• cümə, 29 Mart, 19:15
  • Baku Bakı 14°C

Azərbaycanın müdafiə sistemi daha da təkmilləşdirilir

22.11.16 15:36 1764
Azərbaycanın müdafiə sistemi daha da təkmilləşdirilir
Müstəqilliyinin 25 ili tamam olan Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət, bütün sahələri əhatə edən islahatlar ölkənin qısa zamanda hərtərəfli inkişafına səbəb olub. Baxmayaraq ki, müstəqilliyin ilk illərindən ölkə ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, əhalimizin 1 milyondan artığı qaçqın və məcburi köçkünə çevrilib, hətta bu da inkişaf tempinin qarşısına sədd çəkə bilməyib. Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi və həyata keçirdiyi, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiya nəticəsində milli sərvətlərdən, mövcud resurslardan səmərəli istifadə olunub, "qara qızılın” insan kapitalına çevrilməsi prosesi baş verib. Bütün bunların sayəsində isə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı təmin olunub, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artıb. Hazırda Cənubi Qafqaz ölkələrinin müasir geosiyasi xarakteristikası, inkişaf meyilləri və perspektivlərini müəyyənləşdirən parametrlərə əsasən, Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur.

Qeyd olunanları statistik rəqəmlərlə ifadə etsək, 2015-ci ildə Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi 75 milyard ABŞ dollarından çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşüb. Cənubi Qafqazda sənaye məhsulları üzrə 20 milyard ABŞ dolları dəyərində ümumi istehsalın 80 faizi də Azərbaycana məxsusdur. Ötən il bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard ABŞ dolları məbləğində kapital qoyulub ki, onun da 19,5 milyard dolları (72 faizi) Azərbaycana aid olub. Bu məbləğin 10,7 milyard dolları xarici kapital olub. Özünütəminat əmsalına görə də Azərbaycan öz təhlükəsizliyini bir çox sahələrdə tam, yaxud qismən təmin edib. Beləliklə, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisəolunmazdır. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər.

Genişmiqyaslı islahatlardan, müxtəlif istiqamətlərdəki inkişafdan söhbət açarkən, müharibə şəraitində yaşayan Azərbaycanın ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirləri də qeyd etmək gərəkdir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun bu günlərdə AMEA Rəyasət Heyətinin iclasında vurğuladığı kimi, Azərbaycan ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə Cənubi Qafqazda həm Gürcüstandan, həm də Ermənistandan qat-qatirəlidədir. Ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları təşkil edibsə, hər il böyük həcmdə artmaqla, 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları həcmində olub.

Professor Əli Həsənovun söylədiklərinə onu da əlavə edək ki, 2016-cı ildə Azərbaycanın hərbi xərcləri 3 milyard manata yaxın olub. 2017-ci ilin dövlət büdcəsində isə müdafiə xərcləri nisbətən az göstərilsə də sonradan 15-dək istiqamət üzrə 1.7 milyard manata yaxın bölmə, köməkçi bölmə və paraqraf üzrə xərclər azaldılaraq, 2 funksional istiqamət üzrə xərclər həmin həcmdə artırılıb. Artırılan xərclərin böyük hissəsi müdafiə sektoruna aid olub. Beləliklə də gələn il üçün müdafiə xərcləri 1 milyard 26 milyon 732 min 804 manat və ya 63,5 faiz artırılaraq, 2 milyard 642 milyon 92 min 672 manat səviyyəsində proqnozlaşdırılıb. Bu da ümumi büdcə xərclərinin 16,5 faizini təşkil edir. Təbii ki, bütün bunlara səbəb ölkənin müharibə şəraitində yaşaması, ərazisinin 20 faizdən çoxunun hələ də işğal altında olmasıdır. Hər il dövlət büdcəsində ordu quruculuğu üçün ayrılan vəsait Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsinə imkan verir. Hərbi xərclərin hər il artırılması ordu quruculuğu prosesini sürətləndirməklə bərabər, Silahlı Qüvvələrin maddi-texniki bazasının modernləşdirilməsi fonunda ölkənin müdafiə sistemini daha da təkmilləşdirir. Məhz bunun nəticəsidir ki, Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür.

Beynəlxalq media qurumları da Azərbaycanın ordu quruculuğu sahəsinə ayırdığı vəsaitə diqqət çəkir. ABŞ-ın nüfuzlu "Bloomberg” agentliyi apardığı qiymətləndirməyə əsasən yazıb ki, Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Agentlik Azərbaycanın illik hərbi büdcəsinin Ermənistanın bütün dövlət büdcəsini üstələdiyini qeyd edib. Vurğulanıb ki, Ermənistan "İskəndər” raket kompleksləri aldığı halda, Azərbaycan da İsraildən "Kamikadze” PUA-ları alır, nüvə silahına malik Pakistanla yüksək texnoloji silah növlərinin alınmasına dair danışıqlar aparır.

Prezidentin köməkçisinin səsləndirdiyi rəqəmlərdən, xarici və yerli media təşkilatların qeydlərindən də göründüyü kimi, Azərbaycan hər il ordu quruculuğu sahəsinə böyük məbləğdə pul ayırır. Yazıda bir qədər əvvəl də qeyd etdiyimiz kimi, bunun başlıca səbəbi Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal altında saxlanması, müharibə şəraitində yaşamağımızdır. Heç şübhəsiz ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və bu istiqamətdə aparılan diplomatik danışıqların nəticə verəcəyinə ümidini itirməyib. Ona görə də səbir və təmkin nümayiş etdirilir, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə danışıqlarda fəal iştirak edir. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan xalqının bu dözümü, səbri tükənməz deyil. Əgər işğalçı Ermənistan sülh danışıqlarında nümayiş etdirdiyi qeyri-konstruktivlikdən, işğalçılıq siyasətindən əl çəkməzsə, Azərbaycan hərbi yolla öz suverenliyini bərpa etməyə, ərazilərini işğaldan azad etməyə başlayacaq. Ölkəmizdə gedən ordu quruculuğu, hər il yeni silahların alınmasına ayrılan vəsait də bu məqsədə xidmət edir. Son aprel döyüşləri isə onu deməyə əsas verir ki, düşmən nəticə çıxarmayacağı təqdirdə, başlanacaq müharibədə Azərbaycan Silahlı Qüvvələri qələbəni qısa müddətdə təmin edəcək.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər