• çərşənbə axşamı, 19 mart, 12:11
  • Baku Bakı 8°C

Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı

22.01.21 15:00 1740
Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı
Yeni müəssisələrin fəaliyyətə başlaması ilə yerli istehsal canlanır, iş yerləri yaradılır, iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir

Latınca çalışqanlıq mənasını ifadə edən sənaye, iqtisadiyyatın əsas hissəsidir. Sənaye cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək, həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün "əmək silahı”nın hazırlanması ilə məşğul olan bir çox müəssisələrin toplusunu təsvir edir. Buraya o cümlədən zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası və sair daxildir. Burada istehsal, manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesi isə sənayeləşmə adlanır. Hazırda dünyada Türkiyə, Səudiyyə Ərəbistanı, Tailand, Malayziya, Meksika, Braziliya kimi sənayeləşən ölkələr var. Çin və Hindistan isə daha çox sənayeləşmiş ölkələr sayılırlar. Azərbaycanda da sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.

Neft-qaz amilindən asılılığın azaldılması
Hazırkı dövrdə sənayenin, yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Prezidenti İlham Əliyevin2011-ci il21 dekabrtarixli Fərmanı ilə yaradılan və 11 may 2012-ci ildə dövlət qeydiyyatına alınan "Sumqayıt Kimya Sənaye Parkı”(SKSP) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) də bu məqsədə xidmət edir. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən SKSP MMC Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye ParkıvəPirallahı Sənaye Parkınınidarəedici təşkilatıdır. Cənubi Qafqazın ən böyük sənaye parkı sayılan SKSP-də 24 rezident qeydiyyata alınıb ki, onlardan 15-i artıq istehsal fəaliyyətinə başlayıb. Sənaye parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. 2020-ci ildə parkda 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 37 faiz çoxdur. İxrac isə 2019-cu illə (276 milyon manat) müqayisədə 18 faiz artaraq 2020-ci ildə 336 milyon manat təşkil edib.


Sənayedə ən müasir texnologiyanın tətbiqi

Azərbaycanın ilk sənaye parkı SKSP-də yanvarın 18-də Prezident İlham Əliyevin iştirakı ilə yeni müəssisənin - "Azərfloat” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) vərəqə şüşə istehsalı zavodunun açılış mərasimi olub. Bu zavod Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik "HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur. Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. İndi dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.


Daxili tələbat ödənilir, ixrac perspektivi yaranır

Elə həmin gün Prezident İlham Əliyev "Azərsulfat” MMC-nin "sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodunun və "Glassica” QSC-nin şüşə tara məhsullarının (butulka) istehsalı müəssisəsinin təməlini qoyub. Bildirilib ki, sulfat turşusu istehsal edəcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq. Əgər nəzərə alsaq ki, təkcə son 3 ildə Azərbaycana hər il 5-10 min ton sulfat turşusu idxal edilir, o zaman bu zavodun fəaliyyətə başlaması ilə idxalın yerli istehsalla əvəz olunacağını aydın təsəvvür etmək olar. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır. Şüşə tara məhsullarının (butulka) istehsalı zavodunun məhsulları isə əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Hazırda Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur ki, bununla da gələcəkdə daxili bazarın tələbatı tam ödəniləcək, nəticədə ixrac perspektivi yaranacaq.


Qarabağ inkişafımızın aparıcı qüvvəsinə çevriləcək
İstehsal müəssisələrinin təməlqoyma və açılış mərasimində çıxış edən Prezident İlham Əliyev yeni zavodların fəaliyyətə başlaması ilə Azərbaycanın idxaldan asılılığının azaldığını, valyutanın ölkəmizdə qaldığını bildirib. Qeyd edib ki, yeni müəssisələrin fəaliyyətə başlaması ilə yerli istehsal canlanacaq, iş yerləri yaradılacaq, iqtisadiyyatımızın şaxələndirilməsi, ümumən ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək: "Biz hətta dünya bazarlarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir dövrdə də öz dayanıqlılığımızı qoruya bilmişik. ...Bizim valyuta ehtiyatlarımız azalmayıb, hətta az da olsa, artıb. Nəyə görə? Çünki qeyri-neft sektoru uğurla inkişaf edib. Bütün dünya ölkələrində 2020-ci il iqtisadi tənəzzül ili olmuşdur, bizdə də, həmçinin. Amma bizdə tənəzzül cəmi 4,3 faiz olmuşdur. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə ölçülür. Amma bizdə qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub, məhz bu kimi müəssisələrin hesabına. Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması - bütün bu amillər bugünkü yeni reallığı yaradıb. ...Ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Bu bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək”.

Dünya bazarlarında rəqabətə davam gətirmək
İqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan Vətən Müharibəsində əldə etdiyi qələbəni qeyri-neft sektorunu uğurla inkişaf etdirməklə möhkəmləndirir. Deputat vurğulayıb ki, iqtisadiyyatı gücləndirmədən gələcək uğurlardan danışmaq olmaz: "Cənab İlham Əliyevin iqtisadi siyasətinin təməlində qeyri-neft sektorunun inkişaf etdirilməsi təməl prinsipi dayanır. Ona görə də iqtisadiyyatın şaxələndirilməsi prinsipi əsas götürülərək qeyri-neft sektorunda uğurlar əldə edilməkdədir. 2020-ci il dünya iqtisadiyyatı üçün çətin olsa da, ölkəmiz bu dövrü az itkilərlə başa vurmağa nail olub. 2020-ci il iqtisadiyyatımız cəmi 4,3% tənəzzülə uğrasa da ölkəmizin qeyri-neft sənayesində 12,5% artım olub, dövlətin valyuta ehtiyatları cüzi olsa da artıb. Sənaye sektorunda əldə olunmuş artım onu deməyimizə imkan verir ki, ölkəmizdə sürətli sənayeləşmə gedir. Sumqayıt Kimya Sənaye Parkında iki yeni müəssisənin təməlini qoyulması, bir müəssisənin fəaliyyətə başlaması da yeni iş yerlərinin açılması, ölkənin daxili tələbatının ödənilməsi və ixracyönümlü məhsulların istehsalı deməkdir. Ölkəmizdə açılan yeni sənaye sahələri elmin son texnologiyalarına əsaslanır və dünya bazarlarında rəqabətqabiliyyətlidir. Ona görə də, Azərbaycanda istehsal olunan sənaye məhsullarına dünya bazarlarında alıcıların tapılması çətinliyi yaranmır. Digər tərəfdən, idxalın istehsalla əvəz olunması və ixrac potensialımızın artması ölkəmizin xarici valyutadan asılılığını aradan qaldırır. Bu da manatın möhkəmlənməsinə və ölkədə iqtisadi sabitliyin qorunmasına gətirib çıxarır”.

İnsanların sosial rifahının yaxşılaşması
Millət vəkilinin sözlərinə görə, gələcəkdə ölkəmizin iqtisadiyyatına xarici investisiyaların yatırılması daha da artacaq: "Artıq ölkəmizdə münaqişə mövzusu arxada qalıb, xalq-iqtidar birliyi sarsılmazdır, işğaldan azad olunmuş ərazilərin təbii resurs potensialı yüksəkdir, ölkəmizin yerləşdiyi coğrafiya istehsal olunan məhsulların xarici bazarlara çatdırılmasını asanlaşdırır, manatın məzənnəsi sabitdir, ölkədə biznesə başlanması üçün asan sistem qurulub. Bütün bunlar vacib şərtdir. Təsadüfi deyil ki, Dünya Bankının "Doing Busines” jurnalının hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi arasında yer alır. Həm də biznesə başlamağın rahatlığı indikatoru üzrə Azərbaycan dünyada ən qabaqcıl yerlərdədir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərdə də sənayeləşməyə xidmət edən yeni investisya layihələrin həcmi genişlənəcəkdir. Bu da ölkəmizin iqtisadiyyatının daha güclənməsi və insanların sosial rifahının yaxşılaşması deməkdir”.

Mükəmməl iqtisadi strategiya
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycanın özünün iqtisadi modelinin formalaşdırıldığını söyləyib. O, qəzetimizə açıqlamasında qeyd edib ki, dünyada baş verən böhranlar, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli fonunda ölkə iqtisadiyyatında böyük tənəzzülün qeydə alınmaması, əksinə, yeni müəssisələrin təməlinin qoyulması və fəaliyyətə başlaması, milli valyutanın öz dəyərini qoruyub saxlaması olduqca mühüm hadisədir. Millət vəkilinin sözlərinə görə, bütün bunlar iqtisadi inkişaf naminə zamanında atılan düzgün və uzaqgörən addımlar sayəsində mümkün olub: "Azərbaycanda dayanıqlı iqtisadi model var. Dayanıqlı iqtisadiyyatın yaradılması üçün əvvəlcədən istənilən kənar təsirlər, forsmajor hadisələr, şok vəziyyətlər hesablanır, nəzərə alınır. Azərbaycanda da bütün bu kimi addımlar zamanında atılıb. Ona görə də, ölkəmiz öz iqtisadi dayanıqlığını qoruyub saxlamağa qadirdir. Bu, düşünülmüş, ardıcıl, sistemli, dünya iqtisadiyyatında baş verən prosesləri, iqtisadiyyata təsir edən xarici amilləri, ölkə iqtisadiyyatının potensialını hesablayaraq özündə ifadə edən mükəmməl bir proqramdır. Prezident İlham Əliyevin rəhbərliyi altında zaman-zaman həyata keçirilən iqtisadi strategiya müasir dövrdə özünü tam doğrultmaqdadır. Əgər biz müharibə aparan istənilən dövləti təhlil etsək, görərik ki, müharibə iqtisadi baxımdan çox böyük xərc aparan prosesdir. Müharibə, istənilən halda onu aparan dövlətin ilk növbədə milli valyutasına təsir edir. 44 günlük Vətən Müharibəsində Azərbaycan iqtisadiyyatı dayanıqlığını, milli valyutamız – manat dəyərini qoruyub saxladı, valyuta ehtiyatlarımız azalmadı, əksinə artdı, xarici ticarət dövriyyəmizdə müsbət saldo yarandı. Baxmayaraq ki, pandemiya dövrü idi və ölkə müharibə aparırdı, bütün istehsal müəssisələri öz fəaliyyətini davam etdirdi. Bütün sadalananlar düzgün iqtisadi siyasətin, strategiyanın həyata keçirilməsinə, islahatların reallaşmasına, iqtisadi siyasətin idarə olunma mexanizminin formalaşmasına əyani misaldır. Hazırda da sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər