AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanla aramızda heç bir problem olmayacaq

Azərbaycanla aramızda heç bir problem olmayacaq

İqtisadiyyat
27 Mart 2013, 11:18 1356
«Şahdəniz II» layihəsi çərçivəsində inşası planlaşdırılan yeni qaz kəmərinin Gürcüstan ərazisindən keçməsi rəsmi Tiflis üçün ölkənin enerji təchizatının yaxşılaşdırılması baxımından vacib və əhəmiyyətli bir layihədir. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın energetika nazirinin müavini İlya Eloşvili bildirib.

Onun sözlərinə görə, «Şahdəniz II» layihəsinə start verildikdən sonra Azərbaycandan qaz alan Gürcüstanın imkanları daha da artacaq: «Bu, eyni zamanda ölkə daxilində istifadə edilən qazın həcminə və mövcud tariflərə də təsir edəcək. Bizim Azərbaycanla belə layihələrin həyata keçirilməsində böyük təcrübəmiz var. Bu, ilk layihə deyil. Bu səbəbdən dövlətlər arasında heç bir problem olmayacaq. Bizə yalnız razılaşma barədə sənədlər imzalamaq lazım olacaq. Bu baxımdan həyata keçirəcəyimiz layihələrin yerinə yetirilməsi daha asan və keyfiyyətli olacaq».

Nazir müavini yeni qaz layihəsinin həyata keçirilməsi işində yeniliklərin də olacağını bildirib: «Əlbəttə, Gürcüstanda qaz təchizatı sahəsində yeniliklər də olacaq. Biz indi qazın nəqli ilə bağlı 5% gəlir götürürük. Şübhəsiz ki, qaz təchizatı artdıqca, tariflər də azalacaq. Bu çox vacibdir».