• cümə, 19 Aprel, 07:17
  • Baku Bakı 13°C

Azərbaycanın qaz ehtiyatları “Şahdəniz”lə yekunlaşmır

20.12.13 10:09 2327
Azərbaycanın qaz ehtiyatları “Şahdəniz”lə yekunlaşmır
Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirilib. Mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev “Şahdəniz-2”ni dünyanın ən iri enerji layihəsi kimi qiymətləndirib. Qeyd edib ki, bu, enerji təhlükəsizliyi, şaxələndirilməsi olmaqla yanaşı, tarixi layihəyə cəlb olunmuş şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıq sazişidir. Sözügedən layihənin Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyəti, əldə edəcəyimiz gəlir, ölkənin qaz ehtiyatı potensialı və sair məsələlərə dair “Kaspi”nin suallarını millət vəkili, iqtisadçı-ekspert Əli Məsimli cavablandırır.
- Əli müəllim, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan üçün nə qədər əhəmiyyətlidir?
- Bu sənədin imzalanması Azərbaycan tarixinin çox mühüm bir səhifəsidir. Energetika tarixində gələcəyə hesablanmış olduqca əhəmiyyətli hadisədir. Bunu təqribən, 1994-cü ildə neft üzrə imzalanmış “Əsrin müqaviləsi” ilə müqayisə etmək olar. Ümumiyyətlə, bir neçə cəhətdən bu layihə qiymətlidir. Hər şeydən öncə bu, çox irihəcmli layihədir, geopolitik və strateji xarakter daşıyır. Bununla yanaşı, sosial, iqtisadi-siyasi baxımdan da önəmlidir. Azərbaycan bütün bunların dvidentini əldə edəcək. “Şahdəniz-2” layihəsi Azərbaycan kimi dövlətlərin müstəqilliyinə real məzmun verilməsi istiqamətində indiyə qədər görülən işlərin daha etibarlı davamıdır. Eyni zamanda Azərbaycan Avropanın bir nömrəli problemi sayılan enerji təhlükəsizliyində öz çəkisini artıracaq, proseslərdə çox önəmli oyunçu kimi çıxış edəcək. Digər tərəfdən, bu layihə Xəzər dənizinin o tayında olan enerji resurslarının da Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması prosesinin gecikdirilməsinə son qoyacaq. İndiyə qədər Qazaxıstan nefti Azərbaycan üzərindən Avropa bazarına çıxarıldığı kimi, bu layihə vasitəsilə Türkmənistan qazının da eyni yolla xaricə çıxarılmasının aktuallığını artıracaq. Belə demək mümkünsə, enerji daşıyıcılarının Avropa bazarına çıxarılması istiqamətindəki inteqrasiya münasibətləri bir az da dərinləşəcək, genişlənəcəkdir. Bunun ardınca dünya təcrübəsində prioritet təşkil edən insanların, kapitalın, ideyaların sərbəst hərəkəti istiqamətində də mühüm addımlar atılacaq. Əgər bu layihə üçün indiyə qədər 3 milyard dollar istifadə olunubsa, getdikcə xərclər daha da artacaqsa, bu, sifariş münasibətləri baxımından da əhəmiyyətlidir. Bu vəsaitin xeyli hissəsi neft-qaz infrastrukturları ilə bağlıdırsa, deməli, kəmər sisteminin şaxələnməsinə yönələn addımlar da atılacaq. Bu zaman həm kəmər çəkən sahələrlə bağlı əhalinin güzəranına müsbət təsir göstərəcək, həm də yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Bir müddətdən sonra həmin layihələrdən mənfəət gələn zaman isə Azərbaycan bilavasitə valyuta ehtiyatlarını artıracaq. Bu da ölkənin iqtisadi qalxınmasına və əhalinin güzəranının yaxşılaşmasına xidmət edəcək.
- Azərbaycanın bu layihədən təxminən nə qədər gəlir götürəcəyi proqnozlaşdırılır?
- “Şahdəniz-2”, TANAP, TAP dünyanın enerji layihələri kimi qiymətləndirilir. Bu layihələrin reallaşması üçün 45 milyard dollar investisiyanın qoyulacağı, dəhliz boyunca 30 min yeni iş yerinin açılacağı proqnozlaşdırılır. Lakin konkret olaraq Azərbaycanın “Şahdəniz-2” layihəsindən nə qədər gəlir götürəcəyini indiki mərhələdə proqnozlaşdırmaq çətindir. Bu barədə hər hansı rəqəm səsləndirilmir.
- Rusiya da Avropaya qaz ixrac edir və bəzi məqamlarda bu imkanlardan yararlanaraq təzyiq siyasətinə də əl atır. Azərbaycanın da Avropa bazarına çıxışı, rəqibə çevrilməsi rəsmi Kremlin narahatçılığına, ölkəmizə qarşı təzyiqinə səbəb olmayacaq ki?
- Əgər “Əsrin müqaviləsi” bağlanma ərəfəsində olan hadisələri xatırlasaq, belə bir ehtimalı düşünmək olar. Lakin onu nəzərə almaq lazımdır ki, indiki Azərbaycan 1990-cı illərin əvvəlindəki ölkə deyil. Artıq Azərbaycanın yaradıla biləcək təxribatların neytrallaşdırılması istiqamətində kifayət qədər təcrübəsi var. Azərbaycan regionun ən güclü dövlətlərindən biri kimi dünyada tanınır. Bu mənada bizim istənilən təxribatın, təzyiqin qarşısının alınması üçün imkanlarımız genişdir.
- Azərbaycanın qaz ehtiyatları “Şahdəniz-2” layihəsinin işlənməsinə bəs edəcəkmi?
- Nəzərə alaq ki, “Şahdəniz-1”dən haradasa 8,6 milyard kubmetr qaz hasil olunurdu. “Şahdəniz-2”nin istismara verilməsi bunun üzərinə 16 milyard kubmetr qazın əlavə olunmasına gətirib çıxaracaq, kəmərlərin gücü indikindən daha çox olacaq. Əslində 16 milyard kubmetr də son rəqəm deyil. Rəqəmlər prosesin gedişində arta bilər. Neft və qaz üzrə Xəzərin karbohidrogen ehtiyatlarına diqqət yetirib hesablamalar aparsaq, görərik ki, 18-20 milyard ton neft, təqribən minimal rəqəmlə 20 trilyon kubmetrə qədər qaz var. Xəzərin karbohidrogen ehtiyatlarından 5 milyard ton neft, 5 trilyon kubmetr qaz ölkəmizin payına düşür. “Şahdəniz”də isə 1,2 trilyon kubmetr qaz var. Deməli, Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz”lə yekunlaşmır. Ola bilsin gələcəkdə “Şahdəniz 1-2”nin ardınca “Şahdəniz-3” gələcək, Türkmənistan qazının Azərbaycan üzərindən Avropa bazarına ötürülməsi reallaşacaq. Ona görə də vaxtilə Bakı-Tbilisi-Ceyhan kəmərinin neftlə doldurulmasını mümkünsüz sayanların ideyası necə puç oldusa, “Şahdəniz-2” layihəsi barədə bədbin proqnozlar verənlərin də ehtimalları elə o cür özünü doğrultmayacaq.
- Sizin də bayaq qeyd etdiyiniz kimi, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması iqtisadi olmaqla yanaşı, həm də siyasi hadisə sayılır. Bu mənada sözügedən layihə Azərbaycanın regiondakı siyasi mövqeyinə necə təsir edəcək?
- Öncə onu qeyd etmək lazımdır ki, “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. Yatağın işlənməsinin birinci mərhələsində, yəni 2006-cı ildən başlayaraq Gürcüstan və Türkiyəyə qazın ixrac edilməsinə başlanılıb. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur. “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət edəcək. Bu layihə eyni zamanda Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına da təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Beləliklə, 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. Kəmərin keçdiyi yerlərə nəzər salsaq görərik ki, ilk növbədə bu ərazilər Gürcüstan və Türkiyəyə aiddir. Hər iki dövlətlə Azərbaycan strateji müttəfiqdir. Bayaq qeyd elədiyim kimi, bu layihənin reallaşması strateji münasibətləri daha da möhkəmlədəcək. Strateji əməkdaşlığın yeni mərhələsinə başlanılacaq. Bunun davamı olaraq Yunanıstan, İtaliya və digər Avropa ölkələri ilə əlaqələrimiz daha da möhkəmlənəcək. Bəzən deyirlər ki, belə iri iqtisadi layihələr Azərbaycanı regionda lider dövlətə çevirəcək. Əslində isə Azərbaycan hər zaman regionda lider olmalıdır. Sadəcə, müstəqilliyimizə qədər biz sərvətlərimizdən özümüz istifadə edə bilməmişik. Hər il bir neçə milyard dollar vəsait qardaş adlandırdığımız ölkələrə çatıb. Sonda da qardaş adlandırdığımız bir dövlət böyük qardaşın köməkliyi ilə ərazimizin 20 faizini işğal edib. İndi isə vəziyyət tamam başqadır. Azərbaycan müstəqil şəkildə öz sərvətlərindən istifadə edir, ondan əldə etdiyi gəliri xalqın rifahına, dövlətçiliyin möhkəmlənməsinə, milli maraqların müdafiəsinə xərcləyir.
- Bu layihə Dağlıq Qarabağ probleminin dinc yolla həllində Azərbaycana hər hansı əlavə üstünlük gətirəcəkmi?
- 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” müstəqil dövlət kimi bizə edilən təzyiqlərin azalmasına gətirib çıxardı. İndiki “Şahdəniz-2” və digər bu kimi layihələrin reallaşması müqabilində, təbii ki, beynəlxalq aləmdən bizim də umacağımız var. Necə ki, bütün çətinliklərə baxmayaraq biz 1994-cü ildə “Əsrin müqaviləsi”ni, 2013-cü ildə isə “Şahdəniz-2” üzrə yekun investisiya qərarını imzaladıq, gələcəkdə də bu istiqamətdə etibarlı tərəfdaş kimi addımlayacağıq. Bu layihələrdə Azərbaycanın istəkləri, səyləri nəzərə alınır, maliyyə vəsaiti xərclənir. Biz fikirdə, sözdə, əməldə Avropanın bir nömrəli problemi sayılan enerji təhlükəsizliyinin etibarlılığının artırılmasında fəal iştirak edirik. Bu baxımdan bizim mənəvi haqqımız var tələb edək ki, Avropa, Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin, eləcə də Avropa strukturlarının münaqişə ilə bağlı qətnamələrinin reallaşması istiqamətində addımlar atsınlar. Hansı ki, bu qətnamələrdə zəbt edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması işğalçı Ermənistandan tələb olunur. Bu, beynəlxalq hüququn prinsiplərinə tam uyğun yanaşmadır. Qərb və Avropa dövlətləri heç olmasa özlərinin imzaladığı sənədlərə hörmətlə yanaşmalı, Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, ərazi bütövlüyümüzün təmin olunmasında real addımlar atsınlar. Hadisəyə praqmatik yanaşsınlar. Biz onlardan bundan fərqli heç nə istəmirik. Bir milyona yaxın qaçqın və məcburi köçkünümüzün olmasına, 20 faiz ərazimizin işğal olunmasına rəğmən, biz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırıq. Avropanı şantaj edən Rusiya qazın verilişini 10-20 faiz azaldan kimi oradakı ölkələr yaman günə qalır. Əgər Azərbaycan sayəsində bu problem aradan qalxırsa, bunun müqabilində Qərb və Avropa ölkələri də ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında bizə dəstək olmalıdırlar. İkili standartlardan əl çəkib onlar da fikirdə, sözdə, əməldə bir olmalı, beynəlxalq hüquq normalarına tabelik nümayiş etdirməlidirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər