Azərbaycanın iqtisadiyyat naziri Çin iş adamları ilə görüşüb
İqtisadiyyat
naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Çin iş adamlarından ibarət
nümayəndə heyətini qəbul edib. İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, görüşdə nazir
Şahin Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla
inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin, imzalanan sənədlərin ölkələrimiz
arasında əlaqələrin genişlənməsində mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafında iş adamlarının fəaliyyəti
xüsusilə önəmlidir. Hazırda Azərbaycanda Çin kapitalına əsaslanan 77 şirkət
fəaliyyət göstərir. Bu şirkətlər neft-qaz sektoru ilə yanaşı, qeyri-neft
sahəsində də uğurlu layihələr həyata keçirirlər. Diqqətə çatdırılıb ki,
Azərbaycanda fəaliyyət göstərən sement zavodları Çin şirkətləri tərəfindən
tikilib.
Azərbaycan-Çin
ikitərəfli əməkdaşlığının inkişafında ticarət əlaqələrinin əhəmiyyətini qeyd
edən Şahin Mustafayev bu ilin 9 ayında Azərbaycan və Çin arasında ticarət
dövriyyəsinin 56% artdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Çinlə
əlaqələrin daha da inkişafında maraqlıdır və energetika, nəqliyyat, tranzit
yükdaşımaları, investisiya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük
potensial var. Nazir Şahin Mustafayev Çin şirkətlərini fəal əməkdaşlığa dəvət
edib.
Çinin "CNPC” şirkətinin İdarə Heyətinin üzvü Vanq Şihonq
Azərbaycan-Çin siyasi-iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd
edib, təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Vanq Şihonq Azərbaycanda Qaz Emalı və
Kimya Kompleksinin yaradılması layihəsindən danışaraq, 2016-cı ildə "CNPC” şirkəti ilə SOCAR arasında Anlaşma
Memorandumunun imzalandığını və layihənin uğurla reallaşdırılacağına əminliyini
vurğulayıb. Bildirilib ki, "CNPC” şirkəti
Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Görüşdə Çin
şirkətlərinin azərbaycanlı həmkarları ilə əlaqələrinin genişləndirilməsi imkanları
barədə müzakirələr aparılıb.