• cümə, 29 Mart, 14:09
  • Baku Bakı 14°C

Azərbaycanın qeyri-neft məhsulları Avropa Birliyi bazarlarına çıxma imkanına malikdir

05.04.17 13:00 1197
Azərbaycanın qeyri-neft məhsulları Avropa Birliyi bazarlarına çıxma imkanına malikdir
Qeyri-neft sektorunda inkişafa və artıma nail olmaq, eləcə də ixracı dəstəkləmək məqsədilə dövlət tərəfindən bir sıra ciddi addımlar atılır. Sözsüz ki, bu addımlar getdikcə daha geniş arealı əhatə edir. Ümumiyyətlə, ölkənin postneft dövrünə gözlənildiyindən daha tez daxil olması səbəbindən iqtisadiyyatın yeni ixrac imkanlarının araşdırılması və bu sahədə mövcud potensialdan tam istifadə edilməsi gündəmə gəlib. Bu məqsədlə "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və ixrac missiyalarının təşkili, azexport.az internet portalının yaradılması, həmçinin ölkənin xaricdəki səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərinin təsis və təyin edilməsi irimiqyaslı əhəmiyyətli tədbirlərdəndir. Doğrudur, Azərbaycanın çox böyük ixrac potensialı var. Lakin bu imkanları reallaşdırmaq lazımdır. Çünki bu və ya digər sahədə istehsal imkanlarının yaradılması işləri məsələnin hələ birinci şərtidir. Az bir müddət ərzində ixracı yüksəltmək mümkün olan iş deyil.
Bu mənada rəqabətədavamlı qeyri-neft ixrac məhsullarının istehsalı üçün vacib amillər və bu məsələdə keyfiyyət infrastrukturunun rolu araşdırılmalı və tətbiq edilməlidir. Bəs bunun üçün Azərbaycandakı mövcud şərait necədir?
Mövzunun ölkəmiz üçün aktuallığını nəzərə alıb bir neçə ekspertə müraciət etdik. Onlarla bir neçə vacib element ətrafında müzakirə apardıq.
Müasir texnologiya, marketinq və kooperasiya əsas şərtlərdəndir
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirdi ki, rəqabətədavamlı qeyri-neft ixrac məhsullarının istehsalı üçün tələb olunan əsas amillər istehsalda müasir texnologiyaların tətbiqi, innovasiyalardan maksimum istifadə, dərin marketinq təhlili ilə bazarın tələbatının, eləcə də həcminin dəqiq müəyyən olunması, xammala sabit çıxış, nəqliyyat infrastrukturunun və kooperasiya əlaqələrinin mövcudluğudur. Onun sözlərinə görə, hər bir ölkə məhz yuxarıda göstərilən amillərə nisbətdə rəqabət üstünlüyünə sahib məhsulları istehsal edərək, ixrac etməyə çalışır: "Azərbaycan da bir çox amillər üzrə rəqabət üstünlüyünə malikdir. Əlavə olaraq, yüksək dövlət dəstəyi mövcuddur. Ölkədə düşünülmüş, dərin iqtisadi islahatların getməsi və ixrac sahələrinə dəstəyin artırılması yaxın gələcəkdə bu sahədə böyük irəliləyişlərin olmasını şərtləndirəcək”.
Keyfiyyətli məhsul istehsal edilərsə, dünya bazarlarına çıxış asanlaşar
İqtisadçı ekspert Vüqar Bayramov isə qeyd etdi ki, qeyri-neft sektorunda əsas rəqabət ilk növbədə beynəlxalq standartlara uyğun məhsullar üzərində olmalıdır. Bunun üçün keyfiyyət standartlarının tətbiq edilməsi çox vacibdir: "Məhz bu kontekstdə rəqabət qabiliyyəti olan məhsulların istehsalına nail olmaq mümkün olacaq. Bununla yanaşı, keyfiyyət standartlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var. Beynəlxalq standartların uyğunlaşması Azərbaycanda rəqabət qabiliyyətli məhsulların istehsal edilməsinə imkan verir. Rəqabətədavamlı məhsulların istehsalı ənənəvi xarici bazarlarda yox, həm də yeni bazarlarda rəqabətin aparılmasını nəzərdə tutur. Yeni bazarlarda rəqabətin aparılması ilə bağlı ən böyük çətinliklər beynəlxalq keyfiyyət standartlarına uyğun məhsul istehsal edilməməyidir. Bu da Avropa Birliyi bazarlarına çıxış imkanlarını məhdudlaşdırır. Bu, 500 milyon istehlakçısı olan bir birlikdir. Azərbaycan Avropa bazarında aqrar məhsulların rəqabətinə malikdir. Bu istiqamətdə addımların atılmasına ciddi zərurət var”.
V.Bayramovun sözlərinə görə, dövlət tərəfindən məhsul istehsal edən sahibkarların da dəstəklənməsi vacib amildir: "Rəqabət Məcəlləsinin qəbul edilməsi və rəqabətin formalaşdırılması lazımdır. Qeyri-neft sektorunun inkişafı birmənalı şəkildə rəqabət qabiliyyətinin artırılması və rəqabətli investisiya mühitinin yaradılması nəticəsində mümkündür. Düşünürəm ki, Azərbaycan qeyri-neft məhsullarının rəqabətini gücləndirmə və məhsullarının ənənəvi və yeni bazarlarda rəqabət aparma imkanlarına malikdir. Amma məhsullar özəl sektor tərəfindən ixrac olunduğu üçün burada konkret olaraq keyfiyyətə nəzarət standartları müəyyənləşməlidir. İdxal olunan ərzaq məhsullarının keyfiyyəti ilə bağlı nəzarət mexanizm laboratoriyası və digər standartların yoxlanılması həyata keçirilir. İstehsal olunan ərzaq məhsullarının keyfiyyətinin artırılması ilə bağlı Azərbaycan Respublikasının prezidentinin xüsusi fərmanı imzalandı. Həmin sənəd əsasında yerli istehsal olunan məhsulların keyfiyyət standartının artırılması növbəti dövrdə hökumətin əsas diqqətində olacaq. Lakin standartların gözlənilməsi ilə bağlı çətinliklər var. Hələlik Azərbaycanda istehsal olunan məhsulların keyfiyyət standartlarının beynəlxalq standartlara tam olaraq uyğun olduğunu söyləmək də çətindir. Elə məhsullar var ki, onların keyfiyyət standartları yüksəkdir, ancaq bütövlükdə, bu standartların tam olaraq yüksək olduğunu demək hələ ki, çətindir”.
Yerli bazarı idxal asılılığından qurtarmalıyıq ki, ixracı genişləndirək
"Bu mexanizmin təşkilinə kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində nail olmaq lazımdır. Çünki ixrac kifayət qədər mürəkkəb prosesdir. Bura istehsal, daxili bazarın ehtiyaclarının ödənilməsi, keyfiyyət, kəmiyyət kimi məsələlər daxildir”. Bunları isə iqtisadçı Pərviz Heydərov dedi. Bildirdi ki, xarici bazarlarda iqtisadi durum, müştərilərin alıcılıq qabiliyyəti, tələbatın dəyişməsi kimi amillər nəzərə alınmalıdır: "Daxili bazar demişkən, ümumiyyətlə, bütün bu məsələlər haqda mülahizələrim belədir: istehsal müəssisələrini yaradıb, sonra bazar haqda düşünmürlər - bazarı nəzərə alıb, sonra istehsal sahələrini yaradırlar... Bunun üçün isə marketinq deyilən bir sahə var. Hesab edirəm, Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, öncə marketinq sahəsinə diqqət yetirməlidir. Təcili olaraq marketinq ixtisası üzrə mütəxəssislər yetişdirmək lazımdır. Bu, məsələnin birinci tərəfidir. Digər tərəfdən, istənilən halda bazar amili mühüm şərtdir. Bu mənada, ilk növbədə daxili bazarın qayğısına qalmaq lazımdır. Yerli bazarı idxal məhsullarının asılılığından qurtarmalıyıq ki, ixracımızı genişləndirə bilək. Elə məhsullar vardır ki, dünya bazarlarında onlara böyük ehtiyac var. Ancaq, bunlar hamısı xammal məhsullarıdır. İnkişaf etmiş ölkələr əsasən hansı növ emal məhsulları varsa və buna ehtiyac duyurlarsa, özləri istehsal edirlər. Odur ki, emal məhsulları ilə bizim dünya bazarlarına çıxmağımız nəinki yaxın, hətta orta perspektivdə də real hesab edilmir. Bunun üçün gərək, yüksək rəqabətqabiliyyətli məhsullar istehsal edək. Bu isə asan iş deyil. Əvvəla gərək yüksək texnologiya və mükəmməl kadr potensialı olsun. Tutaq ki, texnologiyanı və sairəni müvafiq investisiya ilə təmin etdik, bəs, yüksək ixtisaslı kadrları yetişdirmək və mütəxəssislər hazırlamaq?! Bu, bir günün, ayın və yaxud ilin işidir?! Sözsüz ki, yox. İstənilən sahədə yüksək səviyyəli kadr yetişdirmək azı 5-10 il vaxt tələb edir... Odur ki, ixracımız hələ ki, sırf xammal məhsulları üzərində qurula bilər. Daxili bazarı isə bacardıqca öz məhsullarımızla təmin etməliyik”.
Ekspertin dediyinə görə, bunun üçün idxalı mütləq məhdudlaşdırmalıyıq. Əvvəla, buna inzibati yolla, yerli istehsalı himayə etməklə nail olmaq lazımdır: "Demirəm ki, tələbatımızın 40-45 %-ni ödəyə bildiyimiz məhsulların da xaricdən idxalına qadağa qoyaq. Hansı məhsul növü üzrə daxili tələbatı 75-80 %-dən çox ödəyə biliriksə, məhz bunların kənardan gətirilməsinə məhdudiyyət qoymaq lazımdır. Ümumiyyətlə, nəzərə almaq vacibdir ki, istənilən məhsul növü üzrə alıcı kütləsi əslində hər yerdə var. Sadəcə, hər şey tədiyyə (alıcılıq) qabiliyyətinə bağlıdır. Ölkəmizin vətəndaşları maddi cəhətdən imkan əldə etdikcə, təbii ki, daha çox keyfiyyətli və geniş çeşiddə mallara tələbat nümayiş etdirəcəklər. Bu isə avtomatik olaraq, istehsalı həm kəmiyyətcə, həm də keyfiyyətcə yüksəltməyi zərurətə çevirəcək. Bu, elə bir prosesdir ki, sonda istər-istəməz rəqabətqabiliyyətli məhsul istehsalı ilə nəticələnməlidir və nəticələnəcək. Artıq, bu mərhələdə ixrac da reallığa çevriləcək və avtomatik genişlənəcək”.
941 milli standartın 41%-i beynəlxalq standartlara uyğunlaşdırılıb
Mövzu ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə də müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı rəqabətədavamlı qeyri-neft ixrac məhsullarının istehsalı üçün vacib amilləri sadaladı. Bildirdi ki, qeyri-neft sektorunun ölkənin təbii resursları və iqtisadi amilləri nəzərə alınmaqla, dərindən tədqiq edilməsi, onun potensialının obyektiv qiymətləndirilməsi zərurəti diqqəti cəlb edir. Bu proseslərdə strateji vəzifələrdən biri də müasir dövrdə Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının dərin təhlilinin aparılması, adekvat meyarlar çərçivəsində bu sahənin imkanlarının müəyyənləşdirilməsi, ixrac potensialından istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətlərinin aşkar edilməsidir: "Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq edilməsi də məhz bu məqsədi daşıyır. Sözügedən strategiyada keyfiyyət infrastrukturu sahələrinin inkişafına yeni yanaşma Azərbaycan məhsullarının dünya bazarlarına çıxışı üçün etibarlı təminat yaradır. Sənayedə qeyri-neft sektorunun payının artırılması, iqtisadi diversifikasiyası və inkişafı hazırda Azərbaycan üçün prioritet təşkil edir”.
F.Talıblı vurğuladı ki, rəqabətqabilliyyətli, ixracyönümlü məhsulların istehsalını sürətləndirmək üçün beynəlxalq standartların Azərbaycanda tətbiqi də vacib məsələlərdən hesab olunur. Bu gün ölkədə qüvvədə olan 941 milli standartın 41%-i beynəlxalq standartlara uyğunlaşdırılıb.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli fərmanı ilə xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, eləcə də "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı qaydalar artıq təsdiqlənib. Burada "Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılan qeyri-neft məhsullarının keyfiyyət və qiymət sarıdan rəqabətqabiliyyətli olması qarşıda əsas məqsəd kimi dayanır. Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Prezidentin 16 mart 2016-cı il tarixli sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiq edilməsi də məhz bu məqsədi daşıyır. Sözügedən strategiyada keyfiyyət infrastrukturu sahələrinin inkişafına yeni yanaşma Azərbaycan məhsullarının dünya bazarlarına çıxışı üçün etibarlı təminat yaradır.
Xəyalə Rəis
Yazı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim olunur
banner

Oxşar Xəbərlər