Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün prioritet bazarlar hansılardır?
Neftin qiymətinin 3-4 dəfə azaldığı bir dövrdə əsas
gəlirləri neftdən asılı olan ölkələr bir sıra çətinliklərlə rastlaşdılar. Təbii
ki, proseslərin fonunda Azərbaycanda da bir sıra problemlər yaşandı. Lakin məhz bu amil ölkəmizin post-neft
dövründə digər imkanlarından səmərəli inkişafına əlverişli şərait yaratmış
oldu. Belə ki, ötən ilin dekabr ayında dövlət başçısı tərəfindən imzalanan
strateji "yol xəritələri”ndə iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına
dair tədbirlər planı hazırlandı. Bunlardan biri də məhz aqrar sahənin inkişafı
üçün nəzərdə tutulub. Təbii şəraitdə yetişdirilən kənd təsərrüfatı məhsullarımız
son illər ərzində bir çox dünya ölkələrinin diqqətini cəlb etməkdədir. İldən ilə
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artacaq. İstehsalla
yanaşı, bazar da axtarmaq vacibdir. Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün
prioritet bazarlar hansılardır? Məhsullarımızı daha hansı bazarlara ixrac etmək
imkanlarımız var? Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
Daha müasir
texnologiyadan istifadə etməklə, intensiv istehsalı təmin etmək mümkün
olarsa...
İqtisadçı Rəşad
Həsənov deyir
ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları dünyanın bir çox ölkələrinə ixrac
oluna bilər: "Hazırda qlobal ərzaq bazarında mühüm problemlərdən biri də məhz
geni modifikasiya olunmuş məhsulların geniş yayılmasıdır. Azərbaycanda aqrar
sferada innovasiyanın zəif tətbiq edilməsi, eyni zamanda, modifikasiyaya meylliliyin
aşağı olması, məhsullarımızın dünya
bazarlarında bir çox kənd təsərrüfatı məhsulları ilə rəqabətdə üstün olmasına gətirib
çıxarır. Bu baxımdan, Azərbaycan məhsullarının
keçmiş SSRİ ölkələri, Orta
Asiya, Rusiya və Ukrayna bazarlarına da
ixracatı mümkündür. Eyni zamanda, digər ölkələrə, xüsusilə bu günlərdə ölkəmizlə əməkdaşlıq etməyə meylli olan yaxın
Şərq və Ərəb ölkələri bazarlarına da
ixrac mümkündür. Belə ki, Ərəb ölkələrinin təbii coğrafi şəraiti
bazarlarda kənd təsərrüfatı məhsullarının
ciddi çatışmazlığına səbəb olur. Belə bir şəraitdə həmin ölkələrlə ən
müxtəlif formada əməkdaşlıq, məhsul ixrac etmək üçün münbit şərait yaranır”.
İqtisadçı qeyd etdi ki, bununla yanaşı elə məhsullarımız var ki, onlarla bağlı
araşdırmalar və nəticələrin modelləşdirilməsi aparılır: "İlkin nəticələrə əsaslanıb deyə bilərəm ki, Avropa bazarlarında da müəyyən
məhsullarımız - məsələn, xurma, fındıq, nar, üzüm və s. təbii müqayisədə üstünlüyə malikdir. Lakin bu məhsulların istehsalı, son istehlakçıya təqdim edilməsi,
onun Avropa bazarlarına çıxarılması və digər lazımi prosedurlara əməl olunması
kimi məsələlər hələlik öz həllini tapmayıb. Eyni zamanda, hasilatın və istehsalın artırılması məsələsi də gündəmdədir.
Aparılan araşdırmalar nəticəsində müqayisəli üstünlüyə malik sahə kimi qiymətləndirilsə
də, Azərbaycanda kənd təsərrüfatının
gücü bir o qədər də böyük deyil. Ölkə iqtisadiyyatında bu sahənin payı altı faizdir. Həmçinin daxili
bazarların strukturuna da nəzər salsaq, görərik ki, bir çox hallarda yerli
istehlak məhsulları, söhbət kənd təsərrüfatı məhsullarından gedir ki, idxal hesabına təmin olunur. Belə bir şəraitdə
biz çox da böyük sektorlu bazarlardan danışa bilmirik. Çünki bizim istehsal
gücümüz zəifdir. Azərbaycanda aqrar sektorda daha çox ekstensiv inkişaf modelinə
üstünlük verilir. Aqrar sahədə bəzi
keçmiş ənənələr təəssüf ki, hələ
qalmaqdadır. Bu baxımdan, əgər kənd təsərrüfatının
daha müasir texnologiyadan istifadə etməklə, intensiv istehsalını təmin etmək
mümkün olarsa, təbii ki, bazarların diversifikasiyası və məhsulların rəqabətinin artırılması
haqqında da düşünməyə dəyər”.
R.Həsənov deyir ki, Azərbaycanlı fermerləri narahat
edən bəzi məqamlar var: "Vahid bazarlardan asılılıq bir çox hallarda neqativ təsirlərlə
müşahidə edilir. Məsələn, dəfələrlə müşahidə etmişik ki, Rusiya ilə Azərbaycan
arasında müşahidə edilən hər hansı kiçik siyasi anlaşılmazlıq belə son nəticədə iqtisadi sferaya təsir edir. Heç
bir əsas gətirilmədən azərbaycanlı fermerlərin məhsulları günlərlə, aylarla, həftələrlə
saxlanılır və xarab olur. Fermer də bir
il ərzindəki fəaliyyətini aparıb bazarda satışını reallaşdıra bilmədiyindən növbəti dövrlərdə öz fəaliyyət prosesini təmin
edə bilmir. Belə bir halda bu kimi hallar təbii ki, iş prosesində problemlər
yaradır. Bu baxımdan strateji "yol xəritələri”ndə əslində diversifikasiyanın
tövsiyə edilməsi, hədəflərin müəyyənləşdirilməsi normal qəbul ediləndir. Amma
ilk növbədə daha çox yerli istehsalın inkişafının həcminin artmasına nail
olmalıyıq ki, bu da əsas parametrlərdən və hədəflərdən biri hesab edilir”.
Emal sənayesinin yaradılması da çox vacibdir
İqtisadçı
ekpert Qadir İbrahimli açıqlamasında
bildirdi ki, Azərbaycanın aqrar məhsullarının
bir sıra dünya bazarlarına çıxış
imkanları var: " Burada söhbət təkcə Rusiya bazarlarından getmir. Lakin keçmiş MDB ölkələrinə məhsul ixracı bir o qədər
də sərfəli deyil. Çünki həmin bazarların özü bu məhsullarla zəngindir. Yaxşı
olar ki, məhsul bazarlara xammal şəklində yox, ilkin emal formasında ixrac edilsin. Məsələn, meyvə-tərəvəz əvəzinə
meyvə-tərəvəzin konserv məhsulları buna misal ola bilər. Əgər belə olarsa, Azərbaycanın
kənd təsərrüfatı məhsullarının ixracat imkanlarını artırmaq olar. Lakin söhbət
təkcə xammal ixracatından gedirsə, hesab edirəm ki, bu bir o qədər də
perspektivli deyil. Avropa bazarlarına gəldikdə isə deyə bilərəm ki, hələlik Azərbaycanın
kənd təsərrüfatı məhsulları həmin bazarların tələb etdiyi standartlara cavab
vermir”.
İqtisadçı deyir ki, keyfiyyətli məhsul istehsal etməklə daxili tələbat ödənilməlidir. Yalnız
bundan sonra ixracat haqqında düşünə bilərik: "Hesab edirəm ki, Azərbaycanın kənd
təsərrüfatı məhsulları hələlik keyfiyyət baxımından xarici bazarlarda rəqabətə
davamlı deyil. Rəqabət qabiliyyətini artırmaq üçün böyük bir aqrar proqram
olmalıdır. Fermerlərin müəyyən güzəştlər və subsidiyalar tətbiq edilməlidir.
Əsas məsələ aqrar sektorda rəqabət mühitinin yaradılmasıdır. Həmçinin, emal sənayesinin yaradılması da çox vacibdir. Emal sənayesi
olmadan kənd təsərrüfatını inkişaf etdirmək və xarici bazarlara çıxmaq mümkün
deyil. Çünki emal müəssisələri kənd təsərrüfatı məhsullarını satış bazarı
rolunu oynaya bilər. Fermer bilməlidir ki, onun istehsal etdiyi məhsul əlində
qalmayacaq. Əgər sözügedən emal müəssisələri
yaradılarsa, bu amil aqrar sektorun inkişafında stimul ola bilər”.
Şəbnəm
Mehdizadə