• şənbə, 20 Aprel, 19:41
  • Baku Bakı 24°C

Azərbaycanın iqtisadi artımı 5%-ə çatıb

19.07.13 10:03 1493
Azərbaycanın iqtisadi artımı 5%-ə çatıb
Bu ilin birinci yarısında Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0% artaraq 27,2 mlrd. manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi 3,7% artaraq 2 936,3 manat (3 741,9 ABŞ dolları) təşkil edib.
«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata əsasən, ÜDM-in 63,9%i istehsal sahələrində, o cümlədən 48,6%-i sənayedə, 10,9%-i tikintidə, 4,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,6%-i isə xidmət sahələrinin payına düşüb.
Xidmət sektorunda əlavə dəyər istehsalının 25,0%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,5%-i nəqliyyat və anbar təsərrüfatı, 7,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7%-i informasiya və rabitə xidmətləri göstərən sahələr, 43,4%-i isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5%-ni təşkil edib.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9% artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 49,3%-dən 54,3%-dək yüksəlib. Ümumi daxili məhsulun 45,7%-i neft-qaz sektorunun payına düşüb və əvvəlki ilə nisbətən 0,7% azalıb.
Bu ilin altı ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 35,5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 21,1%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1%, informasiya və rabitə xidmətlərində 7,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,4%, nəqliyyat və anbar təsərrüfatında 3,8%, sosial və digər xidmət sahələrində 3,0% artıb.
banner

Oxşar Xəbərlər