AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın səhiyyə sistemi istənilən fors-major vəziyyətə hazırdır

Azərbaycanın səhiyyə sistemi istənilən fors-major vəziyyətə hazırdır

Siyasət
30 Mart 2020, 18:06 3003
Koronavirusa yoluxanlara yüksək tibbi xidmətin göstərilməsi, sağlamlıqlarının bərpası üçün ölkəmizin müasir xəstəxanaları var

Azərbaycanda əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət Proqramları müstəsna rol oynayıb. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilib və ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasını əhatə edib. Son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Bu müəssisələr ən müasir tibbi avadanlıq və qurğularla təchiz edilib. Bir neçə xəstəxananın tikintisi rayonlarda və paytaxt Bakıda hazırda davam etdirilir. Ümumi götürsək, 2004-cü ildən indiyə qədər ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, ən nəhayət, vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi mühüm yerlərdən birini tutur. İndi Azərbaycanın bütün regionlarını əhatə edən müasir tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var. Təsadüfi deyil ki, ildən-ilə tibbi müayinədən keçən vətəndaşların da sayı artır. Təkcə ötən il 5 milyona vətəndaş pulsuz tibbi müayinədən keçib. Bu faktın özü də Azərbaycanda səhiyyə sisteminin real mənzərəsini, vətəndaşların həkimlərin peşəkarlığına inamının səviyyəsini ifadə edir. Əminliklə deyə bilərik ki, səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsinə, həkimlərin peşəkarlığının artırılmasına yönələn bütün tədbirlər ölkə əhalisi tərəfindən razılıqla qarşılanır.
 


Yüksək səviyyədə müayinə və müalicə
 
Heç kimə sirr deyil ki, Azərbaycanda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi gözlənilməz hadisələrə də hesablanıb. Hansısa bir fors-major vəziyyətdə, o cümlədən dünyanı bürüyən koronavirusla mübarizədə, bu xəstəliyə yoluxan ölkə vətəndaşlarının sağlamlığının bərpa edilməsində müasir tibb ocaqlarının mövcudluğu Azərbaycan səhiyyəsinin imkanlarını genişləndirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə martın 28-də Bakıda istifadəyə verilən "Yeni klinika” tibb müəssisəsi də belə məqsədlərə xidmət edəcək tibb ocaqlarından biridir. 575 çarpayılıq səhiyyə müəssisəsində cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərir. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışır. Martın 29-dan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə almağa başlayıblar. Bu tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. 
 
 
 
Zamanında verilən düzgün qərar
 
"Yeni klinika” kimi yeni böyük tibb ocağının inşasının düzgün və vaxtında verilmiş qərar olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, pandemiya başa çatana qədər bu səhiyyə müəssisəsində yalnız koronavirus xəstələri müalicə alacaqlar. Dövlət başçısı deyib ki, xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulsa da pandemiyaya görə işlər sürətləndirilib, əlavə vəsait ayrılıb, qüvvələr səfərbər olunub və səhiyyə müəssisəsinin mərhələli yollarla fəaliyyətə başlaması təmin edilib: "Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. ...Koronavirus xəstələrinin buraya yerləşdirilməsi hesab edirəm ki, ən düzgün qərardır. ...Bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. ...Hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və həmin ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası onların ixtiyarına verilir və həkimlər burada onlara xidmət göstərəcəklər”.
 

 
Xalqımızı, dövlətimizi qorumaq
 
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı koronavirusun dünyanın inkişaf etmiş ölkələrini iflic vəziyyətinə saldığını xatırladaraq Azərbaycanda bu infeksiya ilə bağlı qabaqlayıcı tədbirlərin vaxtında görüldüyünü vurğulayıb. Millət vəkili deyib ki, mməhz bunun nəticəsində ölkəmizdə vəziyyət nəzarət altında saxlanılır: "Vaxtında sərhədlərin bağlanması, bütün təhsil müəssisələrində tədrisin dayandırılması, eləcə də ictimai-iaşə obyektlərinin insanlara ancaq onlayn xidmət göstərməsi barədə tapşırıqlar, müəyyən qadağalar çox yerində verilmiş qərarlardır. Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması vəziyyətə vahid qurumdan nəzarət etməyə imkan verib. Xalqımızı bu çətin günlərdə həmrəyliyə, birliyə çağıran Azərbaycan Prezidenti əlavə məhdudlaşdırıcı tədbirlərin vaxtında görüldüyünü vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, biz bu addımları atmaqla özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə də yaşlı insanları qorumalıyıq. Çünki yaşlı insanlar riskli yaş qrupuna daxildir. Dövlətimiz bu gün əlindən gələni edir. Bu pandemiyaya qarşı mübarizədə vətəndaşlarımız kifayət qədər məsuliyyətli olmalıdırlar”.
 
 
 
Ümumi məqsədə xidmət
 
Azərbaycanda səhiyyə sisteminin maddi-texniki bazasının istənilən fors-major vəziyyətə hazır olduğunu söyləyən deputat M.İbrahimqızı qeyd edib ki, koronavirusla mübarizədə ölkəmizin tibb ocaqlarının rolu danılmazdır. O, bu səhiyyə müəssisələrində çalışan tibb işçilərinin əməyinin alqışalayiq olduğunu vurğulayıb: "Azərbaycanın səhiyyə müəssisələrində çalışan həkimlər, tibb bacıları bu günün qəhrəmanlarıdırlar. Onlar ön cəbhənin əsgərləridirlər, həyatlarını riskə ataraq xəstəliyə yoluxan insanları müalicə edirlər. Onların əməyi dövlətimiz tərəfindən də yüksək dəyərləndirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Azərbaycan həkimlərinə minnətdarlıq edən və vətəndaşları onlara dəstək olmağa çağıran dövlət başçısı bildirib ki, həkimlərimiz doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Dövlətimizin həyata keçirdiyi tədbirlər ümumi məqsədə xidmət edir. Qəbul edilən qərarlar, tətbiq olunan qadağalar, karantin rejimi, belə bir fonda istifadəyə verilən yeni, müasir səhiyyə müəssisəsi vətəndaşlarımıza xidmət, ümumən xalqımızın xəstəliklə mübarizədən az itkilərlə çıxması üçündür. Bu günə qədər əldə etdiyimiz uğurlar birliyimizin hesabına mümkün olub. Xalqımız çox məhrumiyyətlərdən keçib, sınaqlara dözüb. İnanırıq ki, milli həmrəylik, xalq-iqtidar birliyi sayəsində bu sınaqdan da üzüağ çıxacağıq”.
 

 
Səhiyyəmizin dünəni, bu günü və gələcəyi
 
Millət vəkili Nəsib Məhəməliyev bizimlə söhbətində bildirib ki, ölkədə müasir səhiyyə ocaqlarının yaradılmasında başlıca məqsəd Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunmasıdır. Onun fikrincə, indiki həssas dövrdə "Yeni klinika” kimi müasir xəstəxanaların istifadəyə verilməsi, koronavirusla mübarizə tədbirlərinə böyük həkim personalının cəlb edilməsi əhəmiyyətli hadisələrdəndir: "Azərbaycan Prezidenti İlham Əliyev "Yeni klinika”nın açılışında səhiyyəmizin dünəni, bu günü və gələcəyi ilə bağlı önəmli fikirlər səsləndirməklə, səhiyyə işçilərini, eləcə də xalqı narahat edən bir çox məsələlərə aydınlıq gətirdi. İlk növbədə ölkə səhiyyəsinin dünəni barədə danışdı. 2004-cü ildə Lənkəranda beş mərtəbəli binanın uçması ilə əlaqədar rayona səfəri zamanı oradakı xəstəxanaların biabırçı vəziyyətdə olmasını xatırlatdı. Doğrudan da, o dövrdə nəinki Lənkəranda, eləcə də Bakı şəhərindəki bir-iki səhiyyə ocağını çıxmaq şərti ilə, Respublikanın bütün xəstəxanaları və klinikaları bərbad vəziyyətdə idi. Ona görə də regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində ölkənin bütün şəhər və rayonlarında yeni xəstəxanalar tikildi, ən müasir avadanlıqlarla təchiz olundu”.
 

 
Dövlət vətəndaşın yanındadır
 
Millət vəkili bildirib ki, dünyanı bürümüş koronovirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycanda görülən işlər, atılan qabaqlayıcı addımlar, o cümlədən koronavirusa yoluxmuş xəstələrə xidmət göstərəcək 575 çarpayılıq "Yeni klinika”nın fəaliyyətə başlaması, həkimlərin və tibb personalının əmək haqqlarının kəskin artırılması Prezidentin və Birinci vitse-prezidentin ölkə səhiyyəsinin inkişafına böyük əhəmiyyət verməsinin göstəricisidir: "Ölkə başçısı hər kəsi narahat edən pandemiya ilə bağlı görülən tədbirləri sadaladı. Qısa zamanda xarici ölkələrdən alınan avadanlıqlardan söhbət açdı. Bildirdi ki, tibb profilli sənaye məhsullarının istehsalı gələcəkdə daxili bazarın təmin olunmasına xidmət edəcək. Eyni zamanda o, gələcəkdə də yeni xəstəxanaların, digər müəssisələrin tikiləcəyi barədə mesajlar verdi. Məsələnin mənəvi əhəmiyyətini nəzərə alaraq, cənab Prezident həkimlərimizin və tibb personalının koronovirusla qəhrəmancasına mübarizə apardığını qeyd etdi, onlara səmimi minnətdarlığını çatdırdı. Belə bir həssas dövrdə butipli tədbirlərin keçirilməsi, əldə olunmuş nailiyyətlərin xatırlanması, qarşıda duran problemlərin müzakirəsi xalq tərəfindən yüksək qarşılanır. Azərbaycan xalqı bir daha əmin olur ki, ən çətin zamanlarda belə dövlət və dövlət başçısı onların yanındadır”.
 

 
Siyasətin mərkəzində vətəndaş amili
 
Milli Məclisin deputatı Musa Qasımlı da koronavirusla mübarizə aparıldığı bir vaxtda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə "Yeni Klinika”nın istifadəyə verilməsinin, koronavirusa yoluxan xəstələrin burada müalicə almalarının təşkil edilməsinin və ölkə başçısının nitqinin bir neçə baxımdan əhəmiyyət kəsb etdiyini dilə gətirib: "Birincisi, cənab Prezidentimiz ölkəmizdə səhiyyə sisteminin daim təkmilləşdirildiyini, həm həkim kadrları, həm də avadanlıq sarıdan yaxşılaşdırıldığını, müasirləşdirildiyini vurğuladı, gələcəkdə əlavə işlərin görülməsini bir vəzifə olaraq müəyyənləşdirdi. İkincisi, koronavirus bəlasına qarşı Azərbaycan hakimiyyətinin dərhal çevik reaksiya verməsi və işin təşkil edilməsi rəhbərlərimizin idarəçilik bacarığının bir çox ölkələrdəkindən üstün olduğunu göstərdi. Üçüncüsü, dünya bazarlarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsinə baxmayaraq, bütün xərcləri dövlətimizin öz üzərinə götürməsi bir daha göstərir ki, cənab Prezidentimizin siyasətində başlıca yerdə Azərbaycan vətəndaşının maraqları dayanır. Dördüncüsü, vətəndaşların cənab Prezidentimizin çağırışına qoşularaq Koronavirusla Mübarizə Fonduna imkanları daxilində ianələr köçürmələri, dövlət qurumlarının istirahət mərkəzlərini, iş adamlarının otellərini karantin üçün vermələri təkcə bu gün deyil, gələcək üçün də bir gözəl nümunə yaradır. Beşincisi, tarixi təcrübə də, müasir şərait də bir daha göstərir ki, ölkəmizdə dövlət hakimiyyətinin güclü olması siyasi baxışlarının fərqliliyindən asılı olmayaq, bütün vətəndaşların faydasınadır. Ona görə də bu dünyada fani olan bizlər əbədi olan müqəddəs dövlətimizin və uca millətimizin yanında daim olmalıyıq ki, bu bəladan az itki ilə çıxaq. Nəhayət, ayrı-ayrı şəxslər məsuliyyətli davranmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməlidirlər. Başa düşülməlidir ki, bir fərdin səhlənkar hərəkəti ağır milli fəlakətə gətirib çıxara bilər”.
 
Rufik İSMAYILOV