Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi lider
"60-70-ci
illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana
birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə
çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı
alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin
qarşısının alınmasının təşkilatçısıyam”.
Heydər
ƏLİYEV
Ümummilli
lider
50
il əvvəl – 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi
ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi,
həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər
Azərbaycanın intibah dövrü kimi tarixə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin müdrik
rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına
1969–1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilmişdir. XX
əsrin 70–80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni
inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir
tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz ümummilli
liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Ulu öndər çox bacarıqlı, son
dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi bir sıra çətin və
mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş
etdirmişdir. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli
mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılmış və bu nailiyyətlər
o vaxt hakimiyyətdə olan ümummilli liderin rəhbərliyi və prinsipiallığı
nəticəsində mümkün olmuşdur.
Bu baxımdan xalqımızın ümummilli lideri
Heydər Əliyev 1969-cu ilin 14 iyulunda bu millətin və dövlətin taleyinə, eləcə
də tarixinə qüdrətli xilaskar rəhbər kimi daxil olaraq öz quruculuq
tədbirləri ilə şərəfli bir tarix yazdı. Bu şərəfli tarixdə, 1969–1982-ci
illərdə bütün sahələrdə əldə edilən yüksəlişdə Azərbaycan KP MK-nın 1969-cu il
5 avqust tarixli plenumu böyük bir proqram sənədi olmaqla mühüm əhəmiyyətə
malikdir.
Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə
söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun
oyanışını şərtləndirdi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin Azərbaycana
sovet dövründə rəhbərliyi zamanı (1969–1982) Qarabağa çox böyük diqqət və qayğı
göstərmiş, Azərbaycan milli maraqlarını hər zaman uca tutmuşdur. Bu dövrdə onun
qətiyyəti sayəsində erməni iddiaları hər zaman iflasa uğramışdır.
XX əsrin 60-cı illərinin ortalarında
Ermənistan SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa
başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma "erməni soyqırımı”nın 50
illiyi, quldur Andronikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də
təntənəli surətdə qeyd edildi. Ulu öndər hələ Dövlət Təhlükəsizliyi Komitəsinin
(DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı
dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da
gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət
etmişdir. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin
saxtalaşdırılaraq uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi
bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin
yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınmasının
təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə
erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi
idi.
Sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına
əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın
tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini
gözəl bilirdi. Bir fakta diqqət edək. Heydər Əliyev 1967-ci il iyun ayının
26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova məktubunda yazırdı ki,
iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni
dilində8 x 9 santimetr ölçüdə 300 vərəqə
yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan
SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü.
Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də
digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və
təqsirkarlar ciddi cəzalandırılmışdır. Həmin ildə təkcə Dağlıq Qarabağda
1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə
vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.
1967-ci ilin əvvəllərində erməni
millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən Dağlıq Qarabağda
milliyyətcə erməni olan şəxs qətlə yetirilmişdi. Planın ikinci mərhələsinə
uyğun olaraq xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütlə bu ölüm
hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi kinoteatrın zalına girərək
şübhəli şəxs kimi həmin prosesdə dindirilən 2 azərbaycanlını zorla
mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürmüşdülər.
Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq
maşını ilə birlikdə yandırılmışdı. Burada əsas məqsəd hadisələri qızışdırıb
milli zəmində qarşıdurma törətmək, nəticədə azərbaycanlıların bütün Qarabağ
ərazisindən köçürülməsini və ərazinin Ermənistana birləşdirilməsinin təməlini
qoymaq idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının, xüsusilə ümummilli
liderin çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə
alınmışdı. İşin istintaqınıHeydər Əliyev şəxsən öz nəzarətinə götürmüşdü. Hətta bu məqsədlə Xankəndiyə
gedərək15 gün orada qalmışdı.
Hələ 1969-cu ildən, yəni Heydər Əliyev
hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi
əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX
əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi
məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə
Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə
qarışaraq DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün
ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar.
SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti
1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min
hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il
mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.
Ulu öndər Heydər Əliyev 1969-cu il
iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi
və həmin qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən
üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək
prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı.
Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq,
Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.
Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin
mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun
oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü
şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl, Qarabağ tarixini,
mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu
məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi
kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına
çox böyük qayğı göstərirdi. Ümummilli lider Şuşaya zəngin tarixi abidə,
Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin bilavasitə
təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə
1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il
qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri
bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana
kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Şuşa Ümumittifaq səviyyəli
kurort şəhərinə çevrildi.
Ümummilli lider Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi
cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni
millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və
təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin
çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb
edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran
Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji
əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Ağdam
– Xankəndi dəmiryolu çəkildi. 1979-cu il yanvarın 12-də həmin yol ümummilli
liderin iştirakı ilə istifadəyə verildi. Həmin dəmiryolu xətti ilə muxtar
vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi
yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin,
Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox
birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi.
Dəmiryolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan
xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə
xüsusi göstəriş verdi. Ulu öndər, eyni zamanda, Şuşada aparılan
tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının
klassikləri M.P.Vaqifin və Xurşudbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə
tanış olmuşdu.
Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi
görüşdə ümummilli lider tövsiyə edərək demişdi: "Şuşa abidələr şəhəridir.
Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa
etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa
şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.
Həmin illərdə Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha
da artmış və geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan
şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə
tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında, soyuqda
ümummilli lider Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun
M.P.Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli
gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini
bir daha göstərməklə bağlı idi. Əslində bu, məqbərə eyni zamanda, gözəl
memarlıq abidəsi idi.
Heydər Əliyev abidənin tikintisini
böyük, əlamətdar hadisə hesab edirdi. Ona görə də açılışa gedərkən yanında elm,
mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı
ilə ümummilli lider ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə
istiqamətləndirir, vilayətə tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.
Ümummilli liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq,
onun Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər
zamanı Heydər Əliyev Şuşada "Poeziya evi”ni açaraq, Vaqif poeziya günlərində
iştirak etdi. Bununla yanaşı, ulu öndər Üzeyir bəy Hacıbəyovun və Bülbülün
Şuşadakı ev- muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına
dair tövsiyələrini vermişdi.
Bu tarixi səfər zamanı Şuşadakı
abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafıq göstərişlər
verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi.
Ümummilli liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini
dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər
tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının
vacibliyinə olan nümunə idi. Ulu öndər erməni millətçilərinin ona müxtəlif
böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını
qorumağı da tövsiyə etmişdi. Ümummilli liderin həmin gün Şuşada şəhər
ictimiyyəti ilə keçirilən görüşləri hər bir şuşalının yaddaşında unudulmaz iz
qoymuş və bu gün də xatirələrdə yaşayır.
Bununla yanaşı, o dövrdə Heydər
Əliyevin göstərişi ilə Dağlıq Qarabağda, xüsusilə Şuşada yaşamış digər elm və
mədəniyyət xadimlərinin də xatirəsi əbədiləşdirildi. 1982-ci il avqustun 2-də
Şuşada şairə Xurşudbanu Natəvana abidə qoyuldu. Nəticədə, məhz ümummilli
liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın
azərbaycanlılar yaşayan digər məntəqələrinin siması əsaslı şəkildə dəyişdi,
yeni iş yerləri açıldı, yerli əhalinin milli ruhu daha da yüksəldi.
Bundan əlavə, Heydər Əliyevin göstərişi
ilə Xankəndidə (Stepanakertdə) Pedaqoji İnstitutun açılması və orada Azərbaycan
bölməsinin yaradılması azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin
olunması, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali
təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait
yaratmışdı.
Ümummilli lider təkcə Yuxarı Qarabağın
deyil, bütövlükdə Qarabağın inkişafına diqqət yetirir, bununla da əhalinin
həyat səviyyəsini yaxşılaşdırır və özünə inamını gücləndirirdi. Belə ki,
Azərbaycan KP MK bürosunun hələ, 1974-cü il avqustun 6-da keçirilən
iclasında Laçın şəhərinin 50 illiyinin qeyd edilməsi qərara alınmış və yubiley
tədbiri böyük təntənə ilə keçirilmişdi. Bununla yanaşı, büronun 1979-cu
il dekabrın 5-dəki iclasında Laçında tarix-diyarşünaslıq muzeyinin
yaradılması barədə qərar qəbul edilmişdi.
Həmin dövrdə Heydər Əliyevin Dağlıq Qarabağda həyata keçirdiyi genişmiqyaslı
quruculuq işləri nəticəsində orada yaşayan azərbaycanlıların sayının
artırılması başlıca yerlərdən birini tuturdu. Ümummilli lider ermənilərin
əsassız iddialarını rədd edərək Dağlıq Qarabağın milli diyara çevrilməsindən
ötrü qətiyyətli addımlar atmış və ulu öndərin bu sahədə ən böyük xidmətlərindən
biri vilayətdə demoqrafyia sahəsində azərbaycanlıların inkişafına səbəb
olmuşdur.
Lakin ermənilər öz çirkin
niyyətlərindən əl çəkmirdilər. 1970-ci illərdə də ermənilər Dağlıq Qarabağ
məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı
qətiyyətlə alınmışdı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən
Ermənistan SSR rəhbərliyi erməni millətçilərinin təhriki ilə yenidən Azərbaycan
SSR-in DQMV-nin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ
mərkəzi hökumətinə müraciət etmişdi.
1977-ci il noyabrın 23-də keçmiş SSRİ
Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi
ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan
SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli
sürülmüşdü. Məsələdən xəbər tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin
qarşısını almaq üçün qəti addımlar atmışdır. Bu məqsədlə Heydər Əliyevin
tapşırığı ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi
Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız
olduğu haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri
L.İ.Brejnevə təqdim olunmuşdu. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində
ermənilərin həmin niyyəti baş tutmamışdır. Ümumiyyətlə, Heydər Əliyevin
qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərini çox
narahat etmiş və onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi
bir maneə olmuşdur.
XX əsrin 80-ci illərinin ortalarından
etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində
antiazərbaycan, antitürk təbliğatı daha da güclənməyə başladı. Bu proses
M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci
ilin əvvəlində Ermənistan KP MK birinci katibi K.Dəmirçyan Sov. İKP MK-nın
Siyasi Bürosuna qondarma "erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel
tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət
etmiş, Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də,
Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə
qarşılaşmışdır.
Həmin dövrdə Ermənistanda da Azərbaycan
əleyhinə geniş təbliğat-təşviqat işləri aparılırdı. Qondarma erməni tarixçiləri
tərəfindən Qarabağın tarixi saxtalaşdırılaraq "erməni torpaqları” olması barədə
dərsliklər və məqalələr, qədim Azərbaycan ərazilərinin Ermənistana
birləşdirilməsi barədə Moskvaya ardı-arası kəsilməyən məktublar, müraciətlər
yazılırdı. Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış
Z.Balayanın Yerevanda "Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan
və SSRİ məkanında geniş yayılan "Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq
Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.
1985-ci il fevralın 21-də Ermənistan KP
MK-nın sovet rəhbərliyinə 24 aprel gününün "Soyqırımı qurbanlarının xatirə
günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun
iclasının gündəliyinə daxil edildi. Həmin il iyunun 20-də SSRİ Nazirlər Soveti
"1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının
davam etdirilməsi haqqında” qərar qəbul etdi. Həmin qərarın yerinə yetirilməsi
nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu sayda erməni köçürüldü. Onlar
özləri ilə qatı erməni millətçiliyi gətirərək azərbaycanlılara qarşı
düşmənçiliyi qızışdırır və bu istiqamətdə təbliğat aparırdılar. Dekabr ayında
isə "Daşnaksütyun” partiyasının Afinada keçirilən XXII qurultayı "Böyük
Ermənistan” uğrunda mübarizəni yenidən genişləndirmək haqqında qərar qəbul
etdi.
1986-cı ilin fevral ayında Azərbaycanın
Dağlıq Qarabağ Muxtar Vilayətində SSRİ-də irəli sürülən "aşkarlıq” və
"demokratiya” ideyalarından istifadə edilərək Xankəndidə tarix və mədəniyyət
abidələrini qoruyan "Krunk” adlı təşkilat yaradıldı. 1987-ci ilin iyun-iyul
aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana
birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar.
Ayrı-ayrı adamların Moskvaya yazdıqları məktublar artıq bu dövrdə müxtəlif
kollektivlərdən imzalar toplanması kompaniyasına çevrildi və ərazi iddialarının
yeni mərhələsinin təməli qoyuldu. İlin ikinci yarısında Yerevandan müntəzəm
olaraq Xankəndinə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi
imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana
birləşmək ideyasını təbliğ edirdilər.
Həmin il oktyabrın 21-də Sov.İKP MK
Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər
Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra
Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri
A.Aqanbekyan Parisdə "İnterkontinental” hotelində müsahibəsində DQMV-nin
Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ
üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Oktyabr ayında Yerevanda
Puşkin adına parkda "Qarabağ” komitəsinin ilk mitinqi təşkil olundu ki, bu da
ermənilərin ərazi iddialarının həyata keçirilməsi yolunda atılan ilk addım
oldu. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə
"L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair
ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.
1988-ci ildə Ermənistan Azərbaycana qarşı
ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı.
1988-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7
rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Tarixi hadisələrin sonrakı gedişi də
sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər sonralar
Azərbaycanın milli dövlətçilik ideyalarının aparıcı qüvvəyə çevrilməsi və
cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. 1993-cü ilin
ikinci yarısında ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan
sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və
ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.
Ulu öndər özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm
və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi
qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki
təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi
dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq
informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursu
həyata keçirmək üçün, hər şeydən əvvəl, müharibə dayandırılmalı və dinc şərait
təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə
nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində
sabitlik yolunda atılan addımlar sayəsində yeni siyasi kursun ardıcıllıqla
həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.
Bununla yanaşı, ümummilli lider Heydər
Əliyev siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri
tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və
təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə
siyasi-hüquqi qiymət verilmişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara
qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər
Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların
Soyqırımı Günü elan edilmişdir. Bununla yanaşı, "1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından
kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidenti
1997-ci il 18 dekabr tarixli Fərman vermişdir. Bu fərmanlar azərbaycanlılara
qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə,
soyqırımı və işğalçılıq siyasətinin hərtərəfli tədqiq edilməsi, bu cinayətlərə
hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması
baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyevin siyasi
kursunu uğurla davam etdirən, Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Prezident İlham Əliyev
bu məsələdə respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün
tutur. Dövlətimizin başçısı bütün görüşlərdə münaqişənin dinc
vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirir, beynəlxalq
təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edir.
Bununla yanaşı, Azərbaycan Prezidenti
Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək xalqımızın öz
torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda,
hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Dövlətimizin
başçısı İlham Əliyevin dəfələrlə "Azərbaycanın ərazi bütövlüyü danışıqların
mövzusu deyil, olmayıb və olmayacaqdır” fikrini irəli sürməsi ölkəmizin milli
mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına
ümidləri daha da artırır. Əminik ki, ümummilli liderin siyasi kursunu
uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək
və hamımız üçün müqəddəs olan üçrəngli bayrağımız doğma Qarabağımızda, Şuşada,
Xankəndidə yenidən dalğalanacaq.
Elçin Əhmədov,
Azərbaycan
Respublikasının Prezidenti yanındaDövlət İdarəçilik Akademiyasının professoru,
siyasi elmlər doktoru,"Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsininAzərbaycanlı
İcması” İctimai Birliyinin sədr müavini