• cümə, 29 Mart, 16:06
  • Baku Bakı 14°C

Azərbaycanlı mütəxəssislər Arktikada qaz kəməri çəkəcək

08.04.14 19:09 1327
Azərbaycanlı mütəxəssislər Arktikada qaz kəməri çəkəcək
Arktikada qaz kəmərlərinin çəkilməsində azərbaycanlı mütəxəssislərin təcrübəsindən və texnologiyalarından istifadə ediləcək. Bu işlər Moskvada keçirilən Arktika Sammiti çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu ilə Arktika Elmlər Akademiyası arasında imzalanan Memoranduma əsasən həyata keçiriləcək.
Bu barədə APA-ya açıqlamasında Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib.
O bildirib ki, Arktika Sammitində Azərbaycan əsas məruzəçi kimi iştirak edib və orada Arktikada təhlükəsizlik birinci növbəli problem kimi qeyd olunub. T. Əliyev qeyd edib ki, həmin sammit çərçivəsində Arktika Akademiyasına təhlükəsizliklə bağlı layihə təklif edilib: “Artikada seysmo-boru layihəsinin icrasına dair Arktika Elmlər Akademiyası ilə AMEA Kibernetika İnstitutu arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb. Arktikada bəzi layihələrin həyata keçirilməsində bizim nəzəri-tətbiqi təcrübəmizdən istifadə edilməsi planlaşdırılır. Arktikada çoxlu layihənin icrası nəzərdə tutulur ki, bunlardan biri də qaz kəmərinin çəkilməsidir. Arktika soyuq yer və seysmik regiondur. Qaz kəmərinin çəkilməsində vacib məsələ istismar təhlükəsizliyinin təmin edilməsidir. Arktikada təhlükəsizliyin qorunması üçün Kibernetika İnstitutu tərəfindən hazırlanan stansiyalardan orada istifadə olunacaq. Bununla da bizim işimizdən birbaşa istifadə ediləcək”.
T. Əliyev qeyd edib ki, yaxın müddətdə Arktika Elmlər Akademiyasının rəhbərliyi Azərbaycana gələcək və onlarla yeni layihələr barədə də danışılacaq. Onun sözlərinə görə, bu gün Arktika Rusiya və dünya üçün qlobal məsələdir: “Təhlükəsizlik məsələsi Arktikada birinci yerdə dayanır. Hər bir qəza çox baha başa gəlir. Ona görə də təhlükəsizliyin qorunması üçün bizim stansiyalarımızdan orada istifadə edilməsi planlaşdırılır. Belə bir böyük layihələrdə bizim təcrübə və texnologiyamızdan istifadə edilməsi bu işlərin əhəmiyyətini göstərir. Artıq texnologiyalarımızdan təkcə bizim obyektlər üçün deyil, həm də dünyanın müxtəlif qitələrində, Arktika kimi çətin iqlimli yerdə istifadə edilməsi nəzərdə tutulur”.
banner

Oxşar Xəbərlər