AZE | RUS | ENG |


Azərbaycanla Avropa İttifaqı arasında viza rejimi ləğv ediləcəkmi?

Azərbaycanla Avropa İttifaqı arasında viza rejimi ləğv ediləcəkmi?
Millət vəkilləri hesab edir ki, strateji tərəfdaşlıq sazişi bundan daha əhəmiyyətli məsələdir

"Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir”. Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir, qüvvədədir. 

Saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır: "Vizaların ləğv edilməsi məsələsinə Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil”.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə strateji əməkdaşlıq haqqında saziş təklifi ilə çıxış edib və bu da onlar tərəfindən qəbul olunub: "Həmin layihədə viza məsələsi öz əhəmiyyətliliyinə görə elə də ön sıralarda dayanmır. Burada daha əhəmiyyətli məsələlər var. Amma əlbəttə ki, Azərbaycanla Avropa İttifaqı arasında vizanın ləğv olunması məsələsi həm ölkəmizin, həm də Avropa İttifaqının maraqlarına cavab verən bir addımdır. Avropa İttifaqı artıq postsovet ölkələri ilə vizanın ləğvinə başlayıb. Azərbaycanın bu qurum üçün oynadığı rol, hətta Ukraynanı belə nəzərə alsaq, həmin ölkələrdən daha əhəmiyyətlidir. Çünki həmin ölkələrdən heç biri Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycan qədər mühüm əhəmiyyətə malik deyil”.

S.Alıyev qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında olan ticarət dövriyyəsi də bəzi postsovet ölkələri ilə müqayisədə daha yüksəkdir: "Gələcəkdə bu, yüksələn xətlə davam edəcək. Bundan başqa, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan MDB ölkələri arasında yeganə dövlətdir Avropa İttifaqına üzv olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında ikitərəfli anlaşması var. Fikrimcə, Avropa İttifaqına üzv olan əksər ölkələrlə ikitərəfli anlaşmalarda diplomatik və xidməti pasportları olan şəxslərə vizanın sadələşdirilməsi gətirib ona çıxaracaq ki, həqiqətən də Azərbaycanla bu qurum arasındakı viza aradan qalxacaq. Bir daha vurğulamaq istərdim ki, vizanın ləğvi bizim üçün əhəmiyyətli məsələ deyil və olmamalıdır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında daha mühüm məsələlər var və yeni mərhələ başlayır. Azərbaycan bu qurumla strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətindədir. Ölkəmizə belə bir haqqın qazandırılması bizim üçün böyük jestdir. Eyni zamanda, Azərbaycanın öz milli maraqları baxımından bu quruma yanaşmada çox düzgün addım atmasının göstəricisidir. Bilirsiz ki, Avropa İttifaqının özünün irəli sürdüyü Assosiativ saziş, demək olar ki, fiaskoya uğrayıb və Avropanın aparıcı dövlətlərinin liderləri də bunu etiraf edirlər. Bu saziş bir çox halda xaosa, dağıntılara aparıb çıxarırdı. Üzv ölkələrin özlərinə də hələ yaxşı nə isə verdiyini biz görməmişik. Misal üçün, Moldova prezidenti bildirir ki, ölkəsinin Avropaya ixrac etdiyi məhsulların çəkisi xeyli azalıb. Belə olan halda, Assosiativ saziş Moldovaya niyə lazım idi? Bu baxımdan, hesab edirəm ki, Azərbaycan üçün əsas olan strateji tərəfdaşlıq haqqında sazişin qəbulu və təsdiqidir. Bundan sonra digər məsələlər öz həllini tapacaq”.

Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında viza məsələsinin ləğvi hələ gündəmdə deyil: "Çünki Azərbaycanın təklifi ilə Avropa İttifaqıyla strateji tərəfdaşlıq sazişi ilə bağlı işlər həyata keçirilir. Bununla bağlı olaraq, danışıqların birinci mərhələsinə hazırlıq məqsədilə görüşlər, müzakirələr aparılır. Əlbəttə ki, birinci mərhələ ilə bağlı həm Azərbaycan, həm də Avropa İttifaqı tərəfdən işlər aparılır”.

F.Muradov qeyd edib ki, danışıqların birinci mərhələsinə hazırlıq məqsədilə aprelin sonlarında Avropa İttifaqından nümayəndə heyəti Bakıya gələcək: "Burada görüşlər keçiriləcək, ətraflı müzakirələr aparılacaq. Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin ləğv olunması haqda konkret rəsmi mövqe bəyan edilməyib”.
 
Bəxtiyar MƏMMƏDLİ      


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000