Azərbaycanın İKT tətbiqi BTİ-nin “Çempion layihə” mükafatına layiq görülüb - Fotolar
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının
(BTİ) Cenevrə şəhərində keçirilən "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti
2017” (WSIS) forumunda təmsil olunur.
Tədbirdə nazir müavini Elmir Vəlizadənin rəhbərlik
etdiyi 8 nəfərlik Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar, Əmək və Sosial Müdafiə nazirliklərinin, Azərbaycan
İnternet Cəmiyyətinin və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki
bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təmsilçiləri
daxildir.
Forum informasiya cəmiyyətinin inkişafı üzrə müsbət
təcrübələrin bölüşdürlməsinə, biliklərin yayılmasına, əməkdaşlığın genişlənməsinə,
qabaqcıl inkişaf meyllərinin müəyyənləşdirilməsinə xidmət edir.
İyunun 13-də Forumun rəsmi açılışı baş tutub.
Plenar hissədə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haolin Zao,
BMT-nin digər sahəvi təşkilatlarının rəsmiləri çıxış edib.
Yüksək səviyyəli müzakirələrdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Samit çərçivəsində "İnformasiya Cəmiyyəti üzrə
Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsinin qalibləri də
mükafatlandırılıb. Belə ki, BTİ tərəfindən cari ilin 30 mart -30 aprel
tarixlərində elan edilən müsabiqəyə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın
ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları tərəfindən elektron sistemlərə
dair layihələr təqdim olunub. Müsabiqədə iştirak edən 345 layihədən 143-ü dövlət sektoruna, 77-si
biznes sektoruna, 56-sı vətəndaş cəmiyyətinə və s. aid olub.
Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə
əsasında keçirilən müsabiqə 90 "Çempion layihə” seçilib. Azərbaycandan təqdim
olunan layihələrdən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi
də "İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5
layihədən biri olub və "Çempion layihə”lər sırasında yer alıb.
Mükafat Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinə təqdim olunub.
Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi
sahəsində ilk dəfə olaraq BTİ-nin mükafatına layiq görülüb.
Qeyd edək ki, 3 ilə yaxındır ki, tətbiq edilən,
Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi Nəqliyyat, Rabitə
və Yüksək Texnologiylar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu
"Elektron hökumət” portalı üzərindən təqdim olunur. Hazırda xidmət portalda ən
çox istifadə olunan xidmətlərdən biridir. Belə ki, 450 elektron xidməti özündə
əhatə edən "E-hökumət” portalına ötən dövrdə 47,2 milyona yaxın müraciət qeydə
alınıb ki, onlardan 7 milyona yaxını və ya 14,6 faizi məhz Əmək Müqaviləsi
Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.
Forum öz işini iyunun 16-dək davam etdirəcəkdir.
Forumda Nazirlər toplantısının, çoxsaylı yüksək səviyyəli müzakirələrin və təqdimatların
keçirilməsi planlaşdırılır. Azərbaycan nümayəndə heyətinin bu tədbirlərdə fəal
iştirakı nəzərdə tutulur.