• cümə axşamı, 25 aprel, 08:42
  • Baku Bakı 14°C

Azərbaycanlı cazmen avropalı dinləyiciləri valeh edib

06.11.17 11:15 980
Azərbaycanlı cazmen avropalı dinləyiciləri valeh edib
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski Fransanın Reims şəhərində "Sunnyside” caz festivalında solo konsert proqramı ilə çıxış edib. Melodiya və ritmi ilə fərqlənən Azərbaycan caz musiqisi cazsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Reims şəhərinin "Cartonnerie” musiqi zalında keçirilən konsertdə gənc cazmen İsfar Sarabski solo konsertini yeni və hələ albomuna daxil etmədiyi "Auryol” bəstəsi ilə başlayıb.
Əslən Azərbaycanın musiqi, muğam diyarı Qarabağ bölgəsindən olan Vaqif Mustafazadənin "Mart” əsərinin ifası ilə azərbaycanlı gənc cazmen dinləyiciləri valeh edib və onların alqışları ilə qarşılanıb.
İsfar Sarabski özünün zəngin melodik tonlarla dolu populyar bəstəsi "G-Man” ilə publikanı heyran edib. "Blame It On My Youth” standart caz balladasının Çet Beyker versiyasını səsləndirib. Azərbaycanlı gənc cazmen solo konsertini üç həftə əvvəl bəstələdiyi "Planet” musiqisi ilə bitirib.
Konsertdən sonra İsfar SarabskiAZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan cazı daim inkişafdadır. Ölkəmizdə keçirilən beynəlxalq müsabiqələr, festivallar və konsertlər bunun bariz nümunəsidir. Caz musiqisinin mədəniyyətimizdə xüsusi yeri olduğunu vurğulayaraq, hələ sovetlər dövründə Bakının Caz Paytaxtı adı qazandığını xatırladıb.
İsfar Sarabski Reims Caz Festivalındakı solo konsertinin onun Avropa turunun başlanğıcı olduğunu, Belçika və Fransanın digər şəhərlərində, eləcə də YUNESKO-da konsertləri gözlənildiyini bildirib.
Qeyd edək ki, İsfar Sarabski 2009-cu ildə Montrö Caz Festivalında solo caz piano mükafatını qazanıb. Klassik musiqi təhsili alan və impresyonist texnikaya yiyələnən azərbaycanlı cazmen caz, klassik və Azərbaycan milli musiqisinin ritmlərini birləşdirərək öz kompozisiyasını yazır. O, Londonun "Royal Albert Hall” və "Ronnie Scott’s Jazz Club”, Berlinin "The Asphalt Jazz Club” və Parisin "Le Duc des Lombards” kimi bir çox məşhur caz klublarında konsertlər verib. Gənc cazmen Amerika Caz Fondu tərəfindən Nyu Yorkun əfsanəvi "Apollo Theatre” da təşkil edilmiş "A Great Night in Harlem” xeyriyyə gecəsində iştirak edərək, Kvinsi Cons, Elvis Kostello, Masi Qrey və Lonq Con Hunter kimi məşhur cazmenlərlə eyni səhnəni bölüşüb. Tünisli ud ifaçısı Cafer Yusefin başçılıq etdiyi etnocaz qrupu ilə Avropa turunda olub.
"Sunnyside” caz festivalı "Jazzus Productions” tərəfindən təşkil edilir. 2011-ci ildə yaradılmış bu şirkət caz tədbirlərinin təşkili sahəsində fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər