AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaması aktuallaşır

Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaması aktuallaşır

Siyasət
18 Sentyabr 2020, 19:14 976
Politoloqların fikrincə, ölkəmizin Türkiyə ilə birgə antiterror əməliyyatı keçirməsinə ciddi əsaslar var
 
Ermənistanın Cənubi Qafqaz bölgəsində hərbi-siyasi vəziyyəti gərginləşdirmək üçün atdığı addımlar açıq şəkildə özünü göstərməyə başlayıb. Rusiyanın dəstəyi ilə silah arsenalını genişləndirməyə çalışan Ermənistan indi də canlı qüvvə kimi terrorçuları, başqa ölkələrdə yaşayan erməniləri Dağlıq Qarabağ və ətraf rayonlara cəlb edir. Hətta bu günlər "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev media vasitəsilə bəyan etdi ki, Livandan köçürülən erməni ailəsi Şuşadakı evlərində məskunlaşdırılıb.
Digər məlumatlara görə isə, Livanla yanaşı, artıq Suriyadan, İraqdan da erməni ailələri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülür. Təhlükəli məqamlardan biri isə odur ki, Qarabağa ASALA və PKK terrorçuları yerləşdirilir. Bütün bunlar isə Azərbaycanın antiterror əməliyyatına başlamasına və işğal altındakı torpaqları azad etməsinə hüquqi şərait yaradır. Bəs görəsən Azərbaycan indiki halda antiterror əməliyyatına başlaya bilərmi və bu halda Türkiyənin dəstək verməsi mümkündürmü?     
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məskunlaşma siyasəti aparması, hətta terrorçu qrupların köçürülməsi çox ciddi və həssas məsələdir: "Azərbaycan illərdir bildirir ki, Dağlıq Qarabağda terrorçu yuvası qurulub. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət bütün bu kimi məsələləri qulaqardına vurur. Bəzi qüvvələr Cənubi Qafqazın terrorçu yuvasına çevrilməsində maraqlı olduğundan, bölgəyə qarşı laqeydliyin şahidi oluruq. Bu günlərdə Türkiyənin "Cümhuriyət” qəzeti PKK-çıların bölgəyə yerləşdirilməsindən yazdı. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, ermənilərin ASALA və PKK terror qrupları bu gün Dağlıq Qarabağdadır. Əslində bu, iki terror təşkilatı arasında münasibətlər ilk deyil. İlk dəfə olaraq, 1979-cu ildə Livanda ASALA və PKK terror təşkilatları birləşiblər. Bundan sonra 1990-cı ildən başlayaraq ASALA fəaliyyətini PKK ilə birləşdirərək Türkiyə və Azərbaycana qarşı terror planları həyata keçirməyə başlayıb. Ən son isə 2019-cu il aprelin 24-də Suriyada PYD-YPG və PKK-nın tərkibində erməni batalyonu yaradılıb. Təbii ki, onların ən böyük "düşməni” Türkiyədir, amma ermənilər də Azərbaycan qarşı "mübarizə” aparır. Hər bir halda bu məsələlər Azərbaycanla Türkiyə arasında hərbi-strateji müttəfiqliyi daha da aktual edir. Digər tərəfdən isə, Azərbaycana şans və hüquq verir ki, öz torpaqlarında antiterror əməliyyatı aparsın. Ümumiyyətlə, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün bir neçə hüququ var. Birincisi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq və BMT Nizamnaməsinin 51-ci maddəsini icra edərək Azərbaycan öz torpaqlarından xarici hərbi qüvvələrin çıxarılmasına başlaya və bununla da ərazi bərpası hüququndan istifadə edə bilər. İkincisi isə, öz ərazisində antiterror əməliyyatı aparmaq və terrorçulardan təmizləmək hüququdur. Təbii ki, bu iki əhəmiyyətli vəziyyət Azərbaycana bir hüquq verir və bunu bütün dünya ictimaiyyəti bilməlidir. Ermənistan da anlamalıdır ki, bu gün bölgədə müharibə başlayarsa, bunun günahkarı onların özü olacaq. Son iki ay ərzində regionda ciddi şəkildə geosiyasi çağırışlar baş verməkdədir. Bu geosiyasi çağırışlar bundan əvvəlki vəziyyətdən fərqlənir. Bu da ondan ibarətdir ki, Azərbaycan xarici siyasətinə bir qədər dəyişikliklər edib”.
Z.Məmmədov qeyd etdi ki, Azərbaycanın başlayacağı antiterror əməliyyatlarına Türkiyənin dəstək verməsi mümkün olacaq: "Türkiyə rəsmiləri də bunu bir neçə dəfə qeyd ediblər. Əgər Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, təbii ki, Türkiyənin də bu müharibəyə qoşulma şansı var. Əgər Ermənistanın arxasında Rusiya Azərbaycana qarşı vuruşacaqsa, o zaman bizim də yanımızda Türkiyə, Pakistan kimi güclər olacaq. Ümumiyyətlə, Türkiyənin mübarizəyə qoşulması həm də faktiki olaraq ABŞ-ın və digər NATO üzvlərinin Cənubi Qafqaza gəlişi deməkdir. Təəssüflər olsun ki, Rusiya vasitəsilə regionda qeyri-sabit hallar baş verməkdədir. Baxmayaraq ki, ATƏT-in həmsədr ölkələri planetar gücə malikdirlər və dünyanın istənilən yerində sabitlik yaratmaq əzmindədirlər. Lakin görürük ki, onlar özlərinin təsir rıçaqlarından Ermənistana qarşı istifadə etmirlər”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan istənilən dövrdə antiterror əməliyyatı keçirə bilər: "Buna bizim tam haqqımız çatır. Çünki Dağlıq Qarabağ və ətraf rayonlar işğal altındadır, BMT-nin 4 qətnaməsi də yerinə yetirilmir. Eyni zamanda Ermənistan ATƏT-in Minsk qrupunun hazırladığı mərhələli həll planını qəbul etmir. Bütün bunların üzərinə Livan ermənilərinin, bu ölkədə fəaliyyət göstərən ASALA terror təşkilatının üzvlərinin, o cümlədən PKK terrorçularının Qarabağa köçürülməsini gəldikdə, Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsi daha da aktuallaşır. PKK terrorçuları niyə Qarabağa doğru istiqamət alıblar? Çünki Türkiyə ordusu, hərbi hava qüvvələri və pilotsuz uçuş aparatları İraq və Suriya ərazisində PKK-çılara qarşı uğurlu hərbi əməliyyatlar keçirir. Ona görə də terrorçular özlərinə təhlükəsiz məkan axtarırlar. PKK-çılar da belə təhlükəsiz məkan kimi Dağlıq Qarabağı seçirlər. Bu, Ermənistan hakimiyyətinin də maraqlarına xidmət edir, çünki onlara əlavə qüvvə, muzdlular lazımdır. Ona görə də ermənilər onları Qarabağa istiqamətləndirirlər”.
E.Şahinoğlu vurğuladı ki, Azərbaycan mövcud vəziyyəti qiymətləndirərək Türkiyə ilə hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırmalıdır: "Necə ki Türkiyə PKK-çıları Suriya və İraq ərazisində təqib edir, eyni ilə Dağlıq Qarabağ ərazisində də təqib edə bilər. Bu mənada da Azərbaycanın Türkiyə ilə birgə antiterror əməliyyatı keçirməsi aktuallaşır. Bu nəinki mümkündür, hətta vacibdir. Əgər PKK-çıların Dağlıq Qarabağda yerləşməsi faktları təsdiqlənərsə, bu bizim üçün böyük təhlükə mənbəyinə çevrilə bilər. Çünki terrorçular boş dayanmayacaqlar, onlar həm yerli separatçılara təlim keçəcəklər, həm də Azərbaycanı hədəf götürə bilərlər. Bu baxımdan hesab edirəm ki, biz artıq Türkiyə ilə təmasa başlamalıyıq”.
 
BƏXTİYAR