkişaf etməyib. Klinikalar yoxuymuş. Qadınlar adi uşaq dünyaya gətirən zaman həyatlarını
itirirmişlər. 1970-ci ildə Sultan Qabus hakimiyyətə gəldikdən sonra Omanın
intibah dövrü başlayıb. İndi Omanda çox böyük "Royal Opera House” var. Hansı ki ora dünyanın dörd bir tərəfindən
məşhur musiqiçilər dəvət olunur. Bizim musiqi departamentimiz var. Sohar şəhərində də
musiqi departamenti varıydı. Artıq valideynlər özləri qızlarının musiqiçi, həkim,
müəllim olmalarını istəyirlər. Əvvəl universitetə tələbələri qapı-qapı gəzib,
valideynlərdən xahiş-minnətlə götürürmüşlər. İndi hamı özü axışıb gəlir. Artıq
o qədər müraciət var ki, seçimlə götürürlər.
-
İnsanları yeniliyə alışdırmaq, o cür mühitdə çalışmaq heç də asan olmaz yəqin
ki...
- Onların daha çox söhbətə
ehtiyacları var. Mən onlara musiqinin üfüqlərinin geniş olduğunu anladıram.
Musiqi müəllimi olub, nəğmə dərsi keçməkdən əlavə, musiqinin zirvələri olduğunu
çatdırıram. Azərbaycanda 6-7 yaşlı uşağın musiqidən bildiyini orada 17-18 yaşlı
adam bacarmır. Bu yeniliyi qurmaq çox çətindir. Bir dəfə bir qızı ikinci kursa
qədər gətirdim. Sonra qardaşları onu başqa universitetə, musiqidən uzaq fakültəyə
keçirdilər. İki il müddətində gördüm ki, qız çox gözəl ifa edir. Amma sən demə,
bütün ailəyə qarşı duraraq o musiqi təhsili alırmış. 2 ildən sonra ailəsinin səbri
daşdı və qızı musiqidən uzaqlaşdırdılar. Qız ağlaya-ağlaya departamentdən
ayrıldı. Azərbaycanda müğənnilərin ailə qurmasının çətin olması yanaşması var.
Orada isə düşünürdülər ki, musiqi müəllimi də ailə qura bilməz. XX əsrin əvvəllərində
bizdə olan vəziyyətdir. İndi orada bu cür düşünən 13-14 faiz insan olar. Amma əksər
ailələr artıq qızlarının oxumasını istəyir. Neft ölkəsidir, pulları da var.
Amma düzgün istiqamətə xərclənməyib. Sultan Qabus hakimiyətə gəldikdən bu yana
sanki yeni Oman tarixi yazılıb.
-
Deyəsən, nə qədər çətin olsa da, bu işi görmək sizin üçün maraqlıdır. Çünki çox həvəslə danışırsınız...
- Bəli. Bakıda hər il İslam
dünyası ölkələrinin gənc klassik musiqi ifaçılarının beynəlxalq
festival-müsabiqəsi keçirilir. Çox istəyərdim ki, oradakı tələbələrimi bura gətirim.
Amma hələ o səviyyəyə tam çatmayıblar. Almaniyadan gəlib universitetdəki musiqi
departamentinin fəaliyyəti ilə bağlı akkreditasiya edirdilər. Hər bizimizə
dedilər ki, siz mədəniyyət naziri olsaydınız nə demək istərdiniz? Dedim ki, heç
olmasa hər şəhərdə bir musiqi məktəbi olsun. Hansı ki valideynlər 6 yaşından
uşaqlarını ora qoysunlar, 18 yaşında bizə versinlər. Biz gedib o musiqi məktəbində
master klasslar keçərik, müəllimləri öyrədərik. Bununla daha irəli getmiş
olarıq. 17-18 yaşda başlayanda inkişaf ləng edir. Bu təklifimi çox bəyəndilər.
-
Azərbaycana gələnlər insanların qonaqpərvər olduğunu deyirlər. Bəs orada necədir?
Uyğunlaşma çətinliyi yaşadınız?
- Çox qonaqpərvərdilər. Kimdənsə
nəsə kömək istəyəndə, "əlhəmdülillah” deyir. Yəni Allah min şükür ki, mənə savab
iş görmək üçün şans yaratdın.
-
Musiqiyə marağınız necə yaranıb?
- 4 yaş yarımdan sonra artıq
pianinoda çalmağa başlamışam. Musiqiyə marağım isə anama görə yaranıb. Anam
Validə xanım tar müəllimi olub. Gözümü açıb evdə musiqi alətləri görmüşəm.
-
Solo karyeranızla məşğul olursunuz? Yoxsa ancaq müəllimlik fəaliyyəti ilə kifayətlənirsiniz?
- Mən həmişə solo fəaliyyətlə
məşğul olmuşam. Azərbaycanda tək və müştərək solo konsertlər verirdim. 2007-ci
ildə Almaniyanın qərb hissəsinə heyətlə səfər etmişdik. Orada mən bədii rəhbər
idim. Həm qrupun konsertini təşkil etdim, həm də solo. Universitetdə də solo
çıxışlarım olur. Hər gün formadayam və özümü inkişaf etdirirəm. Mən pianino
üçün doğulmuşam. Uzun müddət çalmasam belə, iki-üç saata özümü formaya sala
bilirəm. Sevinirəm ki, mənim barmaq, beyin quruluşum belədir. Ola bilsin ki,
başqa sahədə axsayım. Solo fəaliyyətlə müəllimlik fəaliyyəti yanaşı getməlidir.
Məşhur pianoçu Pavel Serebryakov deyir ki, ifaçı-müəllim. Əgər müəllim özü ifa
edə bilmirsə, necə öyrədə bilər? Müəllim əgər musiqiçidirsə, həmişə ifa etməlidir.
-
Ölkəmiz Omanda necə tanınır? Siz ölkəmizin tanıdılması üçün hansı işləri
görürsüz?
- 2011-ci ildə - yeni
getdiyimdə demək olar ki, tanımırdılar. İlk tanışlığımız Tofiq Quliyevin, Fikrət
Əmirovun pyeslərini tələbələrə verməklə oldu. Daha sonra turizmimiz zamanla
inkişaf etdi ki, bunun sayəsində tanıyanların sayı daha çox oldu. Qəbələ, Quba
və s. bölgələrimizdə olub fikir bildirənləri görürük. Mən İstanbulda,
Sinqapurda, Tokioda beynəlxalq konfranslarda iştirak etmişəm. Hər dəfə də Azərbaycan
klassiklərinin əsərləri ilə qatılırdım. Hər dəfə soruşurdular ki, Oman
musiqisindən nə vaxt olacaq? Amma qan özünü göstərirdi və Azərbaycan musiqiçiləri
ilə bağlı çıxış edirdim. Həm də mənim doktorluq dissertasiya mövzum idi. Qara
Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi bəstəkarların yaradıcılığına həsr
olunmuş mövzularda təqdimatlar etmişəm, ikisində məqaləm çap olunub, birində
sadəcə abstraktım gedib. Sultan Qabus Universitetinin özünün "Journal of arts
and social studies” jurnalı var, Londonla müştərək çap olunur. İlk azərbaycanlı
olaraq mənim məqaləm orada çap olunub. 16 səhifəlik məqalə idi. Neçə dəfə qaytardılar
ki, orasını düzəldin, burasını düzəldin, sübutlar gətirin. Qəbul edə bilmirdilər
ki, Şərqdə ilk klassik musiqi Azərbaycanda doğulub. Sübutlar gətirdim, tarixdən
tərcümələr etdim. Məqaləmin çap olunması ilə bağlı təsdiq alanda çox
sevinmişdim. Hələ indi də azərbaycanlılardan orada çap olunan yoxdur. Amma olunsa
çox yaxşı olar.
-
Oman universitetində çalışsanız da, Azərbaycanı unutmursunuz...
- Mən heç zaman azərbaycanlı
olduğumu unutmuram. Azərbaycan üçün də çalışıram. Ölkəmizdə olarkən bu qədər
patriot olduğumu heç vaxt düşünməzdim. Oğlanlarımın hər ikisi himnimizi,
atributlarımızı əzbər bilirlər, otaqlarında Azərbaycan bayrağı, gerbi var.
-
Tez-tez gəlirsiz Azərbaycana?
- Hər yay məzuniyyət dövründə
gəlirəm. Orada çalışsam da, vətənimi, burdakıları unutmuram.
Aygün
Asimqızı