Azərbaycanın və səhnənin gözəli
Leyla
Bədirbəyliyə Bolqarıstandan göndərilən məktubda nə yazılmışdı?
«Mənim həyatımı uzun bir yola
bənzətsək, bu yol heç də həmişə hamar olmayıb. Sevinc dolu günlərim də olub,
kədərli günlərim də. Bir sözlə, məşəqqətli və ilhamlı günlər yaşamışam. Amma
heç vaxt sızıldayıb, ah-uf eləməmişəm». Azərbaycan teatr və kino sənətinin
görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları
laureatı, Xalq artisti Leyla Bədirbəylinin (Cavanşirovanın) bu sözləri, yanvar
ayında 100 illiyi qeyd edilən məşhur aktrisanın həyat yolunu vərəqləməyə, teatr
və kinomuza şöhrət gətirən səhifələrlə tanış olmağa fürsət verir. Keçən il ölkə
başçısı İlham Əliyev aktrisanın anadan olmasının 100 illiyinin qeyd edilməsi
haqqında Sərəncam imzalayıb.
Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində
öz sələflərinin ənənələrini uğurla davam etdirərək Azərbaycan mədəniyyəti
salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. Aktrisa fitri istedada
malik teatr ustası kimi, ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik
sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın
qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verməyi bacarıb.
Atası
bəy nəsli, anası xan qızı
Leyla Bədirbəyli Bakıda
nəsilli-nəcabətli ailədə doğulub. Atası Ağalar Bədirbəyov Şəmkir bəylərinin
nəslindən, anası şəmkirli Bikə xanım Musaxan qızı isə əsl xan qızı idi. Həmin
illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı
Leylanı da özü ilə aparırmış. Rəqsə böyük maraq göstərən gələcəyin məşhur
aktrisasının istedadının üzə çıxdığı ilk sahə də məhz rəqs olur. Xüsusi rəqs
bacarığına malik olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət
edilir.
Leyla xanım səhnəyə ilk dəfə 8
yaşında çıxır. Bakının keçmiş Poluxin küçəsində yerləşən Mərkəzi Kəndçi Evinin
səhnəsində «Coşqun» tamaşasında Coşqunun bacısı rolu onun ifasında maraqla
qarşılanır. Leylanın anası bu mədəniyyət evinin tibb məntəqəsində işləyirdi. O,
tez-tez balaca Leylanı özü ilə iş yerinə aparar, qız da həvəskar aktyorların
məşqlərinə maraqla baxardı.Bir gün dərnəyin rejissoru Əlisəttar Babayevin
"görürəm səhnəyə yaman həvəsin var, gəlsənə, özün kimi balaca bir rol tapşıraq
sənə...» sözləri sonradan onun gələcək seçimini müəyyən edir.
1937-1942-ci illərdə Azərbaycan
Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti kimi bu ansamblda
«Bir dənəsən», «Naz eləmə», «Tərəkəmə» rəqslərini elə məharətlə ifa edir ki,
tamaşaçılar böyük zövq alırlar. Filarmoniyada çalışdığı illərdə "Ayna”
və "Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 21 yaşında
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət edilir. Aktrisa 33 il bu
sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradır.
Azərbaycan teatrının inkişafında Leyla
Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində
yaratdığı Sara ("Solğun çiçəklər”), Solmaz ("Od gəlini”), Şəlalə ("Yalan”),
Dezdemona ("Otello”), Liza ("Canlı meyit”), Nərminə ("Göz həkimi”) və s. bu
kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb. Leyla xanım tamaşalarda əsasən baş rolları oynayıb.
Leylanın
Gülçöhrəsi
L.Bədirbəylinin kinoda aktyor
taleyi uğurlu olub. O, kinoya da çox erkən gəlib. Leyla xanım hələ yeniyetmə
ikən moskvalı rejissor D.Vertovun «Lenin haqqında üç mahnı» sənədli filmində
pioner qız rolunda çıxış edir. Bundan sonra aktrisa peşəkar teatr səhnəsinə
gəlməzdən əvvəl, 1937-ci ildə «Dəcəl dəstə» filmində pioner dəstə rəhbəri,
1941-ci ildə «Səbuhi» filmində Tubu, 1942-ci ildə «Sovqat» filmində Ayna rollarında
oynayır. Aktrisanın «Səbuhi» filminə rol almasının da maraqlı tarixçəsi var. O
dövrün qəzetləri yazırdı: «Film üçün
aktyor seçmək rejissorları çox düşündürürdü. Onlar filarmoniyaya getdilər.
Məqsədləri Leyla Bədirbəylini bir daha rejissor gözü ilə yoxlamaq idi. Nəhayət,
milli paltar geymiş Leyla səhnəyə gəldi. Azərbaycan xalq çalğı alətləri
üçlüyünün müşayiəti ilə «Tərəkəmə» rəqsini elə məharətlə oynadı ki, rejissorlar
dərhal səhnənin arxasına keçib Leyla ilə görüşdülər. Leylanın boy-buxunu, incə
rəqsləri rejissorların xoşuna gəldi”.
Kino sahəsində aktrisanın
parlamağında dahi bəstəkar Üzeyir Hacıbəylinin rolu böyük olub. 1945-ci ildə
"Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici
görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra
Leyla Bədirbəyli bu rola təsdiqlənir.
Filmin yaranmasının maraqlı tarixçəsi var. 1943-cü
ildə Tehran konfransı zamanı İrana mədəni proqramla azərbaycanlı artistlər də səfər
edirlər. Onlar təsadüfən Hollivudda çəkilmiş "Arşın mal alan” filminin
nümayişində olurlar. Filmdən sonra onlar titrlərdə filmin rejissorunun
Tiqranov, ssenari və musiqi müəllifinin isə Maqalyanın olduğu haqda yazıları
oxuyurlar. Artistlər bunu Üzeyir Hacıbəyliyə çatdırırlar. O isə "Arşın mal alan”
operettasının Stalinin xoşuna gəldiyini bilərək, onun adına etiraz ünvanlayır.
Qısa zamanda dahi bəstəkar Stalindən"Təklif edirəm, bizim öz, əsl sovet "Arşın mal alan” filmini çəkək” yazılı teleqram alır.
1945-ci ildə Stalinin göstərişi ilə Azərbaycanda
əsər ekranlaşdırılır. Filmin ssenarisini Sabit Rəhman yazır, quruluşçu-rejissor
vəzifələrinə isə Rza Təhmasib və Nikolay Leşenko təyin olunur. Bu işə
cavabdehlik Mircəfər Bağırova həvalə edilir. Baş rollara artistlərin axtarışı
başlayır. Bu zamanRəşid BehbudovBakıya qastrol səfərinə gəlir.
Üzeyir Hacıbəyli,Rza Təhmasibvə Nikolay Leşenko onun konsertində
olurlar. R.Behbudov öz konsert repertuarına "Arşın mal alan”-dan iki musiqi
nömrəsi - Əsgər və Vəlinin ifa etdikləri mahnıları daxil etmişdi. Əsgərin
ariyasına Rəşidin ifasında qulaq asandan sonra (müğənni başına atasının qaragül
papağını taxaraq ifa edərdi) onlar müğənnini filmdə çəkmək qərarına gəlirlər.
Konsertdən sonra ona yaxınlaşan yaradıcı qrupun iştirakçıları sevinərək "Axır
ki tapdıq…qarşımızda əsl tacir Əsgər durur!” deyirlər.
Gülçöhrə roluna Leyla Bədirbəyli dəvət edilir. Əvvəlcə
20 yaşlı rəqqasə çəkiliş qrupunun xoşuna gəlmir. Lakin Leyla filmdə çəkilməyi
çox istəyirdi və bu səbəbdən Üzeyir Hacıbəylinin yanına gələrək, gözünün yaşını
tökür, Gülçöhrə rolunda çəkilməyi arzuladığını və bunun üçün hər bir çətinliyə
qatlanmağa, gecə-gündüz işləməyə hazır olduğunu bildirir. Bəstəkar isə
rejissorlardan qızı təkrar "sınaqdan keçirməyi” xahiş edir.
Filmin ssenarisi1944-cü il martın 22-də
Moskvadatəsdiq olunur. Ekran əsəri Bakı kinostudiyası tərəfindən türk və
rus dillərində çəkilməyə başlayır. Filmin çəkilişləri Mərdəkanda aparılır.
Rəşid Behbudovun sözlərinə görə, Bakıcamaatı film çəkildiyini eşitdikdə
sandıqlarından bəy interyerinə layiq olan qab-qacaqları, paltarları çıxararaq
çəkiliş meydançasına gətirirdilər. Buna görə də, bütün rekvizitlər – qızıl
portsiqar, dəbdəbəli paltarlar, bəzək əşyaları, mebel, qab-qacaq hamısı həqiqi
idi.
1945-ci ilin iyulun 5-də filmin yoxlanması zamanı
Moskva komissiyasının üzvləri arasında münaqişə yaranır. Üzvlərdən biri filmi
tənqid edərək yaradıcı qrupu Sibirə sürgünlə hədələyir. Toplantıda "bu, bəy-xan
həyat tərzinin ideallaşdırılmasıdır”, "çəkiliş reklama bənzəyir”, "bu filmi
çəkməklə nə məqsəd güdürdünüz?”, "demək istəyirsiniz ki, inqilabdan öncə həyat
bu qədər gözəl idi?” kimi ifadələr səslənirdi. Lakin bədii şuranın fikri ilə
razı olmayan və filmin dünya miqyasında məşhur olacağını hesab edən Sergey
Eyzenşteyn, filmin Stalinə nümayiş etdirilməsinə nail olur və ölkə rəhbəri ekran
əsərini bəyənir.Stalinbəyəndikdən sonra film SSRİ səviyyəsində
nümayiş etdirilməyə başlayır və əsərin yaradıcı kollektivi "Stalin mükafatı”na
layiq görülür. "Arşın mala alan” 136 ölkədə nümayiş olunur və 86 dilə dublyaj
edilir. TəkcəSSRİ-də filmə 16 milyondan çox tamaşaçı baxır. Filmin
büdcəsi 5 milyon 807 min rubl təşkil etdiyi halda, gəliri 5 milyard rublu aşır.
AmerikalıtarixçiMaykl Smit öz "Sovet şərqinin” kinematoqrafı”
məqaləsində yazırdı: "Xalq respublikalarında tamaşaçılara orta əsrlərin şair və
müğənniləri, uğursuz sevgi haqda gözəl hekayələr nümayiş etdirilirdi. Bu
filmlər stalinizmin neo-folklor üslubunda idilər. Xəlqilik yenə təsdiqini
tapmışdı. Azərbaycan bu janra "Arşın mal alan” musiqili şedevri ilə töhfə
vermişdi”.
Beş
qardaşın bir bacısına verilən ad
2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə film
restavrasiya edilir və rəngli versiyaya keçirilir. Hollivud ustaları 1 ilə
ərzində bərpa ilə məşğul olurlar. Film yaradıcı heyətə, o cümlədən Gülçöhrə
rolunda çəkilən Leyla Bədirbəyliyə böyük şöhrət gətirir. Aktrisa yaratdığı Gülçöhrə obrazı ilə əlaqədar
dünyanın müxtəlif ölkələrindən məktublar alırdı. Bolqarıstandan gənc qadının
ona göndərdiyi məktub bu sözlərlə qurtarır: «Mən beş oğlun bir bacısına,
məharətlə oynadığınız Gülçöhrənin adını verdim. Bolqarıstanın Gülçöhrəsi sizin
kimi şöhrət qazansa, özümü xoşbəxt sayaram».
Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakar xidməti
təkcə Gülçöhrə ilə bağlı deyil. 1940-cı illərdən
etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi
dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət
kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirir.
İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən
"Fətəli xan”, "Dəli Kür”, "Sevil”, "Onun böyük ürəyi”, "Dərviş Parisi
partladır” filmlərində yaddaqalan obrazlar yaradır.
O, "Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsində işləyərkən istedadlı
gənclərin inkişafına kömək edir, onlara dəyərli məsləhətlərini verirdi.
Aktrisanı yaxından tanıyanlar deyirlər ki, Leyla Bədirbəylinin zahiri qədər,
daxili də gözəl olub. Həssaslığı, səmimiliyi, qəlbinin təmizliyi zahiri
gözəlliyini tamamlayıb. "Azərbaycan gözəli” titulunu da ona bu gözəlliyini vəsf
edərək veriblər.
Təranə Məhərrəmova