• cümə, 29 Mart, 04:30
  • Baku Bakı 7°C

Azərbaycanın əsas ticarət tərəfdaşı - FOTOLAR

09.04.21 18:45 1500
Azərbaycanın əsas ticarət tərəfdaşı - FOTOLAR
Ötən 30 ildə Avropa İttifaqı ölkəmizə 20 milyard dollardan çox sərmayə yatırıb

Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki,ölkəmiz 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Azərbaycanla Aİ arasında ilkin əlaqələr yaradılıb. Avropa Komissiyasının (AK) Müstəqil Dövlətlər Birliyinə (MDB) yardım (TASİS proqramı) göstərməsi ilə münasibətlərin təməli atılıb. Amma bu əlaqələrin hüquqi əsası ulu öndər Heydər Əliyevin zamanında qoyulub. Tərəflər arasında 22 aprel 1996-cı il tarixdə Lüksemburqda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) imzalanıb və 1 iyul 1999-cu ildən qüvvəyə minib. Bu sənəd Aİ ilə hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edib və formatını müəyyənləşdirib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan etibarən Aİ ilə ölkəmiz arasında münasibətlər tamamilə yeni müstəviyə keçib. Mövcud münasibətlər daha da inkişaf etdirilərək ortaq dəyərlərə və məqsədlərə əsaslanan yaxın, dinamik tərəfdaşlığa çevrilib. Bu gün Azərbaycanla Aİ arasında siyasi dialoq, insan hüquqları, təhlükəsizlik, mədəniyyət, iqtisadi inkişaf və şaxələnmə, ticarət, nəqliyyat və ətraf mühit kimi geniş spektrli sahələri əhatə edən əməkdaşlıq əlaqələri mövcuddur.

Münasibətlərə yeni format əlavə edilib

Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsündə iştirak edir. Məlumat üçün qeyd edək ki, ŞT təşəbbüsü Azərbaycan Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixdə Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Şərqi Avropa Qonşuluq Siyasəti (AQS) ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edib. 3 dekabr 2008-ci il tarixdə ŞT təşəbbüsü üzrə Məlumat Sənədi və onu müşayiət edən İşçi Sənəd Avropa Komissiyası (AK) tərəfindən Avropa Parlamentinə və Aİ-nin dövlət və hökumət Başçılarının Şurasına təqdim olunub. Bu iki sənəd ŞT-yə dair AK-nin mövqeyi və təkliflərini əks etdirərək, AQS çərçivəsində Aİ-nin Şərq tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edib.ŞT Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutub.
Avropa İttifaqı siyasətlərinə yaxınlaşma
Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə, yeni, Assosiasiya Sazişlərinin imzalanmasını, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə, onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılmasını, həmçinin vizaların tədricən liberallaşdırılmasını, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsini və sair planlaşdırıb. ŞT həmçinin Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərə yeni format əlavə edib. Çoxtərəfli format tərəfdaş ölkələr arasında əlaqələri təşviq edərək, islahatlar sahəsində tərəfdaş ölkələrin həyata keçirdikləri tədbirlər üzrə məlumat və təcrübə mübadiləsinin və ŞT-nin gələcək inkişafına dair müzakirələrin aparılması üçün forum kimi nəzərdə tutulub. Bu format çərçivəsində ŞT-yə daxil olan ölkələrin dövlət və hökumət başçılarının hər iki ildən bir görüşü, hər il Aİ üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici işlər nazirlərinin illik iclası keçirilib. Əməkdaşlığın əsas sahələrinə uyğun olaraq, demokratiya, yaxşı idarəçilik və sabitlik, iqtisadi inteqrasiya və Aİ siyasətlərinə yaxınlaşma, enerji təhlükəsizliyi, insanlar arasında təmaslar kimi tematik platformalar yaradılıb.


Brüsseldə razılaşdırılan tərəfdaşlıq prioritetləri

Bu platformalar çərçivəsində Azərbaycanla-Aİ arasında qarşılıqlı və bərabərhüquqlu maraqlara xidmət edən münasibətlər qurulub. Aİ-Azərbaycan əlaqələrinin inkişafından danışarkən, 2017-ci ilin fevral ayında Prezident İlham Əliyevin Aİ Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərini qeyd etmək vacibdir. Məhz bu səfər çərçivəsində o, Avropa Şurası (AŞ) Parlament Assambleyasının (PA) sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, AK-nin vitse-prezidenti xanım Federika Moqerini, Belçika Kralı Filip, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Aİ Şurasının prezidenti D.Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşüb. Paytaxt Brüsseldə keçirilən görüşlərdə Azərbaycan dövlət başçısı ikitərəfli münbasibətlər, əməkdaşlıq əlaqələrinin perspektivləri, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu və sair məsələlər ətrafında geniş müzakirələr aparıb.
Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd
2018-ci il iyulun 11-də isə Brüsseldə Prezident İlham Əliyev və Aİ Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan və Aİ arasında "Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi keçirilib. Azərbaycan-Aİ tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açan bu sənədin birinci bəndində qeyd edilib ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Aİ-nin mümkün töhfəsini ifadə edib. Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Aİ tərəfindən vurğulanıb. Eyni zamanda, "Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilib. Sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti də vurğulanıb və bu sahədə Aİ-nin Azərbaycanla əməkdaşlığa xüsusi marağı göstərdiyi diqqətə çatdırılıb. Eyni zamanda, paraflanan sənəddə Azərbaycan ilə Aİ arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri əksini tapıb.


Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının gələcəyi
Aİ-Azərbaycan əlaqələrində "Cənub Qaz Dəhlizi” layihəsinin müstəsna əhəmiyyəti var. Bu layihə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Xatırlatmaq yerinə düşər ki, 2019-cu il fevral ayında "Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurasının V iclası Prezident İlham Əliyevin iştirakı ilə məhz Bakıda keçirilib. Bu layihəyə dair tədbirdən sonra Avropa Komissiyasının Büdcə məsələləri və insan resursları üzrə Komissarı Günter Ottinger, Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak kimi rəsmilər Azərbaycana səfər ediblər. Onlar Azərbaycan Prezidenti səviyyəsində qəbul ediliblər. Eyni zamanda, strateji tərəfdaşlıq üzrə sazişə dair danışıqları davam etdirmək üçün Aİ-nin nümayəndə heyəti Azərbaycanda olub, Aİ-Azərbaycan arasında imzalanması planlaşdırılan yeni saziş layihəsi üzrə intensiv danışıqlar aparılıb.2019-cu il mayın 13-də isə Prezident İlham Əliyevin Belçika Krallığına yenidən işgüzar səfəri olub.
Uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək
Səfər çərçivəsində Azərbaycan Prezidenti Belçikalıların Kralı Əlahəzrət Filip, Aİ Şurasının prezidenti Donald Tusk ilə səmərəli görüşlər keçirilib, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan istər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində və istərsə də ikitərəfli formatda Aİ ilə fəal əməkdaşlıq edir. Danışıqlar zamanı tərəflər bir sıra sahələr üzrə əməkdaşlıq prioritetlərini yenidən nəzərdən keçiriblər. 2019-cu il iyulun 9-da isə Aİ Şurasının Prezidenti Donald Tusk ölkəmizə səfərə gəlib. O, Prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək, ardınca işçi lanç çərçivəsində geniş tərkibdə görüş keçirib. Görüşlərdən, aparılan müzakirələrdən sonra Prezident İlham Əliyev və Aİ Şurasının Prezidenti Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev əminliklə vurğulayıb ki, qarşıdakı illərdə Aİ ilə tərəfdaşlığın müsbət məcrada inkişafı davam etdiriləcək və bu, Azərbaycanın maraqlarına xidmət edir. Dövlət başçısı indiyə qədər D.Tuskla çox sayda görüş keçirdiyini diqqətə çatdıraraq, uğurla inkişaf edən Aİ-Azərbaycan əməkdaşlığı ilə bağlı geniş spektrli məsələlərin müzakirə edildiyini söyləyib. Qeyd edib ki, bu, çox sahələri əhatə edir və tərəfdaşlığın yeni səviyyəyə yüksəldilməsinə nail olunub. Aİ-Azərbaycan arasında əməkdaşlığın gələcəyindən söhbət açan Prezident İlham Əliyev deyib ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək.

İqtisadi faktor güclü element kimi
Bu gün Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ticarətimizin təxminən 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik əldə etdiyimiz tarixdən indiyə qədər ötən dövrdə Aİ Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb. Azərbaycan Aİ-yə üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu isə o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Söylənilənlərə əyani bir misal olaraq, Aİ-nin qurucu dövlətlərindən olan İtaliya ilə Azərbaycanın münasibətlərini göstərmək olar. Bu iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi6milyard ABŞ dollarından çoxdur və hazırda İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya1,7milyard ABŞ dolları həcmində investisiya yatırması, uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr, əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və sair sektorlarda İtaliyanın114şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri9,9milyard ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri708milyon ABŞ dolları olan37layihədə podratçı kimi iştirak edirlər. Vətən Müharibəsindən sonrakı dövrdə İtaliya şirkətləri Azərbaycanın işğaldan azad olunmuş yaşayış məntəqələrində geniş vüsət alan quruculuq və abadlıq proseslərinə də cəlb olunublar. Azərbaycan Aİ-yə üzv olan digər dövlətlərlə də münasibətləri bu səviyyəyə çatdırmaqda maraqlıdır. Bütün bu faktlar Aİ-Azərbaycan münasibətlərində iqtisadi faktorun güclü element kimi çıxış etdiyini göstərir.

"Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək"

Hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni sənəd hazırlanır və bu sənəddə əsas müzakirə mövzusu iqtisadi məsələləridir. Nəzərə almalıyıq ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşdır və öz vətəndaşlarının, şirkətlərinin maraqlarını qorumalıdır. Buna görə də, bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılmasına səylər göstərilir. Sözügedən məqam hazırlanan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir. 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxış edən Prezident İlham Əliyev bu məsələyə bir daha diqqət çəkib. O, Azərbaycanın Aİ ilə sıx əlaqələr qurduğunu xatırladıb. Bildirib ki, bərabərhüquqlu saziş üzərində iş gedir və sazişin 90 faizi razılaşdırılıb. Prezidentin sözlərinə görə, yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək və proses yekunlaşdırılacaq: "Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm. "Şərq tərəfdaşlığı” ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya sazişi imzalayıblar... Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək”.

Rufik İSMAYILOV

Məqalə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin jurnalistlər arasında elan etdiyi "Avropa İttifaqı Azərbaycan üçün" yazı müsabiqəsinə təqdim olunur

banner

Oxşar Xəbərlər