AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanlı futbolçu “Portu”nun düşərgəsində

Azərbaycanlı futbolçu “Portu”nun düşərgəsində

İdman
06 Noyabr 2012, 16:59 1609
“Sumqayıt” klubunun və Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin futbolçusu Orxan Əliyev Portuqaliyanın “Portu” klubuna dəvət olunub.
Bu haqda Qol.Az-a “Sumqayıt”ın prezidenti Kamran Quliyev məlumat verib. Onun sözlərinə görə, artıq O.Əliyev noyabrın 6-da Portuqaliyaya yola düşüb. O qeyd edib ki, Orxan Əliyev noyabrın 7-dən etibarən “Portu”da məşqlərə başlayacaq. 17 yaşı hələ tamam olmayan futbolçumuz ən azı bir həftə ərzində Portuqaliya klubunda baxışda olacaq.
“Noyabrın 2-də “Portu”nun seleksiya işləri üzrə direktorundan bununla bağlı bizə məktub daxil olub. Onun əsas, yoxsa əvəzedici komandada baxışda olacağına gəlincə, yəqin ki, Orxanı əsas komandada sınayarlar. Hər halda, bizə məktub əsas komandanın seleksiya işlərinə cavabdeh olan şəxsdən gəlib. Ümidvarıq ki, Orxanın oyunu “Portu”nun məşqçilərini razı salacaq və bu gənc istedad gələcəkdə həmin komandada çıxış etmək imkanı qazanacaq”.
K.Quliyevin sözlərinə görə, əgər portuqaliyalılar Orxanı bəyənsələr, onun rəsmi transferi hələlik baş tutmayacaq: “Çünki FİFA qaydalarına görə, yalnız 18 yaşı tamam olan futbolçunun beynəlxalq transferinə icazə verilir. Orxan Əliyevin isə hələ 17 yaşı bu ilin dekabrın 21-də tamam olacaq. Bu mənada, Orxanın transferi yalnız gələn ilin dekabrın 21-dən sonra baş tuta bilər. Təbii ki, əgər futbolçumuz baxışdan uğurla çıxa bilsə. Belə olsa, klublar arasında müqavilə ilə bağlı rəsmən danışıqlar başlayacaq”.
“Sumqayıt”ın prezidenti qeyd edib ki, “Portu”nun nümayəndələri Orxanın oyununu həm U-19 millisində, həm də “Sumqayıt”ın iştirakı ilə keçirilən matçların videoyazısında izləyiblər: “Portu”ya son olaraq “Neftçi”yə qarşı keçirilən matçımızın diski göndərilib. Həmin görüşdə Orxan gözəl oyunu ilə diqqət çəkib”.
“Sumqayıt”ın prezidenti qeyd edib ki, “Portu” nümayəndələri ilə danışıqları FİFA meneceri Vaqif Heydərli aparıb: “Portuqaliya klubu ilə yanaşı Orxanla İngiltərənin “Liverpul”, qismən də “Tottenhem” klubları da maraqlanıb. Bundan başqa, biz bu il Türkiyədə təlim-məşq toplanışında olarkən “Trabzonspor”un farm-klubu olan “Trabzonspor-1461”dən də ona maraq göstərilmişdi. Amma adları sadalanan klublardan ilk olaraq “Portu”dan bizə məktub daxil oldu. Ona görə də Orxan bu komandanın düşərgəsinə yola düşdü”.