AZE | RUS | ENG |


Azərbaycanlı dünya çempionu Portuqaliyada mərhəmətini də göstərdi

Azərbaycanlı dünya çempionu Portuqaliyada mərhəmətini də göstərdi
Portuqaliyanın paytaxtı Lissabonda kunqfu-sanda üzrə dünya çempionatı keçirilib. Kaspi.az xəbər verir ki, yarışda Azərbaycanı +90 kq çəkidə təmsil edən "Dinamo” cəmiyyətinin üzvü Şəhriyar Hüseynzadə bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olub. Polis leytenantı olan Hüseynzadə ötən il İtaliyada keçirilən analoji yarışda gümüş medal qazanmışdı. Şəhriyar bu dəfə heç bir rəqibinə aman verməyərək, karyerasında ilk dəfə dünya çempionluğunu qazanıb. Artıq Portuqaliyanın paytaxtından vətənə dönən dünya çempionundan yarış barədə təəssüratlarını öyrəndik:

- Şəhriyar, səni qələbə münasibətilə təbrik edirik. Yarış necə keçdi?
- Təşəkkür edirəm. Yarışa tam hazır idim. İçimdə bu yarışı çempion kimi başa vuracağıma dair inam var idi. Yarış həmişəki kimi ağır keçdi. Hər bir görüş digərindən ağır, çətin keçirdi. Lakin ən çətin görüşüm yarımfinalda, İspaniya təmsilçisinə qarşı oldu. İkinci raundun sonuna 12 saniyə qalmışdı. Uduzurdu. Məğlubiyyətlə barışa, əsəblərini cilovlaya bilmədi. Ciddi mübahisə yarandı. Hətta baş məşqçisi tatamiyə çıxaraq mənim üzərimə şığıdı. Uduzmağı həzm edə bilmirdilər. Sonda həmin idmançı heç mükafatçılar sırasına da düşmədi.    

- Bəs final necə keçdi?
- Finalda livanlı idmançı ilə üzləşdim. Çəkisi məndən artıq idi. Həm də çox təcrübəli idmançı idi. Hər iki raundda tam üstünlüklə qalib gəldim. Şükür Allaha, Azərbaycana üzüağ qayıtdım. 

- Ötən il də analoji turnirə qatılsan da, ikinci olmuşdun. Bu dəfə fərq nədə idi? Sən daha yaxşı hazırlaşmışdın, yoxsa rəqiblərin bir qədər zəif idi?
- Dünya çempionatında zəif idmançı olmur. Burda bir az bəxt amili də rol oynayır. Həm də bu dəfə tam hazır idim. Sağ olsun, cənab nazirimiz Ramil Usubov mənə məşqlər üçün yaxşı şərait yaratmışdı. Onun göstərdiyi diqqətin, qayğının nəticəsidir. Şükür Allaha, qızıl medal qazandım. 

- Lissabonda təkcə azərbaycanlı idmançı yox, həm də, Azərbaycan polisi çempion oldu...
- Finalda qarşılaşdığım rəqib də polis idi. Bəli, bu, ikiqat sevincdir. Azərbaycan polisi öz əzmkarlığını, fiziki hazırlığının nə qədər yüksək olduğunu, həm də, mərhəmətini dünya arenasında bir daha göstərdi.
 
 
- Mərhəmətini?
- Bəli. Bilirsiniz, bizim idman növü zədəyə çox meyllidir. Portuqaliyalı idmançı ilə görüşdə onu başımın üzərinə qaldırsam da, yuxarıdan aşağı, kürəyi üstə yerə vurmadım, yavaşca tatamidən kənara çıxardım. Lakin belə məqamda onu yerə tullamaq döşəkdən kənara çıxarmaqdan daha asan idi. Ancaq mən onun zədələnməməyi üçün ikinci varianta üstünlük verdim. Yarış Portuqaliyada keçirilirdi. Yerli idmançıya qarşı bu cür hərəkətim zalda alqışlarla qarşılandı. Baş məşqçisi də gəlib mənə təşəkkür etdi. Orda hamıda Azərbaycana qarşı müsbət fikir formalaşdı.
 
 
- Ötən il də bayrağımızı yüksəltmişdin. Lakin bu dəfə himnimizi səsləndirmək şərəfinə də nail  oldun. Hansı hissləri keçirdin?
- Böyük şərəfdir, böyük hisslərdi. Bunları sözlə ifadə etmək mümkün deyil. 
 
 
- Bəs çempion olduqdan sonra ilk dəfə kiminlə danışdın. Qələbə sevincini kiminlə bölüşdün?
- Atamla. Təbrik etdi, mənimlə qürur duyduğunu bildirdi. Atamın mənimlə fəxr etməyi mənim üçün böyük qürurdur. 
 
 
- Bəs iş yoldaşların, rəhbərlik necə?
- Qələbəmi eşidən hamı təbrik etdi. Mənimlə fəxr etdiklərini bildirdilər.  
 
 
- Artıq dünya çempionusan. Gələcək planların necədir?
- Qarşıdan Avropa çempionatı gəlir. İki-üç gün dincəlib, yenidən məşqlərə başlayacağam. Bundan başqa da bir çox yarışlar olacaq. İnşallah, Azərbaycanın bayrağını həmişə yüksəkdə tutacam. Ölkəmizin himnini dünya arenalarında səsləndirməyə davam etmək istəyirəm. 

- Gələcək yarışlarda uğurlarını davam etdirməyini diləyirik...
- Təşəkkürlər. Fürsətdən istifadə edib, mətbuata da təşəkkür edirəm. İdmançıları diqqətdən kənarda qoymursunuz.
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7056
GBP 1 İngilis funt sterlinqi 2.1791
TRY 1 Türk lirəsi 0.4718
KWD 1 Küveyt dinarı 5.5883
SEK 1 İsveç kronu 0.1923
EUR 1 Avro 1.8484
CHF 1 İsveçrə frankı 1.7083
USD 1 ABŞ dolları 1.7022