• cümə axşamı, 25 aprel, 11:44
  • Baku Bakı 14°C

Azərbaycanın növbəti uğuru

13.05.17 10:30 1020
Azərbaycanın növbəti uğuru
Azərbaycan növbəti dəfə beynəlxalq idman yarışına ev sahibliyi edir. Belə ki, Bakı ilk dəfə olaraq IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bundan əvvəl isə Azərbaycan 2015-ci il iyunun 12-də dünya tarixində bir ilkə imza ataraq Birinci Avropa Oyunlarının təşkilatçısı kimi tarixə düşüb. Uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışın keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Heç şübhəsiz ki, bu oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.

On gün davam edəcək bu mötəbər yarışların Azərbaycana bütün istiqamətlərdə dividentlər gətirəcəyi şübhəsizdir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili Sahib Alıyev bildirib ki, bir qayda olaraq dünyanın aparıcı, inkişaf etmiş dövlətləri həm də idman ölkəsi kimi tanınır: "Eyni zamanda, indiyədək belə yarışlar daha çox məhz inkişaf etmiş dövlətlərin ərazilərində təşkil olunub. Heç kəsə sirr deyil ki, Prezident İlham Əliyev hələ Azərbaycanın Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başladığı gündən Azərbaycanın idman dövlətinə çevrilməsi yönündə olduqca mühüm addımlar atılıb. Artıq Azərbaycan da dünyada idman dövləti kimi tanınır. Beynəlxalq idman tədbirlərinin keçirilməsinin əhəmiyyəti həm də ondadır ki, Azərbaycanın inkişaf etmiş dövlət olduğunu ortaya qotur. Həm də dövlətimizin beynəlxalq yarışlar üçün lazım olan yüksək səviyyəli infrastrukturu mövcuddur. Təbii ki, ölkəmizin idman dövləti olduğunu təkcə beynəlxalq yarışlara ev sahibliyi etməklə mövcud infrastrukturun olması ilə bitmir. Bilirsiniz ki, son olimpiadalarda bir-birinin ardınca və digər beynəlxalq idman yarışlarında Azərbaycan idmançıları çox böyük uğur qazanırlar. Heç uzağa getmədən deyə bilərik ki, sonuncu Yay Olimpiya Oyunlarında Azərbaycan müsəlman dövlətləri arasında qazandığı medalların sayına görə birinci yerdə idi. Halbuki əhalisinin sayı bizdən 30 dəfə çox olan müsəlman dövlətləri də var. Böyük dövlətçilik, eləcə də idman ənənəsi olan müsəlman ölkələri də var. Bunlara rəğmən, birinci yerdə məhz Azərbaycan oldu. Eyni zamanda, Avropa dövlətləri içərisində də Azərbaycan öndə olan yerlərdən birini tuturdu”.

S.Alıyev əlavə edib ki, Bakıda keçirilən İlk Avropa Oyunlarda da Azərbaycan uğurlu nəticə qazandı və komanda hesabında yığmamız ikinci yeri tutdu: "Yenə də insan resurslarını, ənənəni və sair nəzərə alsaq, görərik ki, Azərbaycanın bu qalibiyyəti dolğun və fantastik uğur idi. Düşünürəm ki, IV İslam Həmrəyliyi Oyunlarında da biz bir daha idman dövləti olduğumuzu sübut edəcək, artıq aparıcı ölkələrlə yan-yana dayanmaq qüdrətinə çatdığımızı nümayiş etdirəcəyik. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi cənab prezidentin də vurğuladığı kimi, sadəcə idman tədbiri deyil, bu, İslam dövlətləri arasında həmrəyliyin artmasına yönəlmiş bir tədbirdir. Digər tərəfdən də hər bir ölkənin imicinin formalaşmasında 3 element əsasdır. Birincisi, "ölkənin özü necədir?”, ikincisi, "ölkə özünü necə təqdim edir?” və sonuncu isə "ölkə haqqında nə düşünürlər?”. Belə idman yarışları nəticəsində Azərbaycan özünü daha geniş təqdim edə bilir, Azərbaycan reallıqları, birbaşa təmasda meydana çıxır ki, bu da ölkəmizin müsbət imic potensialının artmasında mühüm rol oynayır”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, beynəlxalq idman yarışları ölkənin imicinin formalaşması üçün çox əhəmiyyətlidir: "Müstəqilliyinin qısa bir müddətdə formalaşdıran xalq və dövlət üçün IV İslam Həmrəyliyi Oyunları özünü tanıtma baxımından çox əlverişli bir fürsətdir. Həm də idman yarışı burada iştirak edən İslam ölkələri ilə münasibətlərimizin inkişafı deməkdir. Sabah hansısa siyasi problemlərimiz olanda həmin ölkələrlə yaranmış əməkdaşlıq münasibətləri bizə müəyyən məsələlərdə fayda da gətirə bilər. Ona görə də bu yarışlar təkcə idman deyil, həm də siyasi və mədəni xarakterli nəticələri var. Bu baxımdan, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsbət bir hadisədir. Bundan doğru istifadə etməyimiz Azərbaycanın beynəlxalq siyasətindəki mövqelərinə müsbət təsir edə bilər”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər