• cümə, 19 Aprel, 12:18
  • Baku Bakı 25°C

Azərbaycanın və musiqisinin vurğunu olan dünya şöhrətli dirijor - Fotolar

23.09.17 12:00 2061
Azərbaycanın və musiqisinin vurğunu olan dünya şöhrətli dirijor - Fotolar
Bərdia Kiyarəs, 1979-cu ildə Tehranda doğulub. 4 yaşında səntur çalmağı öyrənib. 12 yaşından isə skripkanın ifa sirlərinə yiyələnməyə başlayıb. Təhsilini başa vurduqdan sonra Tehrandakı musiqi kollektivlərində ikinci skripkaçı və konsertmeyster kimi çıxış etməyə başlayıb. 2004-cü ildən dünyanın bir çox məşhur orkestrləri ilə birgə solo konsertlər verib. Pars Musiqi İnstitutunda, Tətbiqi Elm və Texnologiyalar Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Bakıya ilk işgüzar səfərinin gerçəkləşməsindən çox məmnunudur.
Bakının teatr və musiqi ictimaiyyəti ilə görüşə bir neçə saat qalıb. Bu axşam Azərbaycan Dövlət Musiqili Teatrının orkestri Bərdia Kiyarəsin sehrli çubuğunu izləyəcək, onun dirijorluğu ilə dahi Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan” operettasının tamaşasında aktyorları müşayiət edəcək. İki aydan bəri çəkilən zəhmətin qiyməti bu gün veriləcək, bu gecə o həyəcanlı anların mükafatı olan alqış sədaları eşidiləcək.
Bizim söhbətimizsə iki-üç gün əvvələ təsadüf etdi, tərcüməçisi - Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili alan Yunis bəy həmyerlisinin proqramının çox sıx olduğunu diqqətə çatdırsa da, vaxt ayırmağa da razılıq verdi.
Görüşdük. Müsahibim çox səmimi və söhbətə açıq təsiri bağışladı və suallarıma həvəslə cavab verdi.
"Gəlin əvvəlcə mən, Bakıya səfərimin və yaradıcılıq imtahanımın başlanmasının səbəb və zərurətindən danışım, sonra da siz istədiyiniz sualları verin” dedi.
- 38 yaşım var, özümü başa düşəndən evimizdə Azərbaycan musiqisi eşitmişəm, Azərbaycan şairlərinin şeirlərini dinləmişəm, xalq mahnılarına qulaq asmışam. Deyəcəksiniz ki, yəqin qonum-qonşuda bizim ədəbiyyata-musiqiyə maraq göstərənlər olub, o üzdən. Yox, Azərbaycana sevgini məndə atam yaradıb. Atam tanınmış musiqiçi idi, həm də İranın Mədəniyyət Nazirliyinin məsul əməkdaşı kimi tez-tez azərbaycanlıların daha sıx yaşadığı şəhərlərə gedirdi, hər dəfə də geri qayıdanda dodaqaltı hansısa musiqini, mahnını zümzümə edirdi, əlinə keçən musiqi alətində onu çalmağa çalışırdı. İlk dəfə 4 yaşım olanda o mənə səntur çalmağı öyrətməyə başladı. Özü də inanmayacaqsınız, daha çox Azərbaycan mahnıları, musiqi nümunələri öyrədirdi və mən də onları sevə-sevə mənimsəyirdim. Hətta yadımdadır, bir dəfə məktəblilərin Tehran Teleradiosunda keçirilən müsabiqəsində iştirak etdim və birincilik qazandım. Mənə dedilər ki, qaliblərin konsertində ürəyin istəyən bir musiqi nömrəsi seçməkdə sərbəstsən. Mən də həmin konsertdə "Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısını ifa etdim, sözlərinin mənasını anlamasam da, ürəyimdə zümzümə edə-edə çaldım onu. Atam bu mahnını çox sevirdi. Sonra skripka çalmağa başladım. 12 yaşımda atam mənə bu alətin mükəmməl biliciləri olan Mehrdad Əli Ağa, İbrahim Lütfi, Behruz Vahidi Azər, Davud Fəlahəti, Maziar Zahirodini və Sefil Dehbasti kimi ustadlardan dərs almağı tövsiyə etdi.
- Bütün şərq ölkələrində olduğu kimi, məncə, İranda da milli musiqi alətlərinə daha çox önəm verilir. Ən azından, uşaq böyüyəndə ailəsinin ehtiyaclarını toy-düyündə qazandığı para ilə təmin edə bilsin deyə.
- Mənim atam, dediyim kimi, həm musiqiçi idi, həm də dünya mədəniyyətindən hali olan ziyalı. O, bəlkə də ürəyinin dərin guşəsində arzu edirdi ki, onun da övladı qərbin bu klassik musiqi alətinin incəliklərinə vaqif olsun, dünya səhnələrinə çıxsın, bəşəriyyətin yaratdığı musiqi inciləri ilə tanış olsun.
- Və siz onun arzusunu gerçəkləşdirdiniz. İlk çıxışınızı xatırlayırsınızmı?
- Skripkaçı kimi ilk dəfə, 1995-ci ildə, Şiraz şəhərində Tehran Gənclər Orkestrinin müşayiəti ilə Antonio Vivaldinin "Dörd mövsüm” skripka konsertini ifa edəndə, cəmi 16 yaşım vardı. Əlbəttə, çox həyəcanlı idim, şükür ki, bu imtahandan da alnıaçıq çıxdım. İki il sonra, 1997-ci ldə isə artıq İİR-in Orkestrində birinci skripkaçı idim, bu, əlbəttə, qürurverici bir nailiyyət idi. Ən çox sevinən də təbii ki, atam oldu. Ancaq təəssüf ki, biz onu çox tez itirdik və o, mənim sonrakı illərdə qazandığım uğurları görmədi, oğlunun onun xəyal etdiyi Avropa ölkələrindəki çıxışlarının sorağını eşitmədi. O, 2001-ci ildə dünyasını dəyişdi və əminəm ki, sağ olsaydı, mənimlə bərabər, ürəkdən sevdiyi Bakıya gələr, köhnə dostu Əliqismət Lalayevin onun övladına necə böyük qayğı və sayğı göstərdiyinin şahidi olar, buna çox sevinərdi.

- Onlar tanış idilər?
- Bəli, Əliqismət Lalayevlə atam düz 23 il əvvəl rəsmi tədbirlərin birində tanış olmuşdular. Onda deyəsən, o da Mədəniyyət və Turizm Nazirliyində işləyirmiş və işgüzar səfərlərin birində görüşmüşdülər. Onda biz balaca idik. Atamın vəfatından sonra əlaqələrimiz kəsildi və 23 ildən sonra tale bizi yenidən rastlaşdırdı. Nəhayət ki, mən uşaqlığımdan bəri maraq göstərdiyim, xəyalən gəzib dolaşdığım Bakıya gəldim, onda heç Əliqismət müəllimi görəcəyimi ağlıma belə gətirməzdim. Bir axşam Musiqili teatra - Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin tamaşasına baxmağa gəldim. Bu əsər mənim çox sevdiyim musiqi şedevrlərindən biridir. Fasilə vaxtı biz Əliqismət müəllimlə tanış olduq və söhbət əsnasında mən bu əsərə dirijorluq etmək arzumu dilə gətirdim. Təbii ki, o məni tanımırdı, dirijor kimi səriştəmə, musiqi qabiliyyətimə, yaradıcılığıma bələd deyildi. Ona görə də mən lap uşaq yaşlarımdan Azərbaycan musiqisinə heyran olduğumu söylədim, atamın mənə bu musiqini necə sevə-sevə öyrətdiyini dedim. O atamın nə işlə məşğul olduğu ilə maraqlandı və mənim cavabımdan sonra atam Fətəməzi 23 il əvvəl tanıdığını dedi. Və Əliqismət müəllim mənimlə, necə deyərlər, yenidən tanış olandan sonra ötən günləri xatırladı, atamla görüşündən danışdı və söhbətimizin sonunda arzumun reallaşmasına razılıq verdi.
- Siz də işə başladınız və bu axşam Bakı tamaşaçısı qarşısında imtahan verəcəksiniz.
- Çox şadam ki, Azərbaycandakı çıxışım məhz bu günlərdə - Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində olacaq, sentyabrın 23-də "Arşın mal alan”, 24-də isə "O olmasın, bu olsun” tamaşalarını idarə edəcəyəm. İnşallah, əminəm ki, birgə çalışdığım insanlar məni yalqız qoymayacaqlar. Mən onlara güvənirəm.
- Musiqiçilərimiz, ifaçılarımız sizin tələblərinizə, gözləntilərinizə cavab verə bildilərmi?
- İnanın ki, onlar şahanədir! İlk günlər aramızda cüzi anlaşılmazlıqlar oldu, o da ifaçıların və mənim təhsil yönüm ilə bağlı idi. Mən daha çox Avropa məktəbindən bəhrələnmişəm, oralarda, yəni Qərbdə, çalışdığım illərdə əmin oldum ki, musiqi təfsirində daha çox zəriflik, incəlik, yumşaqlıq hiss olunur. Mən Almaniya, Avstriya, Danimarka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya, Belçika və bir sıra digər ölkələrdə konsert proqramı ilə çıxış etmişəm, 2008-ci ildən bəri dünyanın aparıcı dirijorları ilə əməkdaşlığım var. Bu görüşlərdə əmin oldum ki, əsas məsələ musiqi əsərinin ifasına fərdi yanaşmağı bacarmaqdır. Deyək ki, siz və ya mən eyni bir şeir parçasını çox fərqli ifa edə bilərik, mən daha sərt, daha çılğın, siz daha sakit, daha lirik ovqatda. Musiqidə də belədir. İfaçı bəstəkarın dəsti-xəttinə toxunmadan onun musiqisini öz hislərinin-duyğularının süzgəcindən keçirib auditoriyaya təqdim etməlidir. Mən bir dirijor kimi hər iki əsərdə Avropa məktəbinin o zəriflik və yumşaqlığı ilə sizin musiqiçi və ifaçılarınızın əxz etdiyi sərtlik, dinamik çırpıntılardan doğan "ağırlıq və kobudluğu” sintez etməyə çalışacağam. Qismət olsa, biz "Arşın mal alan" və "O olmasın, bu olsun" tamaşalarını bu mövsümdə yeni yozumda təqdim edəcəyik.
- Dirijor, ifaçı , bəstəkar... Siz 2008-ci ildən Pars Musiqi İnstitutunun Orkestrində, 2009-cu ildən İranın Kamera Orkestrində dirijorluq etmisiniz. İran Milli Orkestrinin dirijoru kimi 2010-2012-ci illərdə konsertlərdə çıxışlarınız olub. 1997-ci ildən İİR-in orkestrində birinci skripkaçı olmusunuz. Sonra simli və simfonik orkestr üçün pyeslər bəstələyib, kino və televiziya serialları üçün musiqi yazmısınız.
- Yaradıcılıq işi belədir. Mütləq təzə nələrsə öyrənməyə, istedadını cilalamağa çalışmasan, yerində saymağa məhkum olacaqsan.2006-cı ildən İran Film Bəstəkarları Assosiasiyasının üzvüyəm. 2004 və 2006-cı illərdə Almaniyanın Osnabrück Festivalında çıxış etmişəm. 2005-2007-ci illərdə Nouban Simli Orkestrində birinci skripkaçı kimi çıxış etmişəm. Dünya şöhrətli Daniel Barenboymun rəhbərlik etdiyi orkestrdə birinci skripkaçı kimi üstümə düşən vəzifəni yerinə yetirmişəm. Aksel, Vilezok, Jülyen Salemkurun kimi professorlardan ustad dərsləri almışam. Niyə bunları sadalayıram? Ona görə ki, gəzib gördüyüm bu yerlərin heç biri məni Bakı qədər cəzb etməyib. İnanın mənə, sentyabrın 25-də buradan ayrılacağımı düşünmək belə istəmirəm. "Bakı çox gözəl və özəl şəhərdir” demək, onun haqqında düşündüklərimin mində birini ifadə etməkdir. Bakının gözəlliyini, insanların qonaqpərvərliyini, istiqanlılığını sözlə ifadə etməyə çətinlik çəkirəm. Bakı mənim xəyallarımın şəhəridir. Düşünə bilirsinizmi, dünyanın heç bir ölkəsində (hər halda mənim gəzdiyim ölkələrdə) pul vahidlərinin üstündə musiqi alətlərinin şəkli yoxdur. Amma Azərbaycan manatının üstündə müxtəlif musiqi alətlərinin rəsmini gördüm, bu, məni çox duyğulandırdı. Bu sənətə, musiqiyə, mədəniyyətə böyük sevginin və ehtiramın nişanəsidir. Mən özümü burada qərib hiss etmirəm. Əgər nə vaxtsa yer üzündə ömürlük yaşamaq üçün bir şəhər seçmək dilemması qarşısında qalsam, tərəddüd etmədən Bakını seçərdim!Bu axşam Azərbaycan Dövlət Musiqili Teatrına getməyə tələsin, fərqli bir tamaşa, maraqlı bir ifa görəcəksiniz. Tehranlı dirijor və musiqiçi Bərdia Kiyarəslə görüşdən məmnun qalacağınıza əminəm!
Telli Pənahqızı





banner

Oxşar Xəbərlər