Azərbaycanın növbəti böyük uğuru: Qoşulmama Hərəkatı Zirvə Görüşü
Bakıda keçirilən toplantıda Ermənistan işğalçı dövlət kimi tanındı
Qoşulmama Hərəkatının
yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında
əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan
Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq
təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir
dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük
prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə
İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib. Azərbaycan
2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə
edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Ölkəmiz Hərəkatın müxtəlif
səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv dövlətlərlə ikitərəfli
münasibətlərini sıxlaşdırmaqla, onun məqsəd və prinsiplərinə öz töhfəsini
verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində
məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub.
Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair
proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə
ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.
Oktyabrın 25-26-da Bakıda
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə
Görüşü keçirilib. Beynəlxalq əhəmiyyətli tədbirə ümumilikdə 60-a yaxın ölkənin
dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri
qatılıb. Tədbirin ilk günündə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil
verilib. Bununla da Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına
sədrlik etməsi imkanı yaranıb. Ümumilikdə isə iki gün davam edən Zirvə
Görüşündə 4 yekun sənəd qəbul olunub. Qəbul edilmiş sənədlərdə dövlət və
hökumət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT
Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından
təəssüf hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, bu münaqişə
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı
əsasında həll olunmalıdır. Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd
daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin
zəbt edilməsinin yolverilməzliyini vurğulayıb və təsdiq ediblər ki, heç bir
dövlət Azərbaycanın ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin
qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla,
bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada
bilavasitə işğalçı ifadəsindən istifadə olunub. Bu isə Ermənistanın növbəti
dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.
Prezident İlham Əliyevin
Zirvə Görüşündəki çıxışı ilə üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi,
Azərbaycan reallıqları barədə məlumatlılığı bir qədər də artıb. Ölkə rəhbəri
qeyd edib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş
dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və
qeyd-şərtsiz çıxarılması tələb olunub. Lakin təəssüf ki, həmin qətnamələr bu
günə qədər yerinə yetirilməyib. Təhlükəsizlik Şurasının qətnamələrinin bəzən
bir neçə günün içində icra edilməsinə diqqət çəkən dövlət başçısı söyləyib ki,
Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə qəbul olunmuş qətnamələrin tələbi
26 ildir kağız üzərində qalıb. O, bu ikili standartlar siyasətinə son
qoyulmasının zəruriliyini vurğulayıb.
Prezident İlham Əliyev
deyib ki, Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə
sadiqdir. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis
edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verdiyini diqqətə
çatdırıb. Bildirib ki, ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi
rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir: "Dünyada
200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün
Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan
hörmətin göstəricisidir. ...Azərbaycan demokratiya, insan hüquqları və
azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz
fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq
Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququq
verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq.
Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün
fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin
olunur”.
Ümumiləşdirsək, Qoşulmama
Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini gücləndirib. Yekunda
qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa
etməsi səylərinə ciddi dəstək ifadə olunub: "Biz, dövlət və hökumət başçıları
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi
ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı
səyləri ilə həmrəyliyimizi ifadə edirik”.
Mövzu ilə bağlı fikirlərini
"Kaspi” qəzetinə açıqlayan Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv
ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə uğurla ev
sahibliyi etməsi və növbəti üç il ərzində BMT-dən sonra öz sıralarında dünyanın
ən çox ölkəsini birləşdirən bu təşkilata sədrliyi öz üzərinə götürməsi
ölkəmizin tarixi bir uğurudur. Deputat S.Seyidov qeyd edib ki, Azərbaycanın Zirvə
toplantısına bu cür uğurla ev sahibliyi etməsi işğalçı Ermənistana böyük
zərbədir. Komitə sədrinin sözlərinə görə, Qoşulmama Hərəkatının Zirvə Görüşündə
müzakirə edilən məsələlər sonradan BMT-də qaldırılır ki, bununla da Azərbaycan
Ermənistanın işğalçı siyasətini bir daha beynəlxalq tribunadan ifşa etmiş olur.
Millət vəkili deyib ki, faktiki olaraq, Bakıda keçirilən Zirvə Görüşündə
Qoşulmama Hərəkatına üzv olan bütün ölkələr Ermənistanı işğalçı ölkə kimi
tanıyıblar: "Yer kürəsində yaşayan insanların 50 faizindən çoxu Qoşulmama
Hərəkatının üzv ölkələrində yaşayır. Ona görə də, Azərbaycanın növbəti 3 il
müddətində bu təşkilata rəhbərlik etməsi mühüm əhəmiyyət kəsb edir. Birincisi,
belə bir böyük təşkilata sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun, ölkəmizə olan etimadın artmasının daha bir göstəricisidir.
Digər tərəfdən, təşkilata daxil olan dövlətlərin hamısının Azərbaycanın ərazi
bütövlüyünü, sərhədlərinin toxunulmazılığını dəstəkləməsi, Azərbaycanın qaçqın
və məcburi köçkünlərinin öz tarixi torpaqlarına qayıtmasının vacibliyini
vurğulaması, Azərbaycanın dünyada artan nüfuzunu təsdiq etməsi özü-özlüyündə
tarixi bir faktdır. Zirvə Görüşünün nəticəsi kimi qəbul edilən sənədləri
Azərbaycanın ciddi diplomatik uğuru hesab etmək olar”.
Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü
Elman Məmmədov deyib ki, Qoşulmama Hərəkatının ölkəmizdə
keçirilən Zirvə Görüşünün yekun sənədinə ilk dəfə olaraq mühüm yeni bənd daxil
edilməsi, bu bənddə dövlət və hökumət başçılarının güc yolu ilə ərazilərin zəbt
edilməsinin yolverilməzliyini vurğulaması çox böyük uğurdur. Deputat qeyd edib
ki, Prezident İlham Əliyev Zirvə Görüşündə hər zaman olduğu kimi geniş və
dəqiqliklə erməni işğalçılıq siyasətini, onların iç üzlərini dünyaya növbəti
dəfə bəyan edib: "Sammit ümumilikdə Azərbaycanın münaqişə ilə bağlı ədalətli
mövqeyini gücləndirib. Dövlət başçısı çıxışında cəsarət və qətiyyətlə BMT-nin
Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin icra
edilmədiyini, sənədlərin yalnız kağız üzərində qaldığını vurğuladı. Ölkə
başçısı bəzi sənədlərin mürəkkəbi qurumamış BMT tərəfindən icra edildiyini
diqqətə çatdıraraq, ikili yanaşmaya toxundu. Bu, çox mühüm məqam idi. Nəzərə
almaq lazımdır ki, Zirvə görüşündə BMT-nin, eləcə də digər təşkilatların
nümayəndələri də iştirak edirdi. Bu fikirləri dövlət başçısı onların qarşısında
qətiyyətlə bir daha səsləndirdi”.
E.Məmmədov vurğulayıb ki, Zirvə Görüşündə qəbul edilmiş sənədlər
Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması
sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir: "120 dövlət
tərəfindən Ermənistanın növbəti dəfə işğalçı kimi tanınması, ölkəmizin ərazi
bütövlüyünün dəstəklənməsi Azərbaycanın bu illər ərzində topladığı hüquqi
dəstəkçilərin sayının daha da artması deməkdir. Azərbaycan istənilən vaxt öz
hərbi gücündən istifadə edərək, ərazilərimizdə anti-terror əməliyyatları adı
altında hərbi əməliyyatlar keçirə bilər. Artıq bizim əlimizdə BMT-dən başlamış,
NATO, ATƏT, Avropa Şurası, İƏT, Avropa İttifaqı, eləcə də Qoşulmama Hərəkatının
üzvlərinin hüquqi sənədi var. Bu ölkəmizin növbəti uğuru olmaqla, Azərbaycanın
inkişafının, beynəlxalq nüfuzunun gündən-günə yüksəlməsindən və Prezident İlham
Əliyevin siyasi iradəsindən, qətiyyətindən, gücündən, apardığı xarici siyasətin
doğruluğundan yaranan nailiyyətdir”.
Rufik
İSMAYILOV