• cümə, 29 Mart, 12:06
  • Baku Bakı 14°C

Azərbaycanla Türkmənistan münasibətlərində yeni mərhələ

28.05.14 09:30 1091
Azərbaycanla Türkmənistan münasibətlərində yeni mərhələ
Mayın 26-da Bakıda ilk dəfə Azərbaycan, Türkiyə, Türkmənistan xarici işlər nazirləri arasında görüş baş tutdu. “Qardaşyana” keçən görüşdə təbii olaraq, enerji, iqtisadiyyat məsələləri və əməkdaşlığın genişləndirilməsi təklifləri müzakirə olundu. Qeyd edək ki, bu görüşün keçiriləcəyi ilə bağlı fikirlər xeyli müddət idi, dolaşırdı. Azərbaycan–Gürcüstan–Türkiyə formatı baş tutduqdan sonra isə bu formatda da görüçün keçiriləcəyi barədə xəbərlər yayıldı. Yeni yaranan bu üçtərəfli ittifaqın adı çəkilən dövlətlər arasındakı münasibətlərdə yeni mərhələ başladacağı gözlənilir. Məlumdur ki, Azərbaycanın Türkiyə ilə münasibətlərində demək olar, hər şey qaydasındadır. Tərəflər hər zaman münasibətlərin yüksək səviyyədə olduğundan danışır, istənilən sahədə əməkdaşlığın hər iki dövlət üçün uğurla və faydalı şəkildə inkişaf etdiyindən bəhs edirlər. Təəssüf ki, Türkmənistanla əlaqələr haqda bu sözləri demək mümkün deyil. Hər nə qədər də türklük, qardaşlıq, tarixi köklər, dil, din bağlılığı vurğulansa da, ortada anlaşılmaz, razılaşdırılmamış məsələlərin qaldığı faktı var. Belə durumun mövcud olduğu vaxtda baş tutan bu görüş xüsusilə, Azərbaycan-Türkmənistan münasibətlərinin yeni yazılan səhifəsi kimi qiymətləndirilir. Belə ki, artıq türkdilli dövlətlərin təmasları intensivləşir, vahid məqsədlərin müəyyənləşdirilməsi istiqamətində addımlar atılır və bu hədəflər hər üç dövlət üçün xüsusi önəm daşıyır. Aydın məsələdir ki, birgə layihələr reallaşdırmaqdan əlavə, təmsil olunduqları beynəlxalq təşkilatlarda, iştirak etdikləri konfranslarda eyni mövqedən çıxış etmək hər üç dövlət üçün əhəmiyyətlidir. Türkmənistanın siyasi cəhətdən müəyyən çətinliklərlə üz-üzə olması belə deməyə əsas verir ki, bu alyansın yaranması üç dövlətdən ən çox ona lazımdır.
Sirr deyil ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində Azərbaycanla Türkmənistan arasında müşahidə olunan fikir ayrılığı uzun illərdir ki dəyişmir və Aşqabadla Bakının razılığa gələ bilmədiyi əsas məsələ olaraq qalmaqdadır. Ehtimal olunur ki, Türkiyənin dəstəyilə Bakıda belə görüş keçirilməsi iki Xəzəryanı türkdilli dövlətin arasında bununla əlaqəli yaranan fikir ayrılığının aradan götürülməsinə təkan verəcək. Ona görə də Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində yaxın gələcək üçün müəyyən addımların planlaşdırıldığı ehtimal olunur. Bu kontekstdə, Xəzərin Türkmənistanla Azərbaycan sərhədində yerləşən mübahisəli neft yataqlarının birgə işlənə biləcəyinə də ümidlər artır.
Azərbaycan-Türkiyə-Türkmənistan üçlüyünün ortaq fəaliyyəti Xəzərin enerji resurslarının cənub nəqliyyat dəhlizi ilə Avropaya daşınması danışıqlarına da təkan verilə bilər. Uzun illərdir ki, bununla bağlı aparılan danışıqlarda konkret nəticəyə gəlinməyib. Məlumdur ki, müzakirələrin nəticəsinə təsir edən kənar faktorlar var. Bəzi qüvvələr Azərbaycan-Türkmənistan arasındakı fikir ayrılığından yaranmış fürsət kimi bəhrələnərək bu narazılığın daha da alovlanması üçün əllərindən gələni etməkdədirlər. Ona görə də bu görüş belə neqativ məqamlardan uzaqlaşmaq üçün atılan ilk uğurlu addım hesab olunur. Qeyd edək ki, Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov “Kaspi”yə açıqlamasında deyib ki, uzun illərdir Türkmənistan qeyri-konstruktiv yol tutub, əsassız iddialarla danışıqları bir qayda ilə pozub. Bunun da nəticəsində bu günə kimi Xəzərin statusunun müəyyənləşməsi məsələsi öz həllini tapmayıb: “Regionda və dünyada baş verən proseslər göstərdi ki, bu məsələdə Azərbaycanın mövqeyi daha düzgündür və sabaha hesablanmış siyasətdir. Son hadisələr, o cümlədən xarici işlər nazirlərinin Bakıda keçirilən görüşü həm də onu sübut edir ki, artıq Türkmənistan reallığı dərk edib. Rəsmi Aşqabad başa düşür ki, hazırda Ukraynada cərəyan edən hadisələrin bir ucu Rusiyaya gedib çıxır. Sabah eyni hadisələr Türkmənistanda da baş verə bilər. Nə vaxtsa hər hansı məsələ ilə bağlı türkmənlər də öz mövqelərini bildirmək istəsələr və bu, Kremlin xoşuna gəlməsə, Ukrayna ssenarisi Türkmənistanda təkrarlana bilər. Ona görə də Türkmənistan Azərbaycanla danışıqları üstün tutsa, bundan daha çox qazanar, nəinki uduzar. Bu, eyni zamanda Türkmənistan qazının Azərbaycandan tranzit yolla keçərək Avropaya çatdırılmasını sürətləndirəcək, türkmənlərin dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək”.
Digər bir məsələ var ki, Türkiyə Cümhuriyyəti türkdilli dövlətlərin böyük qardaşı, bir növ himayəçisi hesab olunur. Amma nəzərə almaq lazımdır ki, tək əl ağır yükü götürə bilməz. Ona görə də bu işdə təkcə Türkiyənin gördüyü işi və digər türkdilli dövlətlərdən seçilməsi faktorunu vurğulamaq kifayət deyil. Ortaya vahid koordinasiya olunmuş iş qoyulmasa və digər dövlətlər sözündən dönmədən bu yolda irəliləməsə, heç bir nəticənin hasil olmayacağı aydın məsələdir.
İndi Azərbaycan və Türkmənistanın Türkiyənin iştirakı ilə yeni bir formatda müzakirələr üçün imkan qazanması bu məsələnin də həlli üçün ümidverici şərait yaradır. Görüşün hər üç dövlət üçün faydalı hesab olunduğunu nəzərə aldıqda, gələcəkdə bu ölkələrin dövlət başçılarının da görüşünün baş tutacağı ehtimal olunur. Əgər hadisələr bu kontekstdə davam edərsə, Azərbaycan-Türkiyə-Türkmənistan alyansının regionda əsas güclərdən birinə çevriləcəyi şübhə doğurmur.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər