• cümə, 19 Aprel, 05:49
  • Baku Bakı 18°C

Azərbaycanın uğurlu siyasətinin və nüfuzunun parlaq ifadəsi - Fotolar

29.10.19 19:47 3063
Azərbaycanın uğurlu siyasətinin və nüfuzunun parlaq ifadəsi - Fotolar
Prezident İlham Əliyev: "Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək”
Qütbləşən dünyada Azərbaycan müstəqil siyasət yürüdən, iqtisadi intibahını təmin edən, bəşəriyyətdə sülhün, təhlükəsizliyin qorunub saxlanmasına töhfə verən ölkədir. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, beynəlxalq birliyin üzvü olan bütün dövlətlərlə, o cümlədən region ölkələri ilə qarşılıqlı maraqlara xidmət edən münasibətlərə sahibdir. İqtisadi inkişafına görə Cənubi Qafqazın lider dövlətinə çevrilən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan multikulturazlizm, tolerantlıq məkanı, sabitlik, əmin-amanlıq adası kimi də diqqət çəkməkdədir. Məhz buna görədir ki, inkişaf etməkdə olan ölkəmiz davamlı olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, həmçinin böyük güc mərkəzlərini təmsil edən tərəflərin dialoq məkanı kimi seçilir. Tamhüquqlu 120 üzvü olan, özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün oktyabrın 25-26-da Bakıda keçirilməsi qeyd edilənlərə daha bir nümunədir. Beynəlxalq əhəmiyyətli tədbirə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb. Tədbirin ilk günündə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Bununla da Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi imkanı yaranıb. Bu faktın özü beynəlxalq aləmdə Azərbaycana olan etimadın, ölkəmizə verilən dəyərin növbəti dəfə nümayişidir.


Prezident İlham Əliyev ötən gün Ağdaş rayonuna səfəri çərçivəsində ictimaiyyət qarşısında çıxış edərkən bu məsələyə xüsusilə diqqət çəkib. Əminliklə qeyd edib ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək: "Beynəlxalq gündəliyimiz çox zəngindir. Təkcə bu ay ərzində Azərbaycan iki önəmli təşkilata sədrliyi öz üzərinə götürüb. Oktyabrın ortasında Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb və biz bir il bu təşkilata rəhbərlik edəcəyik. Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir. İki gün əvvəl Yekun Bəyannamədə bizim istədiyimiz bütün məsələlər öz əksini tapıb, o cümlədən ərazi bütövlüyü ilə, erməni işğalı ilə bağlı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bizim mövqeyimizlə bağlı istədiyimiz bütün müddəalar orada öz əksini tapıb. Yəni, bu, böyük nailiyyətdir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, Qoşulmama Hərəkatında yekdil dəstək almaq çox böyük qəhrəmanlıqdır: "Bu təşkilatın 120 üzv ölkəsi var. Bəzi ölkələr bir-biri ilə yola getmir, bəzi ölkələr arasında çox böyük ixtilaflar, hətta münaqişələr var. Buna baxmayaraq, onların hamısı bizi dəstəklədilər. Bizim daxili siyasətimiz, bax, bu reallığı yaradır, xarici siyasətimiz də mövqeyimizi gücləndirir. Ona görə bizim gələcəkdə ancaq inkişaf yolu ilə getməyimiz üçün bütün şərtlər var. Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək. Bu gün xalqı narahat edən bütün problemlər – sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq”.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib ki, hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun sözlərinə görə, bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər qazanır. Deputat qeyd edib ki, bu nailiyyətlərin qazanılmasının digər bir mühüm səbəbi ulu öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir: "Ötən dövr ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib. Bu baxımdan xarici siyasət kursu da uğurla həyata keçirilib və dövlət və milli maraqlarımızı tam təmin edilib. Regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin praqmatik xarici siyasəti nəticəsində ölkəmiz dünyanın yeganə qlobal təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu orqanına - Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyini qazanaraq qeyri-daimi üzvü olub. Bu da ölkəmizin milli maraqlarını beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaradıb. Müstəqil Azərbaycan özünün xarici siyasət prinsiplərinə əsaslanaraq, qonşu dövlətlərlə dostluq münasibətlərini qoruyur və onlara qarşı bitərəf siyasətini saxlayır”.


S.Fətəliyevanın fikrincə, Azərbaycan beynəlxalq müstəvidə çox uğurlu siyasət həyata keçirir ki, bu da ölkəmizin dünyada nüfuzunu əhəmiyyətli dərəcədə artırır. YAP-ın şöbə müdiri deyib ki, Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi və növbəti mərhələdə təşkilata sədr seçilməsi də ölkəmizin uğurlu xarici siyasətinin və dünyada artan nüfuzunun parlaq ifadəsidir: "Azərbaycanın xarici siyasətinin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və sabit siyasət yürüdülür. Bu siyasət nəticəsində enerji resurslarının dünya bazarına çıxarılmasına imkan yaranıb. Həm enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranıb. Bu gün bir çox Avropa rəsmiləri qitənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsində Azərbaycanı vacib ölkə hesab edirlər. Bütün bunlar beynəlxalq aləmdə Azərbaycana və onun Prezidentinə verilən ən yüksək siyasi qiymətdən xəbər verir”.


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə də bizimlə söhbətində qeyd edib ki, BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatın toplantısının - Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün məhz Bakıda keçirilməsi sabitlik, inkişaf və tərəqqi yolu ilə addımlayan Azərbaycana verilən dəyərdir. Millət vəkilinin sözlərinə görə, Zirvə Görüşündə Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzun da göstəricisi sayılmalıdır: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir. Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurların əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası təşkil edir. Reallıq bundan ibarətdir ki, Azərbaycan uğurla inkişaf edir. Ölkəmizin dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bununla bağlı bir çox misallar çəkmək olar. Təkcə birini qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi edib. Bu, Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi hadisələrdən biridir. Ölkəmizin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsinə, ikitərəfli və çoxşaxəli münasibətlərini inkişaf etdirməsinə xidmət edəcəkdir. Ümumi yanaşsaq, Zirvə Görüşünün Bakıda keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından əhəmiyyətli olduğu kimi, Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə yeni bir təkan olacaq”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər