“Azərbaycanın yerləşdiyi coğrafi mövqe hər zaman cəlbedici olub” - Fotolar

“Azərbaycanın yerləşdiyi coğrafi mövqe hər zaman cəlbedici olub” - Fotolar

Müsahibə
25 Sentyabr 2019, 20:25 21023
"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, həmçinin Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq layihədir. Belə bir layihənin reallaşması Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. Əfsuslar olsun ki, hal-hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər "Şimal-Cənub” BND-nin reallaşmasını gecikdirir. Azərbaycanın da qoşulduğu bu layihənin dünya və ölkəmiz üçün iqtisadi-siyasi əhəmiyyəti, perspektivi və sair məsələlərlə bağlı "Kaspi” qəzetinin suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili cavablandırır.
 
 
 
- Tahir müəllim, "Şimal-Cənub” BND ideyası haradan yaranıb və belə bir layihənin reallaşmasını zəruri edən nə olub?
- Dünyada son dövrlər ticarətin həcmində artım müşahidə olunur. Texnologiyaların inkişafı və artması, internetin getdikcə daha geniş yayılması, ölkələr arasında təmasların sürətlənməsi ticari əlaqələrə də təsir edir. Ticarətin həcminin artması ölkələr arasında mal və xidmətlər mübadiləsinin intensiv şəkildə artmasını tələb edir. Belə bir şəraitdə yeni marşrutların yaradılması, onların daha təhlükəsiz və ucuz olması, eyni zamanda bu marşrutun ölkələr arasında ticarət əlaqələrini bir qədər də möhkəmləndirməsi zərurəti yaranıb. Bu tələb və zərurət həm Qərb-Şərq, həm də Şimal-Cənub arasında meydana gəlib. Çünki, indiyə qədər mövcud olan infrastruktur layihələri regionlar arasında iqtisadi-ticari əməliyyatların daha sürətli inkişafına şərait yaratmırdı. Belə bir fonda şimalda və cənubda iqtisadiyyatı böyüyən ölkələrin sayı getdikcə artıb. Ötən ilin statistik göstəricilərinə görə, dünyada ən sürətli iqtisadi böyümə Hindistana aiddir. Bu mənzərə şimalda Rusiyada müşahidə olunur. Rusiyanın öz iqtisadi əlaqələrini daha da genişləndirmək siyasəti yürütməsi, Avropa ilə Rusiya arasında münasibətlərin soyuması bütövlükdə şimalla cənub arasında əlaqələrin intensivləşməsinə, iqtisadiyyatın artmasına, yeni münasibətlərin qurulmasına imkan yaradıb. Konkret olaraq "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə gəlincə, bu barədə razılaşma Rusiya, İran və Hindistan arasında hələ 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə olunub və 2002-ci ildən qüvvəyə minib. Razılaşma bütün nəqliyyat növlərinə, yəni, dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Hindistanın dəniz marşrutları ilə daşımalarda iştirakı nəzərdə tutulur.
 
 
 
- Azərbaycan bu layihəyə necə töhfə verir?
- Azərbaycanın yerləşdiyi coğrafi mövqe hər zaman cəlbedici olub və indi də belədir. Ölkəmizin şimalla cənub arasında yerləşməsi indiyə qədər bizə iqtisadi, siyasi dividentlər qazandırıb. Azərbaycan həm şimalın, həm də cənubun iqtisadiyyatına inteqrasiya edib. Bununla bərabər, ölkəmizdə ictimai-siyasi sabitliyin yüksək səviyyədə olması, dünyada etibarlı tərəfdaş kimi tanınması, milli və beynəlxalq layihələri yerinə yetirə bilmək gücünə qadir olması, dövlət başçısının beynəlxalq nüfuzu "Şimal-Cənub” dəhlizinin Azərbaycandan keçməsi zərurətini yaradıb. Onu da xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyevin razılığı ilə Azərbaycan 2000-ci ildə "Şimal-Cənub” dəhlizinə qoşulub, İran və Rusiyanın aidiyyəti qurumların rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib, ətraflı müzakirələr aparılıb. Ölkəmiz 2005-ci ildən bu layihənin önəmli parçasına çevrilib. İndiyə qədər ötən vaxt ərzində ölkəmiz üzərinə götürdüyü bütün vəzifələri icra edib, bu marşrutun işləməsi üçün kifayət qədər sərmayə yatırıb. Misal üçün, İran sərhədinə qədər dəmir yolu infrastrukturu tamamilə yenilənib, İran prezidentinin Azərbaycana səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Azərbaycan Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır. Təkcə bu yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayrılması nəzərdə tutulur. Azərbaycan şimal və cənub istiqamətində bütövlükdə yolların bərpasına investisiya yatırıb. Eləcə də hər iki istiqamət üzrə iqtisadi-siyasi əməkdaşlıq əlaqələrini genişləndirib ki, bu da "Şimal-Cənub” dəhlizi layihəsinin reallaşmasına kömək edir. Nəzərə alaq ki, ən qısa formada da şimalla cənub arasında yol infrastrukturu, əlaqələri məhz Azərbaycandan keçir, tariflər də əlverişlidir.  
 
 
 
- "Şimal-Cənub” BND-də iştirakçı olmaq Azərbaycana iqtisadi baxımdan nə dərəcədə əlverişlidir?
- Şimal-Cənub layihəsinin reallaşması həm şimal və cənub, həm də Azərbaycan üçün əlverişlidir. Bu dəhlizdən ölkəmiz kifayət qədər iqtisadi fayda götürə biləcək. Digər tərəfdən, sözügedən layihədə iştirakçı olmaq Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından da önəmlidir. Təkcə bir faktı xatırlamaq yetərlidir ki, ötən illə müqayisədə yükdaşımalarda yüz dəfəyə yaxın artım olub. Bu, davamlıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın seçdiyi iqtisadi siyasət kifayət qədər uğurludur. Azərbaycan Şimalla Cənub arasında yerləşən iqtisadi güclər arasında böyük etibara və müasir infrastruktura sahibdir. Yük qəbul etmə baxımından Azərbaycanın infrastrukturu daim təkmilləşdirilir. Təkcə son illərdə Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt qəsəbəsində Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi, Ələt qəsəbəsində azad iqtisadi zona yaradılması buna əyani misaldır. Bu iqtisadi zonanın əsas məqsədi yüklərin emal olunması və daşınmasını ən yüksək səviyyədə təşkil etməkdir. Bu gün şimalla cənub arasında Azərbaycan mövcud layihənin rəqabətli hissəsidir. Çünki alternativ marşrutlar, o cümlədən ənənəvi marşrutlar da var. Ona görə də Azərbaycan bu sahədə infrastrukturu davamlı olaraq müasirləşdirir, dövlətlərarası münasibətlər çərçivəsində tariflərin müəyyən edilməsi, gömrük prosedurunun sadələşdirilməsi, daha sürətli keçidin təmin edilməsi istiqamətində lazımi addımlar atır. Sürətli keçid və zaman məsələsinə nümunə olaraq onu demək mümkündür ki, Süveyş kanalı vasitəsilə hazırkı marşrut üzrə malların çatdırılma vaxtı 45-60 gündür. "Şimal-Cənub” dəhlizi vasitəsilə yüklər 14-20 gün ərzində ünvanına çatdırılacaq. Ümumilikdə bu işlər 3-5 ilin çərçivəsinə sığmır, kifayət qədər zaman və investisiya tələb edir. Lakin indiyə qədər işlərin görülmə dinamikası və əldə edilən nəticələr onu deməyə əsas verir ki, Azərbaycan qısa vaxtda sözügedən istiqamətdə mühüm addımlar atıb.
 
 
 
- Beynəlxalq iqtisadi layihələrdə iştirakçı olan Azərbaycan iqtisadi dividentlərlə yanaşı, siyasi dividentlər də əldə edə bilirmi? Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi ölkəmizin siyasi maraqlarının təmin olunmasına necə təsir edir?
- Azərbaycanın iqtisadi baxımdan güclü olması milli maraqlara xidmət edən daha müstəqil siyasət yürütməsinə təsir edir. Prezident İlham Əliyevin kifayət qədər güclü, iradəli, qətiyyətli, uzaqgörən, milli maraqların müdafiəsinə yönəlik addımlar atması iqtisadiyyatın davamlı inkişafına, yeni-yeni layihələrin reallaşmasına səbəb olur. Çoxsaylı iqtisadi layihələr var ki, ölkə başçısının nüfuzu olmasaydı onların həyata vəsiqə alması qeyri-mümkün olardı. Bəzən elə layihələr olur ki, onun həyata keçməsi üçün Azərbaycan öz iqtisadi potensialından, valyuta ehtiyatlarından istifadə etməli olur. Misal üçün, Bakı-Tbilisi-Qars layihəsini xarici sərmayəçilər, təşkilatlar maliyyələşdirməkdən imtina etdiyi halda, Azərbaycan öz hesabına bu dəmir yolunun tikintisini başa çatdırıb. Bu baxımdan, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması, regionda müstəqil siyasət yürütməsi həm iqtisadi gücə, həm də bilavasitə Prezident İlham Əliyevin şəxsi nüfuzuna əsaslanır.
 
 
 
- Azərbaycanın bütün öhdəlikləri yerinə yetirməsinə rəğmən, təəssüflə qeyd edilməlidir ki, "Şimal-Cənub” BND-nin tam reallaşması gecikir. Bu layihənin tamamlanmasını  beynəlxalq siyasi arenada baş verən hansı proseslər yubadır?
- Bəzi ölkələr, xüsusən də İran ətrafında yaranan situasiya "Şimal-Cənub” layihəsinin yekunlaşmasını yubadır. Hər kəsə bəllidir ki, bu nəqliyyat dəhlizinin bir hissəsi İran ərazisindən keçir. Hazırda isə İranla Qərb ölkələri arasında münasibətlər qeyri-sabitdir.  Bu da qeyd edilən layihənin reallaşmasını bəzən risk altına salır, bəzən isə intensivliyini azaldır. Bundan başqa, Hindistan və Pakistan arasında, Hindistan və Çin arasındakı mövcud münasibətlər də risklər doğurur. Bütün bunlar regionda nəhəng iqtisadi layihələrin reallaşmasına hansısa formada təsir edir. Ümumilikdə beynəlxalq aləmdə gərginliyin olması hazırda adi hal kimi qarşılanır. Elə bir region, elə bir münasibətlər yoxdur ki, orada hansısa ziddiyyətlər olmasın. Amma iqtisadiyyatın inkişaf etmə sürətinə, insanların iqtisadi aktivliyinə fikir versək, hazırda iqtisadi aktivliyin artmasına olan tələb beynəlxalq aləmdə olan ziddiyyətlərin yaranma sürətini üstələyir. Ziddiyyətlərə baxmayaraq, iqtisadiyyat daha sürətlə inkişaf edir. Belə bir fonda münasibətlərin inkişaf etdirilməsi ən doğru yoldur. Ona görə də hesab edirəm ki, qarşılıqlı ziddiyyətlərə baxmayaraq, əlaqələrini inkişaf etdirən, müasir infrastruktur quran, gələcəyə istiqamətlənən dövlət daha çox uğur əldə edə biləcək. Biz bunu Azərbaycanın timsalında görürük.
 
Rufik İSMAYILOV