• cümə, 29 Mart, 13:36
  • Baku Bakı 14°C

Azərbaycanlı alim: “Malyariyaya qarşı yeni nəsil vaksin əldə olunub”

11.10.17 16:19 1949
Azərbaycanlı alim: “Malyariyaya qarşı yeni nəsil vaksin əldə olunub”
Malyariyaya qarşı bitkilərdə uğurla sintez edilən yeni nəsil vaksin əldə olunub.

APA-nın xəbərinə görə, bu barədə AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov Akademiyanın Rəyasət Heyətinin iclasında "Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye fermentlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya” mövzusunda elmi məruzə ilə çıxış edib.

Alim bildirib ki, hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemi – bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar vasitəsilə həyata keçirilir.


T. Məmmədov qeyd edib ki, son illər bitki ekspressiya sistemləri iqtisadi və təhlükəsizlik baxımından perspektivli olduğu üçün istehsalda daha çox istifadə edilir: "Müəyyən hallarda sistem belə tipli zülalların istehsalına uyğun olmadıqda, problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurəti yaranırdı. Bu məqsədlə daha mükəmməl texnologiya hazırlanıb. İlk dəfə olaraq bu texnologiyadan istifadə etməklə, malyariyaya qarşı bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub. Bu texnologiya müxtəlif rekombinant və terapevtik zülalların, vaksinlərin, təbii qida əlavələrinin, eləcə də sənaye enzimlərinin sintezi üçün də geniş imkanlar yaradır".


Professor rekombinant zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılmasının böyük iqtisadi səmərə verəcəyini deyib: "İnsan və heyvanlar üçün qiymətli dərman preparatlarının bu yolla ölkə daxilində istehsalı ölkəmizin bu məhsulların idxaldan asılılığının azalmasına imkan yaradacaq".
banner

Oxşar Xəbərlər