• cümə axşamı, 28 mart, 22:38
  • Baku Bakı 13°C

Azərbaycanlı alimin ixtirası dəm qazından boğulma hallarına son qoyacaq

17.12.17 10:45 1664
Azərbaycanlı alimin ixtirası dəm qazından boğulma hallarına son qoyacaq
Azərbaycanlı alim mənzillərdə yaranan dəm qazını atmosferin yuxarı qatlarına atan, bununla da zəhərlənmə və ölüm hallarına son qoyan sadə quruluşlu, lakin çox mühüm qurğu ixtira edib. Alimin ixtirasının digər mühüm cəhəti ondan ibarətdir ki, qurğunun fəaliyyəti üçün heç bir enerji sərf olunmur. Çünki qurğu yalnız küləyin, yaxud evdə yaranmış dəm qazının təsiri ilə fəaliyyətə başlayır və insanları ölümdən qoruyur.
Buxarılara quraşdırılan təbii ventilyasiya qurğusunun yaranma ideyası, quruluşu və iş rejimi haqqında ixtiranın müəllifi, Azərbaycan Dövlət Aqrar Universitetinin Texniki mexanika və qrafika kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Şahlar BabayevAZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Şahlar Babayev deyib ki, bu qurğunu 2014-cü ildə Prezident İlham Əliyevin həmin ili "Sənaye ili” elan etməsi ilə əlaqədar ixtira edib. Yeni ixtira ilə otaqdakı yanmış və yanmamış qazları, eləcə də mətbəxdəki xoşagəlməz qoxunu buxarılardan çıxararaq atmosferin yuxarı qatına atmaq, habelə otaqlara dolmuş dəm qazının təsirindən zəhərlənmə və ölüm riskini aradan qaldırmaq mümkündür.
Şahlar Babayev qeyd edib ki, zəhərlənmənin əsas səbəblərindən biri də bacalara daxil olan və oradan dəm qazının hərəkətinə mane olan küləkdir. Bu qurğu isə külək nəticəsində işə düşür. Həm də qurğunun borusu diyircəklər üzərində yerləşdirildiyindən onun gövdəsi küləyə qarşı çevrilir və külək bacalara daxil ola bilmir. Beləliklə, hündürmərtəbəli binaların damındakı bacalara, yaxud tüstü borularına quraşdırılan yeni qurğu atmosferin üst qatındakı külək nəticəsində işə düşür və neçə-neçə ailəyə bədbəxtlik gətirən küləyin özü həmin insanların xilaskarına çevrilir.
Bu vaxta qədər qurğunun müxtəlif forma və parametrlərinə, eləcə də iş mexanizminə görə Standartlaşdırma, Metrologiya və Patent İdarəsi tərəfindən iki patent alındığını qeyd edən alim bildirib ki, hazırda qurğunun daha da təkmilləşdirilməsi və onun böyük texnoloji imkanlara malik variantını hazırlamaq istiqamətində işlər davam etdirilir.
Quruluşu çox sadə olan bu qurğunu hazırda bütün çilingər emalatxanalarında düzəltmək və evlərin damında yerləşdirmək mümkündür. İndi alimin əsas istəyi həmin qurğunun sənayedə kütləvi istehsalına, eləcə də müxtəlif təsərrüfatlarda, kimya laboratoriyalarında, ən əsası isə yaşayış binalarında təyinatı üzrə tətbiqinə nail olmaqdır.
banner

Oxşar Xəbərlər