• cümə, 29 Mart, 16:15
  • Baku Bakı 14°C

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir

11.12.17 09:40 1644
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir
Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu olmaqla yanaşı, ölkəmizin dünyada tanınmasında misilsiz xidmətlər göstərib. Ulu Öndərin parlaq dühası, geniş dünyagörüşü, görkəmli siyasi xadim kimi nüfuzu sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşaraq, ölkəmizin təbliğində mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 10-da - Beynəlxalq İnsan Hüquqları Günündə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun nəticələrini uşaqlara çatdırmaq üçün təşkil olunan Liderlik Məktəbində səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev çağdaş tariximizdə müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan görkəmli şəxsiyyət, nüfuzlu rəhbər kimi əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti dünya məkanında özünə layiqli yer tutub. Azərbaycanın dünya miqyasında layiq olduğu yeri tutmasında məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi dayanır.
Dahi şəxsiyyətin uzaqgörən strategiyasının onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan ombudsman E.Süleymanova deyib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb. Ombudsman Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində ölkəmizdə uşaq hüquqlarının təmin olunması istiqamətində də mühüm işlərin görüldüyünü qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın uşaqların hüquqlarının qorunmasını, onların yüksək təhsil almalarını, bilik və bacarıqlarının artırılmasını, istedadlı uşaqların üzə çıxarılmasını daim diqqət mərkəzində saxladığı xüsusi vurğulanıb.
Tədbirdə uşaqlarının hüquqlarının müdafiəsi sahəsində ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə ətraflı məlumat verilib, uşaqlar üçün ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı bildirilib. On yeddi ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Liderlik Məktəbi uşaqların iştirakı ilə onların həyatında dönüş yaratmaq, hərtərəfli inkişafına, dünyagörüşlərinin zənginləşməsinə, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarını öyrənmələrinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişmələrinə xidmət edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında bildirib ki, ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və "Liderlik Məktəbi” 15 ildən artıqdır səmərəli fəaliyyət göstərir. Ötən dövrdə məktəbi bitirən 1500-dən artıq uşaq "Gənc Heydərçi” və lider kimi yetişib. Hazırda 17-ci tədris ilində Liderlik Məktəbinə Bakının müxtəlif təhsil müəssisələrinin 100-dək şagirdi könüllü cəlb olunub. Eyni zamanda, 2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizdə ənənəvi olaraq keçirilən Azərbaycan Uşaqlarının Ümumrespublika forumlarında Liderlik Məktəbinin üzvləri də fəal iştirak edirlər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu il Azərbaycanda "Uşaq İli” elan olunub. Uşaqların hüquqlarının müdafiəsi və bu sahədə mövcud vəziyyətin təhlili və öyrənilməsi baxımından cəmiyyətin həssaslığının artırılması məqsədilə, eləcə də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrasına uyğun olaraq, 2009-cu il dekabrın 16-19-da Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu keçirilib. Növbəti Forum 2011-ci il noyabrın 16-da təşkil olunub. 2014-cü il noyabrın 19-da isə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF ilə birgə III Ümumrespublika Forumu keçirilib. Bu il noyabrın 20-də keçirilən IV Forumda daha bir yeniliyə imza atılıb. Belə ki, uşaqlar hökumət nümayəndələri ilə dialoq aparmaq, onlara suallar ünvanlamaq imkanı qazanıblar. Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət, beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb, Forumun Bəyannaməsi qəbul edilib.
Çıxışlardan sonra Liderlik Məktəbinin Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun işində aparıcı, qruplarda moderator və iştirakçı qismində iştirak edən üzvləri rəy və təkliflərini bildirib, onları maraqlandıran suallara cavab alıblar.
banner

Oxşar Xəbərlər